- Tribuna
- 26 Oktyabr 2019 20:06
- 7 414
İlham Əliyev dənizə çıxışı olmayan ölkələr üçün yeni siyasət kursu təklif etdi
Nəzakət Məmmədova: “Bununla Azərbaycan sübut edir ki, biz dünyada sülhün, əminamanlığın və təhlükəsizliyin qorunmasında maraqlıyıq”
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Prezident İlham Əliyev söylədiyi nitqində ölkəmizin dünya miqyasında göstərdiyi humanitar missiya və dənizə çıxışı olmayan ölkələrin üzləşdiyi problemlərdən danışıb:
“Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirilməlidir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir”. Bununla Azərbyacan sübut edir ki, Cənubi Qafqazda yerləşən kiçik ölkə olmasına baxmayaraq, dünyanı narahat edən qlobal problemlərin həllinə də öz töhfəsini verməyə hazırdı. Azərbaycanın bəşəri əhəmiyyət daşıyan bu çağrışını necə dəyərləndirmək olar?
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hər bir ölkə dünya siyasətində söz sahibi olmaq, öz nüfuzunu artırmaq istəyirsə, beynəlxalq humanitar aksiyalarda iştirak etməlidir: “Bunu ABŞ kimi fövqəldövlət də edir, Türkiyə, Rusiya və s. ölkələr də. Bu həm BMT-nin və digər beynəlxalq təşkilatların nizamnaməsinə uyğundur, həm də müasir dövrün tələbidir. Əsas olan odur ki, ölkəmiz humanitar yardımlara möhtac ölkə yox, bu yardımı etmək potensialı və iqtidarında olan ölkədir. Halbuki, 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazandığı vaxtlarda bir çox ölkələr ehtiyacımız olduğu halda, Azərbaycana yardım etməkdən imtina etdilər, əksinə, işğalçı Ermənistana yardım etdilər. Məsələn, 907-ci Düzəliş buna bariz misaldır. Lakin zaman keçdi və Azərbaycan yardıma ehtiyacı olan ölkədən yardım edən ölkəyə çevrildi. Bu, ölkəmizin dinamik inkişafı sayəsində mümkün oldu. Xarici humanitar yardımlar müasir beynəlxalq münasibətlər sisteminin əsas vasitələrindən biri olan yumşaq güc diplomatiyasının əsasını təşkil edir. Azərbaycan diplomatiyasının yumşaq güc istiqaməti əsasında inkişafında birinci vitse-prezident Mehriban Əliyevanın rolu danılmazdır. Onun ölkə xaricində humanitar missiyaları Azərbaycanın xeyriyyəçi, humanist dövlət imicinin formalaşmasında böyük rol oynayəb. Mehriban Əliyevanın ölkə daxilində və xaricində fəaliyyəti ən həssas, ağır sahələri əhatə edir. O, ölkə xaricində, o cümlədən erməni diasporunun fəal olduğu ölkələrdə ermənilərin anti-Azərbaycan təbliğatını alt-üst edir. Azərbaycanın yüksək mədəniyyətin beşiyi olan müasir dövlət olduğunu bütün dünyaya çatdırmaqla, bunun əksini iddia edən ermənilərin və onların havadarlarının qəlbinə öz fəaliyyəti ilə xəncər kimi saplayır. ATƏT-in Minsk Qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının üzvü, illərlə antitürk və anti-Azərbaycan siyasəti ilə seçilmiş, Dağlıq Qarabağın qondarma rejimi ilə qardaşlaşmış şəhərlər adı altında əməkdaşlıq edən Fransanın mərkəzində ölkəmizin təbliğatını qurmaq, bu işdə şəxsən iştirak edərək Fransanın ən nüfuzlu siyasətçilərini Azərbaycanın dostuna çevirmək məhz Mehriban xanımın fəaliyyətinin nəticəsidir. Ermənilərin illərlə xaricdə apardığı anti-Azərbaycan təbliğatı puç edən də məhz Mehriban xanımdır. Onun uğurlu fəaliyyəti həm də dünya siyasətində böyük nüfuza malik olan güc mərkəzi, Avropa ölkələrinə və ABŞ-ın siyasətinə təsir imkanları olan Vatikanla yaxın əməkdaşlıqda da özünü qabarıq göstərir. Bu cür nüfuzlu güc mərkəzləri ilə yanaşı, Pakistan, Misir və yardıma ehtiyacı olan digər müsəlman ölkələrinə yardımlar edilməsi, məktəblərin açılması, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün yardımlar edilməsi xüsusi qeyd edilməlidir. Ölkə başçısının dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərlə bağlı qaldırdığı məsələ isə bəşəri problemlər sırasına aiddir. Bununla Azərbaycan sübut edir ki, biz dünyada sülhün, əminamanlığın və təhlükəsizliyin qorunmasında maraqlıyıq. Digər ölkələrdən də bu münasibəti gözləyirik. Çünki biz də ərazi itirmişik, Ermənistanın terror təhdidi ilə üz-üzəyik”.
Nəzakət Məmmədova
politoloq