"Küçədən istifadə edib hökumətə təzyiq etmək olar, amma..." "Küçədən istifadə edib hökumətə təzyiq etmək olar, amma..."
  • Tribuna
  • 27 İyun 2019 14:45
  •  3 287

Türkiyə və Gürcüstan arasındakı siyasi mədəniyyətin fərqli rəngləri

"Küçədən istifadə edib hökumətə təzyiq etmək olar, amma..."

Türkiyədə keçənilki prezident və parlament seçkisi zamanı beynəlxalq missiyanın tərkibində ekspert kimi çalışırdım.

Təxminən iki aya yaxın Ankarada işlədik, ara-sıra başqa şəhərlərə də gedirdik, partiyalar, seçki komissiyaları, media, vətəndaş cəmiyyəti təşkilatları, hakimlər, vəkillər və sairə ilə görüşürdük. Seçki dönəmi həm çox gərgin, həm də hadisələrlə dolu və son dərəcə maraqlı idi.

Türkiyəyə gəlməzdən iki ay əvvəl İtaliyada, ondan isə bir il əvvəl Hollandiyada seçkiləri qiymətləndirmişdik. Hər iki ölkədəki seçki kampaniyası dövrü Türkiyə ilə müqayisədə sönük idi. Eyni zamanda Türkiyədəki fövqəladə vəziyyətin, terror əleyhinə əməliyyatların da seçki mühitinə təsiri var idi.

Ekrem İmamoğlu: Türkiyə prezidenti Erdoğan bu müxalifətçi siyasətçidə özünə bərabərini görürmü?

Erdoğanın məğlubiyyəti Türkiyə üçün nə deməkdir?

Seçki gününə yaxınlaşdıqca gərginlik artırdı, seçki gecəsi isə müxalifətin prezidentliyə namizədi Muharrem İnce tərəfdarlarına səsləndi ki, seçki məntəqələrini tərk etməsinlər, qalıb səslərini qorusunlar, sonuna qədər mübarizə aparsınlar. İnce dedi ki, onun özü stulunu götürüb gedib oturacaq Mərkəzi Seçki Komissiyasının qabağında nəticələrin açıqlanacağına qədər. Bəzi insanlarda belə bir gözlənti yarandı ki, hadisələr inqlaba aparacaq, qarşıdurma olacaq.

Lakin sonrası bu gözləntilərin əksinə oldu. Post-kommunist coğrafiyasında alışdığımızın əksinə həlledici məqamda müxalifət xalqı küçəyə səsləmədi. İnce bir ara yoxa çıxdı, sonra isə mətbuat konfransı keçirib uduzduğunu qəbul etdi.

İncenin və müxalif CHP-nin bu passivliyini bir çoxları anlamadı, bəziləri sevmədi. O aralar Azərbaycan ictimai fikrində də narazılıq var idi ki, niyə belə geriyə çəkilmə oldu.

Mən isə o gün əsas fərqi anladım. İnkişaf etmiş siyasi sistem ilə cavan siyasi sistem arasındakı fərq. Nisbətən yaşlı demokratik siyasi sistemlərdə elitalar arasında anlaşmalar olur. Onlardan biri hakimiyyətin dəyişilməsi yolları ilə bağlıdı. Türkiyədəki siyasi elitaların anlaşmasına görə hakimiyyət məsələsi yalnız və yalnız seçki qutusunda həll olur. Bu bir siyasi sazişdi, yazılmamış bir razılıq.

"Seçki gecəsi isə müxalifətin prezidentliyə namizədi Muharrem İnce tərəfdarlarına səsləndi ki, seçki məntəqələrini tərk etməsinlər, lakin özü bir ara yoxa çıxdı"

Hakimiyyəti küçədə istəmək variantı yoxdu, çünki bu sivil yol sayılmır, küçənin gücü zorakı gücdür və hakimiyyət uğrunda mübarizədə bu növ təzyiq qəbul edilmir. Təbii ki, seçki təşviqatı dönəmində mitiqlər də olur, küçələr insanlarla da dolur. Amma bu sadəcə seçki təşviqatıdır.

Bir çox inkişaf etmiş demokratiyalarda bu yazılmamış qayda mövcuddur. Küçədən istifadə edib hökumətə təzyiq etmək olar, amma seçki yolu ilə hakimiyyətə gəlmiş iqtidarı bu təzyiq yolu ilə aşırtmaq olmaz, bu qəbuledilməzdir. Amerika, İngiltərə, Fransa, Almaniya kimi müasir demokratiyalarda küçə variantı mümkün deyil. Əvvəllər mümkün olub, artıq deyil.

Türkiyədəki CHP müxalif partiya olsa da, küçədəki müxalifət deyil, elitanın bir parçasıdı. Müxalif partiya həm də dövlətin bir parçasıdı, cumhuriyyəti quran partiyadır. Əslində, bu mənada, inkişaf etmiş siyasi sistemlərdə bir neçə siyasi elita yoxdu, bir siyasi elita var. Bu siyasi elita müxtəlif partiyalarda təmsil oluna bilər, amma məntiqi və mövcudluq səbəbi birdir - insanları təmsil etmək və ardıcıl olaraq ölkəni idarə etmək. Burada əsas meyar da seçicinin iradəsidi. Kim daha yaxşı özünü göstərirsə seçici də ona səs verərək deyir ki, bu dəfə hökuməti sən qur.

Ötən günlərdə İngiltərədən olan araşdırmaçı Tom de Waal Gürcüstanda yaranmış siyasi böhrana və insanların parlamentin önünə toplanaraq hökuməti istefaya çağırmasına fikir bildirib.

De Waal öz Twitter səhifəsində yazıb: "Ümid edirəm ki, gürcülər bir gün Rustaveli küçəsinə çıxmadan problemlərini həll etməyi bacaracaqlar". Bəzi gürcülər de Waalı bu fikrinə görə tənqid etdilər, amma fakt faktlığında qalır ki, onlar tez-tez problemlərə həlli parlamentin qabağındakı küçədə axtarır, nəinki parlamentin içində. Bu isə yetişkinliyin göstəricisi deyil.

Araşdırmaçı Tom de Waal öz Twitter səhifəsində yazıb: "Ümid edirəm ki, gürcülər bir gün Rustaveli küçəsinə çıxmadan problemlərini həll etməyi bacaracaqlar".

Rumi deyirdi ki "Səsinizi yox, sözünüzü yüksəldin. Gülləri böyüdən yağışdı, ildırım deyil".

Gənc ölkələrdə hələ ki bu çatmır, söz yerinə səsin bəzən də qolun gücü önə çıxır.

Mədəni ölkələrdə isə düzgün və effektiv işləyən parlament olur və siyasi mübarizə həm də orada baş verir. Cavan ölkələrdə isə parlament sadəcə bir binadı, lazım gəlsə onu işğal etmək üçün.

Mədəni ölkələrdə həm də universitetlər, düşüncə mərkəzləri və bir çox başqa ictimai məkanlar olur ki, bu da siyasi mübarizəni həm də bu məkanlara yönəldir, həll yollarını həm də buralarda axtarır.

Bu məkanların olması bizim ölkəmiz üçün də çox vacibdi. Bu məkanların, bu mədəniyyətin, bu düşüncənin.

Rəşad Şirin
Siyasi təhlilçi (BBC)