“Nə qədər ki, Ərdoğan hakimiyyətdədir…” - Deputat

“Sabah Dəmirəl kimi birisi Türkiyədə hakimiyyətə gəlsə, ən yaxın müttəfiqimiz Türkiyəni də itirəcəyik”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzusu ətrafında Moderator.az-ın bir neçə sualını cavablandırıb:

– Qüdrət bəy, Minsk qrupu həmsədrlərinin xarici işlər nazirlərinin danışığından sonra yaydığı bəyanata münasibətinizi bilmək istərdik.

– Növbəti dəfə həmsədr ölkələrin münaqişənin saxlanılmasında və işğalın davam etməsində maraqlı olması öz təsdiqini tapdı. Onlar Paşinyan hakimiyyətə gələndən sonra cəbhədə əldə olunmuş nisbi sakitlikdən məmnun olduqlarını ifadə ediblər. Çünki işğalçı erməni əsgərləri ölmür və Ermənistan qorxusuz-hürküsüz işğal etdiyi torpaqları məskunlaşdırır. Həmsədrlər bildiriblər ki, münaqişənin hərbi yolla həlli yoxdur, xalqları sülhə hazırlamaq lazımdır və cəbhə bölgəsində monitorinqlər keçirilməlidir. Bir cümlə ilə belə işğal olunmuş ərazilərin məskunlaşdırılması və işğalın davam etməsi pislənilməyib. Əslində başqa mövqenin sərgilənməsini gözləmək də sadəlövhlük olardı. ABŞ və Fransada ölkənin siyasətini müəyyənləşdirən siyasətçilərə güclü təsir imkanlarına malik erməni diasporası var, hər iki dövlət xristian ölkəsidir. Rusiya isə Ermənistanın hərbi-siyasi müttəfiqidir. Həm də biz müstəqil olmadığını bəyan etdiyimiz Ermənistanın xarici işlər nazirindən hansı addımın atılmasını gözləyirik ki?

– Onda nə edək? Gözümüzün qarşısında Qarabağ münaqişəsi Fələstin probleminə çevrilir.

– Bizim vəziyyət Fələstindən daha ağırdır. Ona görə iqtidarı Rusiya ilə danışmağa və nəticələri barədə xalqı məlumatlandırmağa çağırıram. Ya Rusiya münaqişənin həllinə razılıq verməli və biz səmimi hərbi- siyasi müttəfiqə çevrilməliyik, ya da Rusiya münaqişəni qoruyub saxlamaq siyasətini davam etdirərsə onunla münasibətlərə yenidən baxmalı,Azərbaycan Avroatlantik məkana inteqrasiya yolunu tutmalıdır. Yoxsa 130 il də Ermənistanla danışıqlar aparsaq, heç nə dəyişməyəcək.

Hökumət bizi daha güclü edəcək islahatları dərinləşdirmək istəyini ortaya qoyan kimi həmsədr ölkələr 5- ci kolonu canlandıraraq iqtidarı çevrilişlə qorxudub bütün təşəbbüslərdən çəkindirməyə çalışırlar.Bizim Rusiya ilə indiki zorən dostluğumuz Qərbin mütərəqqi və ədalətli kəsiminin də bizə inamını sarsıdır. Bizi onların ciddi dəstəyindən məhrum edir. Ona görə Azərbaycan Qarabağ məsələsində daha cəsarətli və çevik xarici siyasət yürütməlidir. Biz bir il ərzində geniş miqyaslı islahatlar aparmalı, Rusiya münaqişənin həllinə razı olmasa o zaman böyük risk etsək də torpaqlarımız uğrunda ölüm-dirim savaşına başlamalıyıq. Pakistandan və Türkiyədən hərbi yardım istəməliyik. Nə qədər ki, Ərdoğan hakimiyyətdədir, bunu etməliyik. O, Azərbaycanı sevən, müstəqil və qürurlu adamdır. Sabah Dəmirəl kimi birisi Türkiyədə hakimiyyətə gəlsə, ən yaxın müttəfiqimiz Türkiyəni də itirəcəyik. Ermənistanı işğala son qoymayacağı təqdirdə müharibənin qaçılmazlığına inandırmaq üçün böyük savaşa qədər, riyakar Minsk qrupu həmsədrlərinin açıqlamalarına əhəmiyyət vermədən, torpaqlarımızdakı işğalçı ordunun əsgərlərini hər gün öldürməyə çalışmalıyıq. Çalışmalıyıq ki, hər gün Ermənistana əsgər tabutları yola salınsın. Bizim sözdə yox, əməldə torpaqlarımızı işğaldan azad etməyə nə qədər qətiyyətli olduğumuza düşmən və onun havadarları əmin olmalıdırlar. Ermənistan tam əmin olmalıdır ki, onu kimin müdafiə etməsindən asılı olmayaraq müharibə başlasa o viran qalacaq.