- Siyasi müzakirə
- 21:10
- 1 155
“Ohanyanın müharibə ritorikası sülh prosesini ləngidir” – Aydın Hüseynov
"Ermənistanda son dövrlər səslənən revanşist bəyanatlar bir daha göstərir ki, ölkə daxilində siyasi və ideoloji fikir ayrılığı hələ də davam edir. Baş nazir Nikol Paşinyan regionda sülh və kommunikasiyaların açılması ilə bağlı mesajlar versə də, keçmiş hakimiyyətə yaxın qüvvələrin fərqli ritorikası diqqət çəkir. Xüsusilə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan tərəfindən səsləndirilən müharibə xarakterli açıqlamalar həm Ermənistan cəmiyyətindəki daxili ziddiyyətləri, həm də sülh prosesinin nə qədər həssas mərhələdə olduğunu ortaya qoyur. 44 günlük Vətən müharibəsindən sonra regionda yeni siyasi reallıq formalaşıb. Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra əsas gündəm sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılmasıdır. Lakin Ermənistan daxilində bəzi siyasi dairələr hələ də keçmiş yanaşmalardan imtina edə bilmirlər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sülh gündəliyini önə çəksə də, ölkə daxilində fərqli mövqelər hələ də qalmaqdadır. 44 günlük Vətən müharibəsindən sonra yaranmış reallıqları qəbul etməyən bəzi qüvvələr sülh prosesinə alternativ yanaşma sərgiləyirlər. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan isə Azərbaycanın ünvanına sərt və müharibə xarakterli açıqlamalarla çıxış edib. Onun fikrincə, məğlubiyyətə baxmayaraq Ermənistan cəmiyyəti yenidən toparlanaraq mübarizəni davam etdirməlidir. Ohanyan həmçinin mövcud hökuməti tənqid edərək sərhədlərdəki vəziyyəti onun səriştəsizliyi ilə əlaqələndirib. Bu cür bəyanatlar ölkə daxilində siyasi gərginliyi artırır və mövcud ziddiyyətləri dərinləşdirir.
Deputat qeyd edib ki, həmin qüvvələr cəmiyyətdə revanşist ovqat formalaşdırmağa və məğlubiyyətin məsuliyyətini mövcud hakimiyyətin üzərinə yönəltməyə çalışırlar.
"Seyran Ohanyanın açıqlamalarında diqqət çəkən əsas məqam Azərbaycanın hələ də “düşmən” kimi təqdim olunmasıdır. Halbuki regionda davamlı sabitlik üçün qarşılıqlı etimadın formalaşması vacibdir. Müharibə ritorikası isə həm Ermənistan cəmiyyətində radikal düşüncəni gücləndirir, həm də sülh danışıqlarına mənfi təsir göstərir. Bu cür çıxışlar ilk növbədə Ermənistanın öz daxilində siyasi gərginliyi artırır və hakimiyyətlə müxalifət arasındakı qarşıdurmanı daha da dərinləşdirir. Digər tərəfdən, revanşist bəyanatlar beynəlxalq vasitəçilər və region dövlətləri tərəfindən də diqqətlə izlənilir. Çünki belə çağırışlar bölgədə yeni gərginlik riskini artırır. Reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda yeni müharibə heç bir tərəfin maraqlarına uyğun deyil. Regionun iqtisadi inkişafı, kommunikasiya xətlərinin açılması və təhlükəsizlik mühiti yalnız sülh şəraitində mümkündür. Müşahidə olunan mənzərə onu göstərir ki, Ermənistan daxilində siyasi parçalanma mövcuddur. Bir tərəfdə regionda sabitliyin vacibliyini anlayan və sülh gündəliyini önə çəkən hakimiyyət dayanırsa, digər tərəfdə keçmiş müharibə düşüncəsindən uzaqlaşa bilməyən revanşist qüvvələr mövcuddur. Bu ziddiyyət yaxın dövrdə Ermənistan siyasətində əsas müzakirə mövzularından biri olaraq qalacaq. Nəticə etibarilə, revanşist açıqlamalar sülh prosesini ləngidən əsas amillərdən biri sayıla bilər. Lakin regionda yaranmış yeni geosiyasi reallıq göstərir ki, uzunmüddətli perspektivdə qarşıdurma deyil, əməkdaşlıq daha real və faydalı seçimdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az