"Bütün bunlar hər bir Azərbaycan ailəsində müsbət dəyişikliklərə gətirib çıxaracaq” "Bütün bunlar hər bir Azərbaycan ailəsində müsbət dəyişikliklərə gətirib çıxaracaq”
  • Tribuna
  • 19 İyun 2019 17:33
  •  4 496

“Prezident verdiyi vədləri yerinə yetirir və inqilabi addımlar atır” - Media qurumlarının rəhbərləri danışdı

"Bütün bunlar hər bir Azərbaycan ailəsində müsbət dəyişikliklərə gətirib çıxaracaq”

"Keçən ildən başlayaraq həyata keçirilən islahatlar büdcədə daxilolmaları artırıb. Hökumət ölkə başçısının siyasi iradəsinə uyğun olaraq, bu daxilolmaları birbaşa əhalinin sosial baxımdan zəif təbəqələrinin vəziyyətinin yaxşılaşdırılmasına yönəldib".

Bunu AzNews.az-a açıqlamasında Prezident İlham Əliyevin minimum əməkhaqlarının və bir çox sahələrdə çalışan şəxslərin maaşlarının artırılması haqda danışarkən “Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev dedi:

“2019-cu ilin əvvəlindən Azərbaycanda sosial islahatlar paketinin reallaşdırılmasına başlanılıb. Xüsusən də əhalinin sosial baxımdan həssas təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması, gəlirlərinin artırılması üçün konkret və sistemli iş aparılır. Bilirik ki, ilin əvvəlindən minimum əməkhaqlarının, pensiyaların və digər müavinətlərin artırılması ilə bağlı sərəncamlar verildi və onların icrası təmin edildi. Bundan sonra da cənab Prezident əhali ilə keçirdiyi görüşlərdə, müxtəlif tədbirlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının hökumətin proitetlərindən biri olduğunu qeyd etmişdi və bu istiqamətdə addımlar atılacağını vurğulamışdı. Dünən verilən sərəncamlara bu kontekstdən yanaşmaq lazımdır. Bu, ilin əvvəlindən həyata keçirilən sosial paketin reallaşdırılması istiqamətində növbəti inqilabi addım kimi qiymətləndirilə bilər”.

İ.Quliyev ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə olunduğunu bildirdi:

"Bilirsiniz ki, bu cür sərəncamların verilməsi üçün ciddi iqtisadi əsas yaranmalıdır. Baxmayaraq ki, dünya bazarında neftin qiyməti ilə bağlı müəyyən dalğalanmalar var. Amma Azərbaycan hökuməti büdcə gəlirlərinin sabitliyini təmin edə bilib. Keçən ildən başlayaraq həyata keçirilən islahatlar büdcədə daxilolmaları artırıb. Vergi və gömrük xətti ilə büdcəyə böyük əlavə daxilolmalar müşahidə olunub. Hökumət ölkə başçısının siyasi iradəsinə uyğun olaraq, bu daxilolmaları birbaşa əhalinin sosial baxımdan zəif təbəqələrinin vəziyyətinin yaxşılaşdırılmasına yönəldib. Cənab Prezident seçki kampaniyası dövründə verdiyi vədləri yerinə yetirir və gözləniləndən də artıq inqilabi addımlar atır. Bu inqilabi addımların atılması üçün iqtisadi əsasların yaradılması istiqamətində davamlı iş aparılır. Bir Azərbaycan vətəndaşı olaraq, buna hamı sevinməlidir. Çünki yüz minlərlə insan bu artımlardan faydalanır. Bütün bunlar hər bir Azərbaycan ailəsində müsbət dəyişikliklərə gətirib çıxaracaq”.

O, gələcəkdə də bu istiqamətdə müvafiq addımların atılacağına əminliyini vurğuladı:

"Artıq bu gün məlumatlar yayılıb ki, sosial paketin növbəti bir mərhələsi kimi Milli Məclisə pensiyaların artırılması ilə bağlı qanun layihəsi daxil olub. Bu, bir mesajdır ki, qısa müddətdə pensiyalar da artırılacaq. Aparılan islahatlar, görülən işlər, qurulmuş davamlı dayanıqlı iqtisadi sistem gələcəkdə də hökumətə bu cür addımlar atmaq üçün imkan verəcək. Hesab edirəm ki, qarşıdakı illərdə biz minimum əməkhaqlarının, pensiyaların minimum məbləğinin, əhalinin həssas təbəqələrinin, əlillərin, sosial vəziyyəti zəif olan insanların gəlirlərinin artması istiqamətində addımları müşahidə edəcəyik. Bilirsiniz ki, Azərbaycan vətəndaşı regionda ən yaxşı təmin olunmuş kateqoriyadandır. Biz MDB miqyasında mühüm yerlərdən birindəyik. Atılan addımlar isə bu vəziyyətin daha da möhkəmlənməsinə xidmət edir. Cənab Prezident də dəfələrlə qeyd edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həmin sərəncamlarla biz bu bəyanatların həyatda konkret tətbiqini görürük”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev də atılan addımların əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında əsaslı rol oynadığını və bu islahatların növbəti illərdə də uğurla davam edəcəyini qeyd etdi:

“Son bir ildə dövlət başçısının verdiyi sərəncamlar bir daha göstərir ki, Azərbaycan həqiqətən də sosialyönümlü dövlətdir. Dövlət başçısı hər zaman vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində əsaslı addımlar atır. Sonuncu sərəncamlar da sübut edir ki, bir çox sahələrdə çalışan, dövlət büdcəsindən maliyyələşən insanların əməkhaqlarının artırılması istiqamətində mühüm işlər görülür. Biz bu iqtisadi islahatların davamlı olacağına ümid edirik və düşünürük ki, bu addım insanların maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid sözügedən sərəncamları Prezident İlham Əliyevin hər zaman xalqın yanında olmasının bariz nümunəsi kimi qiymətləndirdi:

“Bu sərəncamlar xeyli insanın sevincinə səbəb oldu. Dünəndən bəri cəmiyyətdə bu haqda aparılan müzakirələr göstərir ki, Prezidentin bu addımı əhali tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Azərbaycan Prezidenti xalqın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi islahatlar aparır. Minimum əməkhaqqının artırılması və bir çox sahələrdə çalışan şəxslərin maaşlarının artırılması da bu qəbildəndir. Bütün bunlar cəmiyyətdə müsbət reaksiya doğurur, insanlarda ruh yüksəkliyi yaradır. Düşünürəm ki, bu addımlar cənab Prezidentin Azərbaycan xalqının yanında olmasının bariz göstəricisidir. Buna görə də ölkə başçısına öz minnətdarlığımızı bildiririk”.

Xəyalə

AzNews.az