"Onlar açıq şəkildə düşmənə informasiya əsgərliyi edirlər" - Deputat

"Təəssüflə deməliyəm ki, mən hələ burada bunu görmürəm"

“Siz insan haqları deyərək bar-bar bağıran, guya bununla bağlı Avropanın küçələrində tez-tez, daha dəqiqi tapşırıq gələndən-gələnə atlanıb-düşən “azərbaycanlılar” var ha, onlardan hansısa birinin torpaqlarımızda etnik təmizləmə siyasəti aparan, yüz minlərlə soydaşımızın öz yurd yerlərində yaşamaq hüquqlarını əlindən alan Ermənistanın işğalçı nasist rejiminə qarşı haçansa səslərini çıxardıqlarını görmüsünüzmü?"

AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev özünün “Facebook” səhifəsində yazıb.

S. Alıyev sözlərinə belə davam edib:

“Düz 6 il bundan öncə, iyulun 11-də doğmalrının işğal altındakı Kəlbəcərdə qalan məzarlarına baş çəkərkən iki soydaşımız- Dilqəm Əsgərovla Şahbaz Quliyev girov götürülmüşdülər. Bu 6 ildə insan haqları deyəndə qərbdəki bəlli qurumlardakı kimi timsah göz yaşı axıdan “azərbaycanlılar”ımızın bununla bağlı Ermənistanın Avropadakı səfirliyi qarşısında gözə kül üfürmək üçün olsa belə, etirazabənzər nəsə keçirdiklərini, yaxud da işğalçı nasist rejimin təmsilçilərindən bunun səbəbini soruşmaları haqda bircə xəbər duyub-eşitmisinizmi? Təbii ki, yox.

Dünən işğalçı nasist rejiminin Tovuzdakı mövqelərimizi ələ keçirmək cəhdlərinə orduxankimilərin reaksiyasını da yəqin gördünüz. Həmən rejimin ideoloqları baş verənləri necə şərh edirlərsə, oxşarını da "azərbaycanlı" adı daşıyan bu ünsürlər, "5-ci kolon" təmsilçiləri deyirdilər. Və onların dövlətmizə qarşı ikinci cəbhə açmağa çalışanların təhrikiylə dünən Lökbatanda Qarabağa yürüş adı altında qarşıdurmaya, çaxnaşmaya cəhd edən bəzi ünsürlərlə necə sinxron işlədikləri də ayıq sosial şəbəkə istifadəçilərinin diqqətindən yəqin yayınmadı.

Beləliklə, biz görürük ki, bu ünsürləri kollaborasionist adlandırmaq düzgün deyil. Çünki onlar açıq şəkildə düşmənə informasiya əsgərliyi edirlər.

Ümid edirəm ki, dövlətin uyğun strukturları “Qarabağa yürüş” adı altında əslində Ermənistanın işğalçı nasist rejiminin tam maraqlarına uyğun olaraq ölkəmizdə çaxnaşma yaratmağa çalışanlara qarşı qanunun tələb etdiyi ən sərt addımları atacaqlar. Cəmiyyətə gəldikdə "ordumuzla birgəyik" demək azdır, düşmənlə əməkdaşlıq edən, “azərbaycanlı” adlananlara, onları dəstəkləyənlərə elə bir ictimai təzyiq göstərilməlidir ki, özlərini demirəm, yaxınları, doğamaları belə başlarını qaldırıb gəzə bilməsinlər.

Təəssüflə deməliyəm ki, mən hələ burada bunu görmürəm. Bəli, biz tolerant xalqıq və tolerantlıq da yaxşı şeydir. Amma savaş vəziyyətində olan bir ölkədə düşmənlə əməkdaşlıq edənlərə, ona işləyənlərə yanaşmada tolerantlıq göstərilirsə, artıq dolayı dəstək anlamına gəlir, bunu biz istəsək də, istəməsək də!”