Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşdan 133 min aldı

Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib işə düzəltmə və avtomobilin gömrük rüsumlarını ödəmək adı ilə dələduzluq əməlləri törədən Ağasəf Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzNews.az "Unikal"-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.

Şahid qismində Abbas Kərimov ifadə verib:

"Atamın iş təklif etdiyi şəxs kimi tanıyıram. Atam məni dövlət orqanlarında işləməyimi arzulayırdı. Dayım Qasımov Raufla danışdı və atamı təqsirləndirilən şəxslə tanış etdi. Və bildirdi ki, Ağasəf Quliyevin hüquq mühafizə orqanlarında kifayət qədər tanışlarının olduğunu bildirdi. Daha sonra "50 Qəpik" kafesində görüş oldu və mənə baxaraq bildirdi ki, mən onun çalışdığı hüquq mühafizə orqanına yararlıyam. Bildirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıyam. Buna görə atamdan 100 min manat aldı. Onun əynində polisə xas olan hər hansı bir əşya yox idi".

Təqsirləndirilən şəxs isə şahidin yalan dediyini bildirdi.

Daha sonra sübutların tədqiqinə başlanılıb və məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyunun 18-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan müraciət əsasında 1971-ci il təvəllüdlü Ağasəf Quliyevin əməlləri araşdırılıb.

Müəyyən olunub ki, o, zərərçəkmiş şəxsin oğlunu hüquq-mühafizə orqanlarında mötəbər vəzifəyə təyin etdirəcəyi vədi ilə 108 000 manat, həmçinin xarici ölkədən gətirdiyi avtomobili rəsmiləşdirəcəyi adı ilə həmin vətəndaşdan əlavə 25 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

İşlərinin düzəlmədiyini görən vətəndaşa hər dəfə yalan məlumat verib, saxta telefon danışıqları apararaq işlərin artıq həll olunduğunu, müvafiq yoxlamaların isə hələ davam etdiyini bildirib.

Fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə A.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.