Hər bir azərbaycanlının ən böyük arzusu milli bayrağımızın Azərbaycan Respublikasının bütün ərazilərində dalğalanmasıdır Hər bir azərbaycanlının ən böyük arzusu milli bayrağımızın Azərbaycan Respublikasının bütün ərazilərində dalğalanmasıdır
  • Tribuna
  • 8 Noyabr 2019 15:34
  •  5 760

Bayraq işığı

Hər bir azərbaycanlının ən böyük arzusu milli bayrağımızın Azərbaycan Respublikasının bütün ərazilərində dalğalanmasıdır

Vətən sevgisi yaxşı əxlaq, yaxşı əxlaq da vətən sevgisi doğurur! Sabah- noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür və bu əlamətdar gün ərəfəsində mən fransız mütəfəkkiri Şarl Lui Monteksyönün aforizmini sözümün başında təsadüfən xatırlatmıram. Hər biriniz çox gözəl bilirsiniz ki, dövlət bayrağımızın rəngləri Türk, İslam və Avropa mədəniyyətlərinin sintezini əks etdirir. Bu mənayi- mənəviyyənin dərinliyinə vardıqca, müstəqil Azərbaycanın bir dövlət olaraq dünyanın siyasi xəritəsində nə qədər özünəməxsus və aktual yer tutması, mədəniyyətlərarası dialoqa böyük töhfələr vermək potensialı, dünyada sülhün və əmin-amanlığın bərqərar olması üçün bəşəri bir missiyaya sahib olması çox aydın görünür. Bu özünəməxsusluğu, aktuallığı, potensialı, missiyanı yaradan isə bir xalq və cəmiyyət olaraq min illərdir daşıdığımız, yaşatdığımız, bayrağımızın üzərinə həkk edərək hər kəsin görə biləcəyi bir şəkildə göylərə ucaltdığımız dəyərlərimiz, ənənələrimiz, həyat tərzimizdir.

Bəli, Azərbaycan insanlarının həyat tərzinin, dünyagörüşünün təməli, xalqımızın keçmişdən gələcəyə uzanan müstəqillik uğrunda mübarizə yolunda adına “ənənə” dediyimiz nəhəng körpünün fundamenti vətən sevgisindən doğan yaxşı əxlaq, yaxşı əxlaqdan doğan vətən sevgisidir. O körpünün altından keçən çay- zaman isə heç də həmişə dum-duru olmayıb, bəzən boz-bulanıq, bəzən də qan qırmızı axıb... Babəkin kəsilmiş qolları, Nəsiminin dərisi soyulan təni, tariximizin adlı-adsız neçə qəhrəmanının kəfəni yuyulub o çayda! Zaman fərdlərin, toplumların, xalqların azadlıq uğrunda mübarizəsi ilə “tarix” adını alır və o mübarizə uğurla bitəndə, milli uğur hekayəsinə, müstəqil dövlətə, bu gün prezident İlham Əliyevin mükəmməl surətdə gerçəkləşdirdiyi kimi, mərkəzində insan ləyaqəti, vətəndaş maraqları dayanan hürr siyasətə çevriləndə ömrünü millətinə həsr və fəda eləmiş adamların- maarifçilərin, siyasətçilərin, hərbiçilərin, lap elə əllərinin qabarı ilə vətənə övlad böyüdən zəhmetkeş insanların daxilindəki tükənməz işıq hopur bayrağa, gözlərinin nuru qumaşın üzərindəki ay-ulduzdan bərq vurur. Allah qəni-qəni rəhmət eləsin istiqlal şairimiz Bəxtiyar Vahabzadəyə, onun hər kəliməsi bayrağımızın ilmələri kimi qanla toxunulmuş misralarında deyildiyi kimi:

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
--- Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm!

Politoloji təsnifatda tarixi şəraiti dəyişən, dövlət quran, milli idealları ən müxtəlif düşmənlərdən qoruyan və həyatı bahasına gerçəkləşdirən liderlərə “bayraqdar” deyirlər. Bu baxımdan çağdaş Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan və dünya tarixində məhz bayraqdar lider kimi xarakterizə olunur. Ulu Öndər 1990-cı ilin 17 noyabrında Azərbaycan Xalq Cumhuriyyətinin üç rəngli dövlət rəmzini Naxçıvan Muxtar Respublikasının rəsmi atributuna çevirəndə o bayrağın işığından qorxanlar, kölgəsindən uzaq qaçanlar var idi. Ancaq o, öz böyük siyasi dühası və zəngin təcrübəsi ilə istiqlaliyyət üçün yaranan tarixi şansı ustalıqla dəyərləndirərək heç nədən çəkinmədən, heç bir mümkün təzyiqə məhəl qoymadan o bayrağın işığının bütün Azərbaycana və azərbaycanlıların qəlbinə yayılması, kölgəsindəki qaraca torpağın azad insanların vətəninə çevrilməsi üçün prinsipial mövqe nümayiş etdirdi. Bununla müstəqil Azərbaycanın dövlət quruculuğuna start verilmiş oldu. 2009-cu ildən etibarən isə, prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci ildə üç rəngli bayrağı öz rəmzi elan etdiyi gün- 9 noyabr ölkəmizdə Dövlət Bayrağı Günü kimi rəsmən və təntənəli şəkildə qeyd olunur. Əlbəttə, hər bir azərbaycanlının ən böyük arzusu milli bayrağımızın Azərbaycan Respublikasının bütün ərazilərində dalğalanması, torpaqlarımızın işğaldan azad olunaraq doğma ay-ulduzuna qovuşmasıdır. Sadə vətəndaşlarımızın bu arzusu, heç şübhəsiz, Azərbaycan iqtidarı üçün bilavasitə tarixi hərbi-siyasi vəzifədir. Əminəm ki, dövlət başçımız, cənab İlham Əliyevin ardıcıl, qətiyyətli, prinsipial və sistemli fəaliyyəti nəticəsində Qarabağ səmalarının saralmış və çürümüş bez parçalarından təmizlənəcəyi, üç rəngli bayrağımızı iftixarla sinəsinə çəkəcəyi gün uzaqda deyil, yaxında, çox yaxındadır!

Taleh Şahsuvarlı

AzNews.az xəbər portalının Baş redaktoru