Mediasiya mübahisə edən tərəflərin zamanlarına və maliyyə resurslarına əhəmiyyətli dərəcədə qənaət edilməsinə şərait yaradacaq Mediasiya mübahisə edən tərəflərin zamanlarına və maliyyə resurslarına əhəmiyyətli dərəcədə qənaət edilməsinə şərait yaradacaq
  • Tribuna
  • 16 Sentyabr 2019 15:43
  •  3 057

Mediasiya institutu sahibkarlığın inkişafı istiqamətində əhəmiyyətli töhfəsini verəcək

Mediasiya mübahisə edən tərəflərin zamanlarına və maliyyə resurslarına əhəmiyyətli dərəcədə qənaət edilməsinə şərait yaradacaq

Bildiyimiz kimi, bu ilin mart ayında ölkəmizdə “Mediasiya haqqında” qanun qəbul edildi və bununla da, yaranmış mübahisələrin məhkəmələrdən kənar, alternativ üsullarla həlli ilə bağlı “mediasiya prosesi”nin fəaliyyətə başlamasının nəzəri əsasları qoyuldu. Mediasiya, mövcud mübahisələrin qərəzsiz, yaranmış münaqişədə maraqlı tərəf olmayan digər bitərəf şəxsin, yəni mediatorun iştirakı ilə alternativ tənzimlənməsi metodlarından biridir. Bu üsulla mediator mübahisə tərəflərinə yaranmış münaqişə ilə bağlı razılıq əldə edilməsinə yardımçı olmaqla yanaşı, tərəflərin problemin həlli üzrə qərarın qəbul edilməsi prosesinə və onun həll olunması ilə bağlı şərtlərə tam şəkildə nəzarət etmələrinə şərait yaradır. Həm dünya təcrübəsinə, həm də ölkəmizdə qəbul edilmiş qanuna əsasən mediasiya prosesinin əsas prinsipləri könüllülük, konfidensiallıq, mediatorun bitərəfliyi, qəbul edilmiş qərarla bağlı tərəflərin məsuliyyəti, əməkdaşlıq və mübahisə tərəflərinin bərabərhüquqlu olmasından ibarətdir. Azərbaycan qanunvericiliyinə görə mediasiya prosesinin tətbiqi dairəsi mülki işlər və iqtisadi mübahisələrə, ailə münasibətlərindən irəli gələn mübahisələrə, əmək münasibətləri ilə bağlı mübahisələrə və inzibati hüquq münasibətlərindən doğan mübahisələrə şamil oluna bilər. Əhəmiyyətli məqamlardan biri də odur ki, qəbul edilmiş “Mediasiya haqqında” qanuna görə 1 iyul 2020-ci il tarixdən başlayaraq iqtisadi xarakterli mübahisələr, eyni zamanda ailə və əmək münasibətlərindən irəli gələn mbahisələrlə bağlı məhkəməyə müraciət etmək üçün tərəflər mütləq ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

Mübahisələrin həllinin alternativ üsulu kimi mediasiyanın məhkəmə yolu ilə həll üsulundan fərqi və müəyyən mənada üstünlükləri ondan ibarətdir ki, mediasiya mübahisə edən tərəflərin zamanlarına və maliyyə resurslarına əhəmiyyətli dərəcədə qənaət edilməsinə şərait yaradacaqdır. Daha sonra, onu da qeyd etmək lazımdır ki, məhkəmə müstəvisində aylarla və illərlə həllini gözləyən mübahisələr mediator vasitəsilə çox qısa zamanda həllini tapa bilər. Eyni zamnda da, mediasiyanın spesifikliklərindən biri də odur ki, bu prosesdə məhkəmə prosesində olduğu kimi uduzma riski olmur və mübahisənin tənzimlənməsi prosesi başlanğıcından sonuna qədər tərəflərin tam nəzarəti və müşahidəsi altında olur. Mediasiya prosesi həmçinin mövcud mübahisənin məxfiliyinə, tərəflərin işgüzar nüfuzlarının toxunulmazlığına zəmanət verməklə yanaşı, gələcəkdə bu işlə bağlı mübahisə tərəflərinin məhkəməyə müraciət imkanlarını istisna etmir. Mediasiyanın ən əhəmiyyətli tərəflərindən biri də sahibkarların işlərində yaranmış mübahisələrin həll olunması ilə bağlı əhəmiyyətli dönüşün yaranacağı ilə əlaqədardır. Belə ki, sahibkarlar məhkəmə həll üsulundan fərqli olaraq özlərinin daimi fəaliyyətindən ayrılmadan, dəyərli zamanlarına və vəsaitlərinə əhəmiyyətli şəkildə qənaət etməklə, biznes maraqlarını tam şəkildə qorumaqla çox qısa zaman kəsiyində ən ciddi mübahisələrinin belə həllinə nail ola bilərlər.

Xəyal Bəşirov

Vəkil, mediasiya üzrə ekspert