Başabəla sədrin ötürdüyü “donos”lar sayəsində bəzi Avropa strukturları da oktyabrın 19-da guya aşırı güc tətbiqindən narahat olub Başabəla sədrin ötürdüyü “donos”lar sayəsində bəzi Avropa strukturları da oktyabrın 19-da guya aşırı güc tətbiqindən narahat olub
  • Tribuna
  • 23 Oktyabr 2019 12:10
  •  8 498

Kərimlinin və onun güruhunun yerinə alqışlanası addımı Əli Həsənov atıb

Başabəla sədrin ötürdüyü “donos”lar sayəsində bəzi Avropa strukturları da oktyabrın 19-da guya aşırı güc tətbiqindən narahat olub

Ölkəmizin sürətli inkişafını gözləri götürməyən, iqtidarın uğurlarını narahatlıqla izləyən və qısqanclıqla qarşılayan bir sıra maraqlı xarici dairələr və onların pul kisələrindən birbaşa asılı olan dərnək səviyyəli bəzi müxalifət partiyaları, onların hətta şeytanla da ittifaqa girməyə hazır olan mənsəb və mənfəətpərəst liderləri özlərinin məkrli niyyətlərinə çatmaq üçün insan və vətəndaş hüquq və azadlıqlarını daim manipulyasiya obyektinə çevirir, belə universal bəşəri dəyərləri də gözdən salırlar. Üzdə dinc, xəlvətdə isə zorla "demokratiya ixrac"ında ixtisaslaşmış, müxtəlif "rəngli inqilablar"ın məntiqi nəticəsi olaraq, bəlli ölkələri xaos, anarxiya və vətəndaş müharibəsi girdabına yuvarlamış həmin dairələr uğursuz eksperimentləri çoxdandır ki, ölkəmizdə də reallaşdırmaq üçün dəridən-qabıqdan çıxır, bu yolda səsləri virtual aləmdən gələn radikal müxalifət cameəsinin tör-töküntülərini ölkəmizdəki əsas dayaq nöqtələri, "beşinci kalon" kimi formalaşdırmağa, toparlamağa çalışırlar.

Hər iki cəbhənin başbilənləri və azsaylı nümayəndələrinin daha çox mövsümi xarakter daşıyan pozuculuq fəaliyyətlərinin ölkəmiz və xalqımız üçün həlledici, taleyüklü ictimai-siyasi proseslər ərəfəsinə düşdüyünü desək, yəqin ki, yanılmarıq. Mütəqilliyin ilk illərində narazılıq dalğasında hakimiyyəti qəsb etsələr də, bir il sonra elə eyni zəmində rüsvayçı şəkildə iqtidardan getmiş AXC-Müsavat cütlüyünün ozamankı təmsilçiləri, bugünün radikal müxalifət cinahının liderləri zaman-zaman guya siyasi fəaliyyətlərinə görə təqib olunmaları, həbsə atılmaları barədə beynəlxalq təşkilatlara, məlum çevrələrə "danos"lar, raportlar ötürməklə özləri barəsində daim əzabkeş obrazı yaradaraq bunu əsas mövcudluq, həm də yaxşıca qazanmaq vasitəsinə çevirə biliblər, bu yolla öz havadarlarından külli miqdarda pul qoparmağı və silməyi yaxşı bacarırlar.

İstənilən siyasi partiyanın əsas vəzifəsi seçkilərdə iştirak edib, seçici səsləri uğrunda mübarizə apararaq səs qazanıb, dövlət idarəçiliyində təmsil edilmək olduğu halda, bizim artıq heydən düşmüş, margilnallaşmış, cəmiyyətdə heç bir nüfuzu qalmayan xüsusən radikal müxalifət partiyaları, özünü Milli Şura adlandıran bədnam qurumda toplaşmış antimilli ünsürlər vaxt-vədə yetişdikdə demokratiyanın əsas postulatlarından olan seçki prosesində iştiraka nədənsə həvəsli görünmür, ya da iştirak edərək biabırçı məğlubiyyətə uğrayıb, tamamən iflasa uğramamaq üçün əsas vətəndaş hüquqlarının birindən imtina edirlər, çox vaxt da boykot yolunu tuturlar. Bilərək ki, seçkilərdən müxtəlif bəhanələrlə imtina həmin partiyalarda təmsil olunan vətəndaşların seçib-seçilmək kimi əsas konstitusion hüquqlardan birinin məhdudlaşdırılmasıdır. Amma buna baxmayaraq, radikal müxalifət funksionerləri, xüsusən AXCP və Milli Şuranın başbilənləri hər seçki prosesindən ya az əvvəl, ya az sonra, ya da ölkəmizin qazandığı müəyyən uğurların ardınca tamamilə aydındır ki, xaricdəki havadarlarından və onların yerli emissarlarından aldıqları sifariş, təlimat əsasında hakimiyyət orqanları ilə ultimativ danışıq üslubu seçərək qanunsuz və qəbuledilməz tələblər irəli sürürlər. Daha çox yaz-payız aylarına təsadüf edən, mövsümi yoluxucu xəstəliklərtək radikalları sarmış bu saxta, islaholunmaz “mitinqçilik” mərəzi növbəti dəfə özünü bələdiyyə seçkiləri ərəfəsində göstərib.

Son vaxtlaradək əsas işləri əllərindəki trol şəbəkəsi vasitəsilə internet və sosial şəbəkələr üzərindən hakimiyyətin dalınca qeybət etmək, dedi-qodu xarakterli söhbətlər danışaraq vaxtlarını “öldürmək” olan Milli Şuranın rəhbərləri, xüsusən cəbhəçilərin lideri “mühacir” jurnalistikanın “görkəmli” və “yaraşıqlı” təmsilçisi Osmanqızının “Youtube” kanalındakı səhifəsini “şərikinə” işlədirlər. Maraqlı xarici kəşfiyyat dairələrin anti-Azərbaycan layihələrində baş rollardan birini ifa edən xanım Osmanqızının sirli təbəssümü və işvəli sözlərindən, atmacalarından vəcdə gələn, elə yaşadığı mənzildə məşhur bir teletamaşada olduğu kimi, “Əli bəyin studiyasını” açmış Əmirhüseyn kişinin oğlu günün istənilən vədəsində gündəmdəki məsələlərə “hərşeyşünas” ekspert qismində müxtəlif şərhlər verir, xüsusi canfəşanlıqla “xalqın” mitinq, sərbəst toplaşmaq hüququnun özünə qaytarılmasından danışır, buna görə də Bakı Şəhər İcra Hakimiyyətindən başının pozuq dəstəsilə ultimativ tərzdə yer ayrılmasını tələb, bu məqsədlə hətta qanunla qadağan olan yerlərdə də aksiyalar keçirilməsində israr edir. Bu aralarda partiya sədrliyindən daha çox videobloqer, yaxud sadəcə bloqer kimi fəaliyyət göstərən əsas “cəbhəçi”nin eyni prosesləri Yaxın Şərqdə, yoxsa postsovet məkanındakı məlum proseslərdən yararlanaraq idarə edəcəyi şübhəli görünür, çünki adamın bir neçə yüz trolluq atım “barıtı”nın qalması birmənalıdır...

Əvvəlki təcrübədən də bəllidir ki, xaricdəki himayədarlarının çabaları da daxil olmaqla AXCP, Milli Şura adlı qondarma qurum indiyədək, məsələn, “Məhsul” stadionunda keçirdikləri mitinqlərdə üst-üstə 2-3 mindən çox iştirakçı toplaya bilməmişdir. Bu səhnə, ələ və sözə baxan, əcnəbi dairələrin əlində aranı qarışdırmaq üçün maşaya çevrilmiş "cəbhəkratiyanı"n nə qədər rəzil və acınacaqlı duruma düşməsinin göstəricisidir.

Sonuncu dəfə paytaxt meriyası bəhanələrini kəsmək, sərbəst toplaşmaq azadlığı mövzusunda radikalların yalanlarını durdurmaq üçün centlmensayağı bir addım ataraq lap elə ŞİH-in qulağının dibində gerçək, şanlı tarixi olan Milli Şura banilərinin xatirəsinə ucaldılmış abidənin qarşısında cari il oktyabr ayının 8-də 50 nəfərlik piketin təşkilinə dair Kərimli və komandasının xahişini nəzərə alıb və razılığını da verib. Lakin qabaqcadan da proqnozlaşdırıldığı kimi, cəbhəçilərin sədri də daxil təşkilatçıların iştirak etmədikləri piketi birincilər şəhərin mərkəzində əslində polis-vətəndaş qarşıdurmasına çevirib, bəlli mərkəzlərə və çevrələrə operativ şəkildə dezinformasiyalar ötürüb, əvəzində bir “molodes” və növbəti təxribat layihələri üçün maddi vəsait almağa ümidliydilərsə də, asayişi mühafizə qüvvələrinin aşkar təmkinli, mədəni davranışı və peşəkarlığı, vətəndaşlara həssas münasibəti müəyyən təxribat senarilərinin qarşısını aldı. Aksiyaçıların müəyyən qismi, Kərimlinin guya piketi müşahidə bəhanəsilə həmin məkana sosial şəbəkə üzərindən çağıraraq əslində mitinq təşkil etməyə çalışdığı, beləliklə də, sonuncuları polis əməkdaşları ilə qarşıdurmaya cəlb etmək istədiyi tərəfdarlarının gücü isə mərkəzdəki zibil urnalarını aşırmağa yetdi.

Həmişə belə olur...Hakimiyyət orqanlarının demokratik prinsiplərə hörmət göstərməsi, qanun və ədalət, humanizm mövqeyindən çıxış etməsi qarşı tərəfdə nədənsə yanlış olaraq “bizdən qorxdular, çəkindilər” formasında başa düşülür. Son illərin praktikasında ilk dəfə şəhərin mərkəzində piket keçirməyə rəsmi razılıq alsalar da, onu növbəti dəfə hakimiyyətə qarşı uğursuz və ucuz piar-şouya çevirmək cəhdi cəbhəçi-şurəvi “elita”nın islaholunmazlığının növbəti nümayişi oldu. Piketə dair icazəni zəiflik kimi qəbul edənlər paytaxtın icra və polis orqanlarının səbrindən, nümunəvi davranışından sui-istifadə edərək növbəti kütləvi aksiyanı metronun “28 May” stansiyasının ətrafında keçirmək istəyilə bağlı Bakı Şəhər ŞİH-ə müraciət edərkən də normal məntiqə və düşüncəyə malik olan istənilən şəxsə aydın idi və ya aydın olmalıydı ki, göstərilən məkan heç bir halda mitinq və ya digər kütləvi aksiya keçiriləcək yer deyil. Əksinə, əgər cəbhəçi-şurəvi məsulların doğrudan da dərdləri daim şikayətləndikləri sərbəst toplaşmaq haqlarından istifadə etmək idisə, bunu onlar qanunla rəsmən qadağan edilmiş məkanda, strateji əhəmiyyətli dövlət obyektinin düz qarşısında, əhalinin sıx, nəqliyyat intensivliyinin gur olduğu yerə bitişik ərazidə təşkil etməli deyildilər. Belə bir aksiyanın hətta nəzəri cəhətdən təşkili aidiyyatı dövlət, hüquq-mühafizə orqanlarını insanların təhlükəsizliyi baxımından əsaslandırılmamış risklə, vətəndaşların həyatlarını böyük təhlükə ilə üz-üzə qoya bilərdi.

Bu sadə və adi həqiqəti kimsə bilməsə də, millətə bir çox mətləblərdən dərs keçməyə öyrəncəli olmuş Şurayi-Millinin başbilənlərindən keçmiş komsomolçu, dünənki cəbhəçi, bugünün neobolşeviki, hakimiyyət, mənsəb və pul hərisliyi həmişə başına bəla olsa da, sudan quru şıxmağa adətkərdə olmuş, radikal cameədə intriqa rüzgarı əsdirməyin ən mahir bilicilərindən, siyasi boşboğazlığı, populizmi və demoqogiyası ilə yalnız virtual aləmdə baş qatan, ixtisasca hüquqşünas olan birisi - yoldaş Kərimli təbii ki, bilirdi. Onu da bilməmiş deyildi ki, paytaxt sakinlərini hakimiyyət nümayəndələri ilə qarşıdurmaya, vətəndaş itaətsizliyinə, kütləvi iğtişaşlara, əslində qanunçuluğun kütləvi şəkildə pozulmasına səsləmək və hər vəchlə buna sürükləmək ən azından inzibati məsuliyyət doğurur. Universitetin hüquq məzunu olan birisi üçün belə məsuliyyətsiz publik çağırışlar etmək, qanunları görməzdən gəlmək isə yumşaq desək, bağışlanılmaz qəbahət, cinayətə bərabər məsuliyyətsizlik, şəxsi qisasçılıq, revanşist hislərini, korporativ maraqlarını milli və dövlət maraqlarından üstün tutmaq cəhdidir.

Yeri gəlmişkən, başabəla sədrin-hüquqçunun hüquq elminin əlifbası ilə heç bir əlaqəsi olmayan cəfəng iddiaları bununla bitmir. 19 oktyabr öncəsi polis əməkdaşlarına müraciət edən adam guya təəssübkeşlik edirmiş kimi asayiş keşikçilərinə dünyanın gərdişindən, gəlib-keçmişindən, cəmiyyətdəki bərabərsizlikdən bəhs edərək əsas mətləbə keçir, “səhv mövqe tutmamağa”, “millətə qoşulmağa”, “siyasi sifarişi yerinə yetirməməyə” çağırış bəhanəsilə onları faktiki əmrə tabe olmamağa təhrik edir.

Son 20 ildə müxalifətin radikal kəsiminin mitinq, yürüş sərgüzəştlərinə şahidlik etdiyimizdən bu müddət ərzində həmin cameənin liderlərinin polisə yönəlik çoxsaylı müraciətlərini görmüşük. Belə psevdomüraciətlərin hələ o zamanlar da respublikamızda sabitliyin, əmin-amanlığın qorunmasında maraqlı olmayan, burada sözəbaxan bir oyuncaq rejimin hakimiyyətə gəlməsi üçün “səylər” göstərən əcnəbi dövlətlərin və dairlərin mətbəxində hazırlandığı şübhə doğurmayan məşhur “Müxalifətin mitinq taktikası” adlı bir bədnam sənədin mahiyyəti və məğzi ilə eyniyyət təşkil etməsini də nəzərdən qaçırmaq olmaz.

Son müraciətində oktyabrın 8-də Bakının mərkəzində keçirilmiş icazəli piketdə “Azərbaycan Polisində peşəkarlığa doğru canatmanı” gördüyünü nəhayət ki, dilə gətirməyə bəlkə də məcbur olan cəbhəçibaşı gecikmiş, lakin sözünün altında da bir “əmması” olan belə bir etirafı etdiysə də bu, onun səmimiyyətindən, əməkdaşlara olan hansısa sevgisindən deyil, etdiyi, yaxud törədə biləcəyi hüquq pozuntularından özünü sığortalamaq, qabaqdangəlmişlik etməsindən irəli gəlir. Adam radikal cameənin mitinqlərində illərdir polislə yanaşı addımlayır, bu müddətdə onun peşəkarlığının yüksəldiyini etiraf edir, lakin yaxından tanıyanların, dünənki məsləkdaşlarının, tələbə yoldaşlarının etiraflarına görə, bu şəxs riyakarlıq, pul və hakimiyyət hərisliyindən, əqidədaşlarının və tərəfdarlarının gözlərinin içinə baxaraq yalan söyləmək, iftira və böhtan atmaq, arxadan zərbə vurmaq və s. bu kimi xarakterik mənfi cəhətlərindən, daha doğrusu, artıq gündəlik həyat, yaşam tərzindən qurtulmayıb və belə bir ehtimal yaxın gələcək üçün də görünmür.

Cəbhəçibaşı “mənzil-qərargahındakı” studiyasından, sosial şəbəkəsindəki səhifəsindən insanları de-fakto və de-yure olaraq qanunları, cari il oktyabrın 19-da “28 May” metrostansiyasının qarşısında toplaşmağa səsləməklə onların təhlükəsizlik, istirahət və digər təbii hüquqlarını pozmağa açıq çağırış edir, azsaylı tərəfdarlarının qınağına tuş gələcəyindən ehtiyatlanaraq məcburiyyət qarşısında yaşadığı evi tərk edərək məlum olayla əlaqədar sosial şəbəkələrdə yayımlanmış kadrlardan da göründüyü kimi, aşkar qorxu içində və həyəcanlı şəkildə, necə deyərlər, sarısını udmuş halda, əsasən xanım jurnalistlərin əhatəsində icazəsiz mitinqin keçiriləcəyi yer istiqamətində bir neçə yüz metr hərəkət edir, peşəkarlığını da vurğuladığı polisin ətrafındakı vətəndaşlarla olduqca kübar, mədəni və təmkinli davranışından özünə gələrək ənənəvi ampluasına qayıdır. Burada o, artıq neçənci dəfə ictimai asayişin kobud şəkildə pozulmasına yönələn hərəkətləri davam etdirdiyindən əməkdaşlar tərəfindən saxlanılaraq polisin xidməti avtomobilinə mindirilir.

Sonrası sosial şəbəkələrdə yayılmış, qanunsuz aksiyaya cəhdin gedişini işıqlandıran KİV təmsilçilərinin paylaşdıqları kadrlardan da bəlidir. Yəni paytaxtın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həmin qanunazidd hərəkətlərin qarşısı alınmış, toplantıların təşkili və keçirilməsi qaydasının tələblərini pozduqlarına görə 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Paytaxtın mərkəzində icazəsiz aksiyanın qarşısının qətiyyətlə alınmasından bir neçə saat sonra belə qanunsuzluğun əsas təşkilatçısı yaşadığı mənzildə “Əli bəyin studiyası”na alın nahiyəsinə yapışdırılmış pambıq tamponu ilə çıxaraq guya mindirildiyi avtobusda özünün də sevimli mövzusu - işgəncəyə məruz qalmasından, bu xüsusda Osmanqızının axıtdığı timsahvari “dejurnı” göz yaşlarından sonra bir az da inandırıcı olsun deyə, həyatına qəsd olunmasından bəhs edir, demokratiya yolunda qurban qismində canını xalqa fəda etməyindən dəm vurur. Diqqətli tamaşaşı da elə ilk sözlərindən, kadrlardan da cəbhəçibaşının utanıb-qızarmadan ağ yalan danışdığının, bu şəxsin qəfil üzə çıxmış ekstrasensor, rengenoloq “qabiliyyəti”nin, digər tibbi sahələrin mahir “bilicisi” olmasınıın fərqindədir. Adam gah baş boyun, bədən, digər həyati vacib orqanların sürəkli təpiklənməsindən, gah boğulmasından, gah da guya qabırğasının qırılmasından elə şövqlə və maraqla bəhs edir ki, sanki Osmanqızına və seyrçilərə Məlikməmmədin nağılını danışır....

Elə ilk baxışdaca tampon istisna olmaqla, Kərimlinin vizual görüntüsü ilə danışıqlarının arasında böyük təzad olduğu görünür. O da aydındır ki, ictimai rəyi üzərinə yönəltməklə əslində onu aldatmağa hesablanmış bu taktiki gedişi cəbhəçi sədrin növbəti dəfə əsas səbəbkarı olduğu xoşagəlməz durumdan, yəni ən azından inzibati məsuliyyətdən yayınmaq məqsədi güdürmüş. Məsələylə bağlı DİN-dən və Baş Prokurorluqdan verilən açıqlamalrda Kərimlinin artıq neçənci yalanı ifşa olundu. Forsmajor situasiyalar üçün hər zaman hazırlıqlı olan bu şəxsin, adətən, təşəbbüskarı olduğu neqativ sonluqlu proseslərdən maksimum az zərərlə çıxmaq bacarığı, hər kəsi ayaq altına ataraq hətta ən yaxın dostlarının üzərindən adlayaraq keçmək, hər kəsi qurban verib, sonda qalib formasında mediada poza vermək məharəti, ağ yalanı belə həqiqət donunda ətrafındakılara sırımaq qabiliyyəti onu yaxından tanıyanlara yaxşı məlumdur.

O da yaxşı məlumdur ki, Kərimli uzağı 1 ay müddətinə inzibati qaydada həbs olunmaq təhlükəsini sovuşdurmaq, özünə alibi qazanmaq üçün bu dəfə də qabaqdangəlmişlik edib, polsi təxribata cəlb etmək qəsdilə sözügedən avtobusda da dinc durmayaraq başını dəmir barmaqlıqlı qapıya vuraraq alnından xəsarət alıb. Məşhur bir tamaşanın personajının dili desək, bu da sənə “priçina”, saxlanılmaq üçün səbəb (?!) Ya da yenə bir atalar sözündə deyildiyi kimi, oğru elə bağırdı ki...Öz günahlarını başqalarının boyuna yıxmaq, ya da yükləmək, tam əksinə başqalarının uğurlarını adına çıxmaq, hər vəchlə məsuliyyətdən qaçmaq bacarığı deyəsən növbəti dəfə də işinə yarayacaq bu şəxsin. Gün kimi aydındır ki, onun Osmanqızının saxta göz yaşlarının, digər “görkəmli” xanım- Hacıbəylinin bir para əcnəbi diplomatlarla aramsız telefon danışıqlarının, daha doğrusu vay-şüvənliyinin ümidinə qalmasının yekununda cəbhəçibaşının şıltaq, ərköyün istəklərinin reallaşması durur. Xanımlardan söhbət düşmüşkən, bir nüansı da gözdən qaçırmaq olmaz ki, Kərimlinin siyasətdə olmasa da, bu sarıdan bəxti gətirib. Çünki əhatəsindəki həmcinsləri ona hüdudsuz və haqsız istəklərinin qarşılığında dirsək göstərdikləri, yaxud gurultulu bir bəyanat verib partiya sıralarını tərk etdikləri, Kərimlinin “əsarətindən” qurtulduqları halda zərif cinsin təmsilçiləri bu simpatik siyasi tipin bir çox istəklərini cin lampa sahibinin əmrindən çıxmadığı kimi, adətən yerinə yetirirlər. Sonunda məhbəs, ayrılıq olsa belə... Sonuncu mövzuda onun xanım müavininin partiya kassasına, yaxud “obşak”a xaricdən göndərilən pulun qonşu respublikaların birindən az qala qaçaqmal yolu ilə gətirilməsi və biabırçı dönüşü, yaxud hazırda radikal düşərgənin qrant və qalmaqallar kraliçası roluna iddialı, özünü bu zamanların “Tereza anası” kimi sınayan digər xanımla bir vaxtlar isti münasibətlərini nümunə göstərmək olar...

İndi belə birisi durub da məsuliyyətdən, mənəvi komplekslərdən uzaq şəkildə polis işgəncəsindən danışır. Daha demir ki, Əlahəzrət təsadüf olmasaydı, sən hələ bu gün də ailəsinə şiddət yaşadan, onlara işgəncənin hər növünü verən, ən yaxının və müavinin olan birisinin işləklərindən nəinki xəbərdar idin, hətta onun bu qanunsuz hərəkətlərini malalamaqla, olayın ictimai rəyə, KİV-lərə sızmaması üçün hətta siyasi “yengə” rolunda məsələni ört-basdır etməklə məşğul idin. Bir hüquqşünas kimi belə hüquqazidd əməlləri bilib aidiyyatı üzrə dövlət orqanlarına məlumat verməməyin məsuliyyət doğurduğunu da hamıdan yaxşı bilir...

İqtidarı insan hüquqlarının pozulmasında, hakimiyyəti əldən verməməkdə ittiham edənlər illərdir müxalifət düşərgəsində "əvəzedilməz lider" statuslarını qoruyub saxlamaq üçün min oyundan çıxır, demokratiyadan, universal, liberal dəyər və prinsiplərdən dəm vura-vura avtoritarizmdən, despotizmdən o yana gedə, gənclərin önünü aça bilmirlər, rəhbərlik etdikləri partiyaları "ailə podratı" kimi işlədirlər. Seçkilər yolu ilə hakimiyyətə gəlməyi hədəfləmiş, yalnız qanuni vasitələrlə bu yolu getməli olan digər partiyalar, onların rəhbərləri kimi AXCP sədrinin də bu istiqamətdə məramı, məqsədi dinc mübarizə olmalıdır. Sonuncu aksiyaya cəhddə minlərlə insanın hüquqlarının, o cümlədən bəzi ekspert hesablamalarına görə, ölkə Konstitusiyasının 10-dək maddəsinin, aidiyyəti qanunvericilik aktlarının kobud şəkildə pozulmasının, asayişi, bəzi vətəndaşların hakimiyyət təmsilçilərilə qarşıdurmasının birbaşa təşkilatçısı olasan, cavab vermək lazım gələndə isə iqtidarı günahlandırasan. Əcəb məntiq və mühakimədir! Əgər doğrudan da söylədiklərinə Kərimlinin özünün az-çox inamı, etibarı olsaydı, o zaman oktyabrın 19-da şəhərin mərkəzində vətəndaşlara yaşatdığı diskomforta görə insanlardan üzr istəyər, 20 ildir urvatdan saldığı partiyanın sədri vəzifəsindən istefa verərdi, ikiəlli həmin postdan yapışıb qalmazdı. Təbii ki, cəbhəçibaşından belə bir alicənab, məsuliyyətli addım gözləməyin mənası yoxdur. Olduqca diqqətə və təqdirəlayiqdir ki, Kərimlinin və onun güruhunun yerinə belə alqışlanası addımı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov atıb. Əvəzində başabəla sədrin və təmsil etdiyi qaragüruhun ötürdüyü “donos”lar sayəsində bəzi Avropa strukturları da oktyabrın 19-da Bakıda polis əməkdaşlarının vətəndaşlara qarşı guya aşırı güc tətbiqindən narahat olub, hakimiyyəti belə halların araşdırılmasına çağırıblar. Radikal cameəni hər zaman kor-koranə müdafiə edən, polisi isə hər zaman qınayan bəzi Avropa təşkilatları elə “köhnə qitə”nin özlərini demokratik adlandıran bəzi dövlətlərin paytaxtlarında son dövrlər cərəyan edən hadisələrə, polis-vətəndaş qarşıdurmasını əks etdirən olaylara, kadrlara nəzər salsalar, o zaman keçən şənbə azərbaycanlı asayiş keşikşilərin peşəkarlığından və insanlara qarşı nəzakətli davranışından yalnız qürur hissi keçirərdilər.

Avroparlamentarilərə qısa bir xatırlatma. İndi Azərbaycan hökumətinə vətəndaşların sərbəst toplaşmaq azadlığının təmininə, oktyabrın 19-da radikalların paytaxtın mərkəzində bilərəkdən yaratmaq istədikləri xaosun, qarışıqlığın qarşısı alınarkən guya aksiyaçılara qarşı aşırı gücün tətbiqinə dair xatırlatmalara gəldikdə qeyd olunmalıdır ki, bu sahəni tənzimləyən əsas beynəlxalq sənədlərdən birini- Mülki və siyasi hüquqlara dair aktı müstəqilliyin formal olaraq elan olunduğu vaxtdan az sonra-1992-ci ildə, Kərinlinin AXC-Müsavat cütlüyünün əsas simalarından biri olduğu zaman mərhum Ə.Elçibəy ölkəmiz adına imzalamışdır. Sözügedən həmin aktda, əlaqədar digər normativ-hüquqi sənədlərdə, xüsusən “Sərbəst toplaşmaq haqqında” AR Qanununun “Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər” adlı 7-ci maddəsində də göstərilir ki, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

Oktyabrın 19-na nəzərdə tutulmuş razılaşdırılmamış mitinqə cəhdin əsl niyyətinin ölkədəki, xüsusən paytaxtdakı sabitliyi, əmin-amanlığı pozmaqla hakimiyyəti yenidən zəbt etmək, qarışıqlıq, xaos mühiti və hakimiyyət vakkumu yaratmaqla ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq məqsədi güddüyünü, məhz elə buna görə son yarım ayda radikal müxalifətin üç aksiya təyin etdiyini bütün açıqlığı ilə bilən aidiyyatı dövlət qurumları nəinki öz lideri Elçibəyə, elə dövlətçiliyə, müstəqilliyə də xəyanət yolunu tutmuş cəbhəçibaşının və onun dönük sağ-solunun əsl niyyətlərinin reallaşmasına yol vermədilər və heç bir halda yol verməzdilər də.

Oktyabrın 15-də dövlət başçısının yanında keçirilmiş iqtisadi müşavirədə etdiyi proqram xarakterli nitqində ölkə Prezidenti cənab İlham Əliyev respublikamızda keçirilən sosial-iqtisadi islahatların daha da dərinləşdirilməsi, əhalinin maddi rifah halının, yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına, dövlət idarəçiliyinin səmərəliyinin artırılması və digər istiqamətlərdə kompleks təşkilati-praktik tədbirlərin həyata keçirilməsinin zərurliyini bildirdi, həmin sahələrdə konkret addımların atılmasına dair tapşırıqlar verdi, belə məqsədyönlü siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha vurğuladı.

Yeri gəlmişkən, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Prezidentin yanında keçirilən məlum müşavirədə möhtərəm dövlət başçımız məmnunluql qeyd etdi ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Məlumat üçün bildirək ki, bu hesabat dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanıb dərc edilmişdir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində ölkəmiz 37-ci yerdədir. Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu yerdədir. Bütün bunlarsa onu göstərir ki, məqsədyönlü, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir.

Xaricdən edilən ciddi təzyiqlərə, radikal düşərgənin bütün qara-qışqırığına baxmayaraq, ölkə rəhbərliyi tərəfindən cəmiyyət həyatının bütün sahələrində inqilabi xarakterli reformalar həyata keçirilir. Radikalların nümunə kimi tez-tez istinad etdikləri “rəngli inqilablar”ın, daha doğrusu özündə xarici müdaxilə ilə qanlı dövlət çevrilişlərinin həyata keçirildiyi ölkələrin dəm tarixi bir daha sübut edir ki, necə adlandırılmasından asılı olmayaraq zorakılıqlarla müşayiət olunan olaylarla hər hansı cəmiyyətdə, ölkədə müsbətə doğru nəyinsə dəyişəcəyinə ümid etmək mənasızdır. Bunun üçünsə ilk növbədə ölkəmizdə olduğu kimi, seçicilərin mütləq əksəriyyətinin dəstəklədiyi, dünya iqtisadiyyatını, diplomatiyasını və siyasətini dərindən bilən, beynəlxalq güclərin bölgədəki maraqlarını milli maraqlarımızla uzlaşdıraraq təmin edən xarizmatik bir lider və dayanıqlı hakimiyyət, xalq-iqtidar birliyi və islahatları həyata keçirmək üçün güclü siyasi iradə mövcud olmalıdır. Belə ilkin şərtlərsiz istənilən şərait milli maraqları, liderini güdaza verərək hakimiyyət hərisliyini təmin edəcək Kərimli tipli populist və marionet liderciklər yetişdirə bilər, vəssalam. Hazırda hakimiyyətə qarşı münasibətdə özünü neobolşevik, anarxist kimi aparan cəbhəçibaşı və onun kimi antimilli ünsürlərə ibrətamiz bir xatırlatma. Çar Rusiyasının axır-uxur vaxtlarında çağırılmış Dövlət Dumasının 10 may 1907- ci il tarixli iclasında bolşevik və anarxistlərə yaxın deputatların səsləndirdikləri inqilabi şüarlara cavab verən dövrünün məşhur reformatoru, Baş nazir Pyotr Stolıpinin sonradan aforizmə çevrilmiş bir fikrini müasir interpretasiyada belə də səsləndirmək olar: ”Bəylər və xanımlar! Sizlərə “rəngli inqilablar”, qanlı çevrilişlər, bizlərə isə müstəqilliyi, dövlətçiliyi əbədi və dönməz olan qüdrətli Azərbaycan lazımdır!”.

Hakimiyyət təmsilçilərindən, polis əməkdaşlarından rəhbərliyin verdiyi əmr və tapşırıqların sorğulanaraq icra olunmamasını, “xalqın” tərəfinə keçməyi gözləyənlər əmin ola bilərlər ki, onlar saysız-hesabsız qurbanlar bahasına qazanılmış, xalqımızın çoxəsrlik arzularının nəticəsi olaraq meydana gəlmiş, ötən əsrin əvvəllərində süquta uğrasa da sonlarında bərpa olunmuş müstəqilliyimizin yenidən naşı əllərə düşməsinin, necə deyərlər, qatarlarının ötüb keçməsinə rəğmən "bəlkə də qaytardılar" prinsipi ilə yaşayan, iyirmi altı il öncə hakimiyyətdən üzüsulu getmiş, möhtərəm Prezidentimizin sözləri ilə desək, müxalifətin naftalin iyi verən liderlərinin, antimilli, xəyanətkar, satqın qruplaşmalarının heç bir əsas olmadan yenidən iqtidarı qanunsuz yollarla zəbt etmə cəhdlərinin, qanunsuz əməllərinin qarşısını qətiyyətlə alacaqlar.

Orxan Mansurzadə,

polis polkovniki