"Ölkəmizdə gedən quruculuq və abadlıq işləri orada da aparılacaq” "Ölkəmizdə gedən quruculuq və abadlıq işləri orada da aparılacaq”
  • Tribuna
  • 7 Noyabr 2018 10:41
  •  3 799

“Prezidentin Ağdama səfəri düşmənə növbəti ismarıcdır” – Azər Badamov

"Ölkəmizdə gedən quruculuq və abadlıq işləri orada da aparılacaq”

“Ölkə prezidenti cənab İlham Əliyevin Ağdam rayonuna – cəbhə bölgəsinə səfərini çox müsbət dəyərləndirirəm. Dövlətimizin başçısının təmas bölgəsində, ön xəttdə bir sıra açılışlar etməsi çox müsbət haldır. Ölkə başçısının Ağdama səfəri düşmənə növbəti ismarıcdır. Yəni, bu mesajın arxasında bizim hər zaman Dağlıq Qarabağı işğaldan azad etmək fikrimiz və əzmimiz dayanır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Millət vəkilinin sözlərinə görə, ölkə prezidenti səfər çərçivəsində öz ərazi bütövlüyümüzü bərpa edəcəyimizi xatırlatdı. Bu o deməkdir ki, işğaldan azad edilən bölgələrdə olduğu kimi orada da quruculuq-abadlıq işləri görüləcək: “Düşmənə növbəti ismarış ordumuzun gücü ilə 2016-cı ilin aprel döyüşləri zamanı 2 min hektardan artıq ərazinin düşmən tapdağından təmizlənməsi və işğaldan azad edlən ərazilərdə müasir quruculuq işlərini yaratmağımızla bağlı oldu. İndi həmin istiqamətlərdə yaşayış təmin olunub. İnsanlar firavan yaşayır. Ümumiyyətlə, Dağlıq Qarabağ işğaldan azad olunandan, orada Azərbaycanın nəzarəti bərqərar edildikdən sonra Qarabağ torpaqları da inkişaf edəcəkdir. Yəni, Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq ölkəmizdə gedən quruculuq və abadlıq işləri orada da aparılacaq”.

Millət vəkili Azər Badamovun sözlərinə görə, hazırkı vəziyyətdə Dağlıq Qarabağ və ətraf yeddi rayonumuzun işğal altında qalması həmin ərazilərdə məskunlaşdırılan ermənilərin həyatını günü-gündən daha da pisləşdirir. Buna səbəb Ermənistandakı ağır sosial və iqtisadi durumdur: “Düşünürəm ki, ermənilər bunu görməlidir. Bu gün cənab prezidentinin cəbhə bölgəsinə yaxın ərazidə böyük açılışlar etməsi, orada Müasir Atçılıq Kompleksinin və yaxud sosial infrostruktur layihələrinin icrası, Ağdam Muğam Mərkəzinin tikintisi, istifadəyə verilməsi təqdirəlayiq hadisələrdir. Bütün bunları ermənilər də izləyir. İşğalçılar bunları görüb düşünməli və nəticə çıxarmalıdırlar”.

Millət vəkili bildirib ki, Azərbaycanın güclü ordusu var. Ölkəmizin dövlət sərhədləri və düşmənlə təmas xətti yüksək səviyyədə qorunur. Eyni zamanda, Azərbaycan ordusu öz problemini özü həl etmək iqtidarındadır: “Çünki ordumuz güclənib. Müasir silahlarla təmin olunub. Sadəcə olaraq, biz beynəlxalq təşkilatların sülhyaratma missiyasını, ərazilərimizin danışıqlar yolu ilə işğaldan azad etmək missiyasını həyata keçirilməsini gözləyirik. Əgər bu mümkün olmasa, o zaman ordumuzun gücündən yenə də istifadə etmək məcburiyyətində qalacağıq. Artıq düşmən ordumuzun gücünü görüb. İki il əvvəl Lələtəpəni, Talış yüksəkliklərini düşməndən azad etdik. Cocuq-Mərcanlıda həyat şəraiti bərpa olundu. Bundan başqa, Naxçıvanda da torpaqlarımızı azad etdik və orada da nəzarət Azərbaycan Ordusundadır. Eləcə də bütövlükdə işğal altında qalmış torpaqlarımızı da qısa müddətdə işğaldan azad edəcəyik. Çünki bizim buna qadir olan iradəli Ali Baş Komandanımız və güclü ordumuz var. Ordumuz istənilən vaxt bu ali tapşırığı yerinə yetirməyə hazırdır. Düşmənimizi torpağımızdan çıxarmağımıza qadirdir”.

© AzNews.az