Məqsədlərdən biri QHT sektorunda sağlam rəqabət imkanları yaratmaqdır - Zaur İbrahimli

"Bu gün 2024-cü il üçün Kiçik, Orta və Böyük Qrant Müsabiqələrinin nəticələri açıqlandı. İlk növbədə qalib olan QHT-ləri və onların üzvlərini təbrik edirəm, uğurlar arzulayıram. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş yeni Qaydalara uyğun, yeni formatda, yeni keyfiyyətdə keçirilən Kiçik, Orta və Böyük Qrant Müsabiqəsi tam ədalətli, obyektiv, şəffaf keçirilib.Orta və Böyük Qrant Müsabiqəsinə müraciət edən QHT-lər layihə təkliflərində Maliyyə əsaslandırması sənədi və Məntiqi Cədvəl hazırlayıblar. Ayrılan məbləğlər məhz ciddi maliyyə analizindən sonra müəyyənləşib və subyektiv yanaşmanı deyil, real xərcləri əks etdirir".

AzNews.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli bildirib.

O qeyd edib ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş yeni qaydalara uyğun olaraq QHT-lərə müsabiqədə iştirak üçün iki ay vaxt verilmişdi, həmçinin 3 gün müddətində çatışmazlıqları aradan qaldırmaq imkanı yaradılmışdı.

"Kiçik, Orta və Böyük Qrant Müsabiqəsinə eyni vaxtda müraciət etmək imkanı var idi. Bir neçə dəfə məlumatlandırma sessiyaları keçirilmişdi, bütün suallar cavablandırılmışdı. Ekspertlərin seçimində tam konfidensiallığa riayət edilmiş və hər hansı qeyri-sağlam əlaqələr, sövdələşmələr, kənar təsirlər üçün bütün imkanlar qapadılmışdı. Ekspertlər elektron sistem vasitəsilə qiymətləndirmə apararkən layihə təklifinin hansı QHT-yə məxus olduğunu görməyiblər. Obyektivliyin təmin edilməsi üçün bütün mümkün mexanizmlər tətbiq edilib. Hər bir layihə diqqətlə nəzərdən keçirilib, təhlil edilib və obyektiv qiymətləndirilib. Agentlik bu sınaqan uğurla çıxdı, yeni nümunə yaratdı və bütün suallara cavab verməyə hazırdır. Appelyasya mexanizmi mövcuddur və 10 gün müddətində müraciət etmək mümkündür, bu formal mexanizm deyil və səhvlər, yanlışlıqlar varsa, əlbətdə ki, aradan qaldırılacaq.

Bütün bunlarda əsas məqsəd QHT sektorunun möhtərəm Prezident, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qədəm qoyduğu yeni inkişaf mərhələsinin müəyyənləşdiridyi vəzifələrə uyğun inkişafına nail olmaqdır. Məqsədlərdən biri QHT sektorunda sağlam rəqabət imkanları yaratmaqdır. QHT-lərin layihələrin yazılması və idarəçiliyi sahəsində bilik və bacarıqlarını artırmaqdır, ölkə xaricində səmərəli fəaliyyətə nail olmaqdır, sektora inamı artırmaqdır. Bütün növ dələduzların sektordan uzaqlaşmasına nail olmaqdır. Mərhələ-mərhələ bu məqsədlərə doğru irəliləməkdə qətiyyətliyik, hər hansı şantaj, qarayaxma və s. kimi əməllər hədəfdən yayındıra bilməz".

Xatırladaq ki, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini elan edib.