Azərbaycan xalqı gələn il daha yaxşı yaşayacaq - Musa Quliyev

Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır

Prezident İlham Əliyevin Şamaxıya səfəri, səfər zamanı etdiyi açılışlar, keçirdiyi görüşlər, söylədiyi fikirlər Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Cənab Prezidentin bu səfəri bir daha göstərdi ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti həmişə xalqın, vətəndaşın yanındadır.

Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib.

Deputat bildirib ki, bu ilin əvvəlində Şamaxıda baş verən zəlzələdən sonra Prezidentin operativ reaksiyası xalqa göstərilən diqqətin daha bir bariz nümunəsi idi: “Həmin vaxt cənab Prezidentin bölgəyə səfər etməsi, sakinlərlə görüşməsi, o cümlədən dağılan evlərin yerinə yeni evlərin tikilərək vətəndaşlara təqdim edilməsi barədə tapşırıq verməsi və bu tapşırığın qısa müddətdə icra olunması, eyni zamanda Prezidentin bu evlərin açılışında da iştirak etməsi bu gün Şamaxı sakinləri tərəfindən çox böyük razılıqla qarşılanır.

Dünənki tədbirdə də biz bunu gördük. Eyni zamanda, cənab Prezident Şamaxıda çox ciddi mesajlar verdi. Dövlət başçısı söylədi ki, Azərbaycan dövləti Azərbaycan xalqını müdafiə edir, qoruyur. Əlbəttə, onu müdafiə edən, qoruyan Prezidenti xalq da qoruyur və onun yanındadır. Şamaxı səfəri bir daha sübut etdi ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan xalqı, xalqın sosial rifahı dayanır və xalq da bunu qiymətləndirir”.

M.Quliyev vurğulayıb ki, Azərbaycanda xalqa göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır: “2020-ci ilin büdcəsi də Azərbaycan reallığı nəzərə alınmaqla hazırlanıb. Bu büdcənin sosialyönümlü olması bir daha göstərir ki, dövlətin əsas məqsədi xalqın yaşayış rifahının yaxşılaşdırılmasıdır. Gələn il də belə olacaq. İnflyasiyanın aşağı həddə olması bir daha onu göstərir ki, Azərbaycan xalqı gələn il daha yaxşı yaşayacaq. Əlbəttə ki, bütün bunlara dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində nail olunub”.

Deputat əlavə edib ki, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub: “Bu il ölkəmizdə sosial müdafiə sahəsində xüsusi əhəmiyyətli bir il oldu. Bir-birinin ardınca həyata keçirilən sosial paketlər ölkədə sosial inkişafı, sosial rifahın yüksəldilməsini təmin etdi. Təkcə 2019-cu ildə minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artırıldı, iki sosial paketin əhatə dairəsi 4,2 milyon vətəndaşı əhatə etdi. Xalq bütün bunları öz həyatında hiss edir və daim dövlət başçısının ətrafında sıx birləşir”. (Trend)

AzNews.az