Gürcüstanda azərbaycanlıların etiraz aksiyası baş tutmadı

Tbilisi şəhər meriyası aksiyanın keçirilməsini təxirə salıb.

Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirəcəkləri planlaşdırılırdı. Onlar Gürcüstanın Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqyana abidənin ucaldılmasına etiraz edəcəkdilər. Hətta aksiyanın keçirilməsi üçün hökumətdən razılıq alındığı da bildirilirdi.

Lakin bu gün Tbilisidə keçirilməsi nəzərdə tutulan aksiya baş tutmayıb.

Bu barədə AzNews.az-a Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev məlumat verib.

O, aksiyanın baş tutmamasının səbəbləri barədə ətraflı bilməsə də qeyd etdi ki, Tbilisi şəhər meriyası aksiyanın keçirilməsini təxirə salıb:

"Əvvəllər Gürcüstanda istənilən qruplaşma istədiyi vaxt etiraz aksiyaları keçirə bilirdi. Bunun üçün hökumətdən razılıq almağa gərək olmurdu. Amma indi bu cür aksiyaların keçirilməsi üçün şəhər meriyasının razılığı olmalıdır. Dünən belə bir razılığın olduğu bildirilsə də, bu gün şəhər meriyası mitinqi təxirə salıb. Səbəbləri barədə heç bir məlumatım yoxdur".

Qeyd edək ki, sözügedən etiraz aksiyasının fevralın 5-i saat 12-də Gürcüstan parlamentinin qarşısında keçirilməsi nəzərdə tutulurdu.

Elgün
AzNews.az