"O, balanslı siyasət yürüdərək Azərbaycanı bir çox bəlalardan qurtarıb" "O, balanslı siyasət yürüdərək Azərbaycanı bir çox bəlalardan qurtarıb"
  • Tribuna
  • 9 Oktyabr 2019 20:38
  •  4 139

Xalqımızın İlham Əliyevə inamı böyükdür - Zaur Məmmədov

"O, balanslı siyasət yürüdərək Azərbaycanı bir çox bəlalardan qurtarıb"

Xəbər verildiyi kimi, bu gün İlham Əliyevin 3-cü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 6 il ötür. 2013-cü ilin bu günü Azərbaycanda keçirilən prezident seçkilərində xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi. Vətəndaşların səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı. Müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə demokratik proseslərin geniş vüsət aldığını və budəfəki prezident seçkilərinin də demokratiyanın inkişafı istiqamətində mühüm addım olduğunu bildirdilər.

"Xalq tərəfindən 84.55% səsin İlham Əliyevə verilməsi onu göstərir ki, bu gün Azərbaycan cəmiyyəti cənab Prezidentə etibar edir, ona güvənir".

Bu sözləri AzNews.az-a mövzu ilə bağlı açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O, bildirib ki, Azərbaycan xalqı istər sosial-iqtisadi məsələlərin həllinin, istərsə də xarici siyasətlə bağlı çağırışların öhdəsindən gələ biləcək bir şəxs kimi İlham Əliyevi görür.

"Regionda və regiona yaxın bölgələrdə son zamanlar, eləcə də 2000-ci illərin əvvələrində Ukraynada, Qırğızıstanda, Gürcüstanda, keçən il Ermənistanda baş verən inqilablar göstərdi ki, xalqın yeni hakimiyyətə inam bəsləməsinə baxmayaraq bu ölkələrdə vəziyyət daha da pisləşib. Həmin ölkələrin xaos və böhran keçirdiyinin şahidi olduq".

Z. Məmmədovun sözlərinə görə, bütün bunları görən Azərbaycan xalqı çox yaxşı bilir ki, müsəlman-türk dövlətinin başında dayanan İlham Əliyev məhz bu illər ərzində Heydər Əliyev irsinin davamçısı kimi çıxış edib. Rasional və balanslı siyasət yürüdərək Azərbaycanı bir çox bəlalardan qurtarıb.

"Təkcə son iki ildə məhz Prezident İlham Əliyevin başçılığı altında reallaşan regional və beynəlxalq layihələr də onu göstərir ki, bu gün Azərbaycan həmin layihələrin təkcə iştirakçısı deyil, həm də təşkilatçısı kimi çıxış edir. Bakı-Tbilisi-Qarsın, TANAP və TAP layihələrinin reallaşmasının nə dərəcədə çətin olmasına baxmayaraq cənab Prezident bunların öhdəsindən gəldi. Son bir ildə Azərbaycanda struktur islahatları, eyni zamanda sosial-iqtisadi inkişaf, qeyri-neft sektorunun inkişafı istiqamətində də İlham Əliyev tərəfindən mühüm addımlar atılıb. Beləliklə bu gün Azərbaycan beynəlxalq çağırışların öhdəsindən uğurla gəlir".

Politoloq sonda sabitliyin davam etdirilməsi, eyni zamanda ölkənin yüksəlişi üçün xalqın Prezidentin ətrafında cəmləşməsinin vacib hallardan biri olduğunu vurğulayıb.

"Elə son aparılan sosial sorğular və statistika göstərir ki, Azərbaycan əhalisinin cənab Prezidentə inamı böyükdür. Xalq bu günki vəziyyətin əsasını məhz Prezidentin başçılığı altında aparılan uğurlu daxili və xarici siyasətin nəticəsi kimi görür".

Pərvanə

AzNews.az