​“Azərbaycanın kollec sistemi əmək bazarının tələblərinə cavab vermir” – Məzahir Məmmədli

"Ümumilikdə, Azərbaycanda kollecləri bəlkə də ən uğursuz təhsil pillələrindən biri hesab etmək olar. Çünki kolleclərin yeni təhsil sisteminə uyğunlaşdırılması və bu sistemə adaptasiyası uzun müddət aparıb. Hərçənd ki, aidiyyəti qurumlar bu istiqamətdə müəyyən addımlar atır, tez-tez rəhbərlik dəyişiklikləri edilir, amma bu gün də kolleclərin əsas problemləri qalmaqdadır. Hazırda kollec məzunlarının əmək bazarında ciddi üstünlüyü yoxdur. Bir çox hallarda kolleclər ali məktəblərə qəbul imtahanında aşağı bal toplayan şəxslər üçün sadəcə keçid mərhələsi rolunu oynayır. Onlar gələcəkdə orta ümumi göstəricilərini yüksək saxlayaraq ali təhsil müəssisələrinə imtahansız qəbul olunmağa çalışırlar".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, texnologiyanın sürətli inkişafı, onlayn təhsil platformalarının geniş yayılması və əmək bazarındakı dəyişikliklər ənənəvi təhsil modellərinin gələcəyi ilə bağlı müzakirələri daha da gücləndirib. Xüsusilə, kolleclərin gələcəkdə öz aktuallığını itirəcəyi, yoxsa yeni təhsil modelinə uyğun şəkildə fəaliyyətini davam etdirəcəyi məsələsi gündəmdədir.

Ekspert bildirib ki, bu gün kolleclərə münasibət əsasən ali təhsilə keçid mərhələsi kimi formalaşıb.

"Çünki məzunlar anlayırlar ki, əmək bazarında onları geniş imkanlar gözləmir və bir çox hallarda peşəkar mütəxəssis kimi formalaşa bilmirlər. Hətta bəzi ixtisaslar üzrə hazırlıq səviyyəsinin də zəif olduğu qeyd edilir. Digər tərəfdən, kolleclərin əksəriyyəti universitetlərin nəzdində fəaliyyət göstərir. Buna görə də daha məqsədəuyğun variant kolleclərin universitet təhsilinin bir mərhələsinə çevrilməsi ola bilər. Yəni bu pillə subbakalavr dərəcəsi kimi formalaşdırıla bilər. Necə ki, hazırda subbakalavr dərəcəsi alan şəxslər müəyyən şərtlərlə ali təhsil müəssisələrinə imtahansız qəbul ola bilirlər, eyni model daha sistemli şəkildə tətbiq edilə bilər. Belə halda bakalavr, magistratura və doktorantura pillələrindən əvvəl ayrıca subbakalavr mərhələsi formalaşar. Bu model ali təhsilin tam proqramını davam etdirmək istəməyən şəxslərə də imkan yaradar ki, onlar 2-3 illik subbakalavr təhsilindən sonra məzun olub əmək bazarına daxil olsunlar. Eyni zamanda bu yanaşma təhsil sisteminin optimallaşdırılmasına xidmət edə bilər. Mövcud vəziyyətdə isə bu, kolleclərin ən real çıxış yollarından biri kimi qiymətləndirilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az