"Hesab edirəm ki, uşaq pullarının artırılması məsələsi də cənab Prezidentin diqqətində olan məsələlərdəndir" "Hesab edirəm ki, uşaq pullarının artırılması məsələsi də cənab Prezidentin diqqətində olan məsələlərdəndir"
  • Tribuna
  • 24 İyun 2019 16:33
  •  5 314

"İlham Əliyev verdiyi vədi yerinə yetirən dövlət başçılarındandır" - Aydın Hüseynov

"Hesab edirəm ki, uşaq pullarının artırılması məsələsi də cənab Prezidentin diqqətində olan məsələlərdəndir"

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması təmin olunub.

Son günlərdə müsbət mənada müzakirələrə səbəb olan sözügedən sərəncamlar eyni zamanda bəzi sualların yaranmasına səbəb olub.

Millət vəkili Aydın Hüseynov AzNews.az-a müsahibəsində cəmiyyəti maraqlandıran həmin sualları cavablandırdı.

- Prezidentin minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamı uşaq pulunun da artırılması istiqamətində addım atılacağına dair cəmiyyətdə ümid yaradıb. Sizcə, yaxın zamanda bu, baş verə bilərmi?

- Prezident İlham Əliyev 2018-ci ildə prezident seçilərkən bir daha öz platformasında, öz çıxışlarında qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı, bütövlükdə Azərbaycan cəmiyyəti bundan sonra daha da inkişaf edəcək. Ümumiyyətlə, o, hər zaman öz çıxışlarında vurğulayır ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları və onların maraqları dayanır. Artıq 2019-cu il başlayandan biz bunun bir daha şahidi oluruq. Çünki ölkəmizdə çox böyük sosial tədbirlər həyata keçirilir. Minimum əməkhaqqının və müxtəlif sahələrdə çalışan şəxslərin maaşlarının artırılması da bu qəbildəndir. Bu ilin 6 ayı ərzində minimum əməkhaqlarının məbləğində 2 dəfə dəyişiklik edilib və bu məbləğ 250 manata çatdırılıb. Bu, çox ciddi artımdır. Bu sərəncamlar bir daha təsdiq edir ki, əhalinin rifahı, minimum əməkhaqqı, maaşların artımı kimi məsələlərə ölkə başçısı xüsusi diqqət göstərir. Hesab edirəm ki, uşaq pullarının artırılması məsələsi də cənab Prezidentin diqqətində olan məsələlərdəndir. İnanıram ki, biz bunu çox gözləməyəcəyik və bu məsələ tezliklə həllini tapacaq.

- Məlumata görə, əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub. Pensiyaların minimum məbləği nə qədər ola bilər və hazırda dövlət büdcəsi belə bir artıma imkan verirmi?

- Bilirsiniz, iqtisadiyyatımız möhkəmləndikcə, iqtisadi potensialımız artdıqca bu, Azərbaycan vətəndaşının rifahına yönəlir. Onların sağlamlığının qorunması, iş yerləri ilə təmin olunması, ümumilikdə əhalinin sosial rifahının güclənməsi və s. daim diqqətdə saxlanılır. Bu baxımdan pensiyaların artırılması məsələsi də gündəmdədir. Düşünürəm ki, minimum əməkhaqqı 250 manata çatdırılıbsa, pensiyaların da minimum məbləğinin bu civarda artırılması məqbul olar.

- Bütün bu artımlar özəl sektora necə təsir edəcək?

- İlin əvvəllindən etibarən 2 milyarda yaxın vəsait həcmində sosial tədbirlər həyata keçirilib. Əlbəttə, bu vəsait iqtisadiyyatın dirçəlməsinə xidmət edir. Hər hansı bir şəxsin və ya bir ailənin gəliri artırsa, o, ilk növbədə ərzaq bazarına üz tutur. Daha sonra xidmət sahələrinə və ya hər hansı təsərrüfat mallarının, gündəlik məişət avadanlıqlarının alınmasına vəsait xərcləyir. Bu o deməkdir ki, əməkhaqlarının artırılması alıcılıq qabiliyyətinin də artmasına gətirib çıxarır. Nəticədə sahibkarlığın inkişafı üçün zəmin yaranır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu sosial islahatlar özəl sektora çox müsbət təsir göstərəcək.

- Qeyd etdiyiniz kimi, 2019-cu ilin 6 ayı ərzində 2 dəfə minimum əməkhaqlarının artırılması baş verdi. Belə olduqda tezliklə yenidən artım baş verəcəyi barədə insanlarda inam yaranır. Bəs, reallığa əsaslansaq, belə bir artımın qısa zamanda yenidən baş verməsi gözlənilirmi?

- Prezident İlham Əliyev verdiyi vədi yerinə yetirən dövlət başçılarındandır. Biz hər zaman bunun şahidi olmuşuq. Ölkənin iqtisadi inkişafı, siyasi qüdrəti, beynəlxaq arenadakı nüfuzu barədə ona olan ümidləri hər zaman doğruldub. Cənab Prezident islahatların davamlı, sistemli olacağını bildirib. Deməli, belə də olacaq. Minimum əməkhaqqının bu qədər qısa müddətdə 250 manatadək artılacağını kim gözləyirdi ki? Mən bir iqtisadçı olaraq, belə bir artımın bu ilin sonuna və ya gələn ilə baş verəcəyini düşünürdüm. Lakin dövlət başçısı inqilabi addım atdı. Bu uğurlu addım göstərir ki, cənab Prezident lazım olduğu anda yenidən bu addımı ata bilər. Biz buna tam əminik.

Xəyalə

AzNews.az