"Ermənilərin Dağlıq Qarabağ problemini təhrif edən və Azərbaycana ciddi ittihamlar səsləndirən filmi Kann festivalına çıxarılıb" "Ermənilərin Dağlıq Qarabağ problemini təhrif edən və Azərbaycana ciddi ittihamlar səsləndirən filmi Kann festivalına çıxarılıb"
  • Tribuna
  • 19 İyun 2020 17:35
  •  13 704

"Bu problemlər qurumlar arasında hələ də öz həllini tapa bilmir"

"Ermənilərin Dağlıq Qarabağ problemini təhrif edən və Azərbaycana ciddi ittihamlar səsləndirən filmi Kann festivalına çıxarılıb"

Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Milli Məclisdə mədəniyyət sahəsi ilə bağlı bir sıra problemləri səsləndirib, təkliflərlə çıxış edib və müvafiq qurumlara çağırışlar edib.

AzNews.az xəbər verir ki, millət vəkili, Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun lahiyəsinin müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib. Q.Paşayeva eyni zamanda bir sıra vacib təkliflərlə də çıxış edib.

O, ölkəmizin ən qədim tarixi abidələrindən olan, Tovuz rayonunda yerləşən Göytəpə qədim yaşayış məskəni ilə bağlı çağırış edib. Cənab prezidentimiz İlham Əliyevin Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan millət vəkili müvafiq qurumları bu sərəncamdan irəli gələn vəzifələri həyata keçirməyə çağırıb. O bildirib ki, işlərin ləngiməsi abidəyə özünün mənfi təsirini göstərir.

Xanım Paşayeva Tovuz rayonunda yerləşən Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Muzeyi və Tarix Diyarşünaslıq Muzeyində yaşanan işıq problemi barədə də danışıb: “Mədəniyyət sahəsində obyektlər təhvil verilərkən tam hazır şəkildə verilməlidir və buna nəzarət olunmalıdır. Tovuzda Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Muzeyi tikilib, istifadəyə verildi. İnanırıq ki, bu muzey aşıq sənətinə öz töhvələrini verəcək. Belə gözəl bir muzeyin tikilməsi üçün cənab Prezidentimizə bir daha minnətdarlıq edirik. Muzey artıq istifadəyə verilib, lakin hələ də elektrik problemi həll olunmayıb. İşıqlandırılmanın olmaması isə muzeyin fəaliyyətinə mənfi təsir göstərir. Eyni problem Tarix Diyarşünaslıq Muzeyində də yaşanır. Bu problemlər qurumlar arasında hələ də öz həllini tapa bilmir. Digər bir problem isə Azərbaycan Kino və Teatrının inkişafı ilə bağlı dövlət proqramının başa çatmasına baxmayaraq, bir sıra vacib məsələlərin öz həllini tapmaması ilə bağlıdır. Hesablama Palatasına rəylər verdiyinə və komitəmiz üçün önəmli təkliflər irəli sürdüyünə görə təşəkkür edirik. Məsələ ondan ibarətdir ki, ermənilərin Dağlıq Qarabağ problemini təhrif edən və Azərbaycana ciddi ittihamlar səsləndirən filmi Kann festivalına çıxarılıb. Ermənilərin bu əməllərini pisləməklə yanaşı, Qarabağ həqiqətləri mövzusunda Kann festivalına təqdim edə biləcəyimiz film hazırlamaq barədə düşünməliyik. Dövlət tərəfindən kino sahəsinə vəsait ayrılıb, dövlət proqramı həyata keçirilib. Çox böyük məbləğdə vəsaitlər xərclənib. Düşünürük ki, bu vəsaitlər müvafiq nazirlik tərəfindən heç də səmərəli xərclənməyib. Hörmətli Mehriban xanımın fəaliyyəti sayəsində Azərbaycan mədəniyyəti dünyada təbliğ olunur. Mədəniyyət sahəsi cənab Prezidentimiz İlham Əliyevin də ciddi nəzarətində olan sahələrdəndir. Hörmətli Arzu xanım Əliyevanın rəhbərliyi ilə də Azərbaycan tarixi ilə bağlı bir sıra filmlər çəkilib və dünya festivallarına çıxarılıb. Amma hesab edirik ki, mədəniyyət sahəsi ilə bağlı müvafiq nazirliyin və qurumların dövlətin bu istiqamətdə ayırdığı vəsaiti səmərəli xərcləməsinə və dövlət proqramın necə həyata keçirməsinə ciddi nəzarət etmək lazımdır. Çox təəssüf ki, kino və teatrla bağlı proqramların icrasında biz bu səmərəliliyi yetərli səviyyədə görə bilmirik. Hesablama Palatasının bu istiqamətdə irəli sürdüyü təklifləri də yüksək qiymətləndiririk. İnanırıq ki, gələcəkdə kino və teatr sahəsində vəsaitlərin ayrılması və xərclənməsi mexanizmlərində bu təkliflər nəzərə alınacaq.”