"Azərbaycanda iqtidar-müxalifət dialoqu çox vacibdir" "Azərbaycanda iqtidar-müxalifət dialoqu çox vacibdir"
  • Tribuna
  • 15 Mart 2021 17:30
  •  12 187

"Yalnız bu cür qəti addımlarla ciddi dəyişikliklərə nail ola bilərik"

"Azərbaycanda iqtidar-müxalifət dialoqu çox vacibdir"

"YAP-ın VII qurultayında cənab Prezident İlham Əliyevin siyasi partiyalarla bağlı çıxışı, birbaşa iqtidarın müxalifətlə münasibətlərinin yüksək inkişafına yönəlik addım kimi qiymətləndirilməlidir".

Bunu Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini,QHT sədri, politoloq Niyaməddin Orduxanlı deyib.

Sədr müavini bildirib ki, YAP-ın qurultayında 6 partiyanın hakim partiyaya birləşməsini digər siyasi partiyalar üçün yaxşı nümunə hesab etmək olar:

"Azərbaycanda iqtidar-müxalifət dialoqu çox vacibdir. Bu cür proseslərin aparılmasında daha çox dövlətimiz qazanar və daha da güclənər. Siyasi partiyaların inkişafında iqtidar daha çox maraqlı olmalıdır. Və bu baxımdan Prezidentin qurultaydakı açıqlaması çox ümidvericidir və siyasi islahatların genişləndirilməsinə, siyasi sistemin daha da güclənməsinə yol açacaq. Demokratik ənənələrin formalaşması, mülki cəmiyyətin güclənməsi üçün siyasi partiyaların fəaliyyəti gücləndirilməlidir. Prezident İlham Əliyev YAP-ın son qurultayında köklü islahatlar aparmaqla bu sahəyə xüsusi diqqət ayırır. Siyasi partiyalarla əməkdaşlığın olması ölkədə sağlam mühitin formalaşdırılması istiqamətində hakim komanda tərəfindən əhəmiyyətli və diqqətçəkən addımların əsas fazası kimi qəbul olunmalıdır. YAP-ın qurultayında ilk növbədə YAP-ın rəhbərliyində nəsil dəyişməsi baş verdi və bu böyük hörmətlə edildi. Estafeti gənc nəslə təhvil verən yaşlı nəslin təcrübəsindən istifadə edilməsi və onlara yüksək dəyər verildiyini göstərmək üçün "Ağsaqqalar Şurası" yaradıldı. Vətən müharibəsində şanlı qələbəmizdən sonra siyasi partiyaların təmərküzləşməsi istiqamətində atılan addım, 6 partiyanın YAP-a birləşməsi də xüsusi qeyd olunmalıdır. Bunu həm də proqram və nizamnamələri oxşar olan digər siyasi partiyalar üçün yaxşı nümunə hesab etmək olar. Azərbaycanda bütün siyasi cərəyanlara bağlı, onları əhatə edən 4-5, maksimum 6 güclü siyasi partiya olmalıdır".

N.Orduxanlı deyib ki, iqtidar partiyası fəallaşacaqsa, bu, öz növbəsində siyasi sistemin canlanmasına yol açacaq:

"YAP-ın son qurultayında dövlət hakimiyyət orqanlarında, xüsusilə parlamentdə YAP-ı təmsil edən çoxlu sayda millət vəkilinin rəhbər orqanlara seçilməsi də təqdirəlayiq haldır. YAP-ı təmsil edən bütün hökumət üzvləri və digər yüksək çinli rəsmilər də iqtidar partiyasının siyasətini müəyyən edən, partiyanın ali orqanlarında təmsil olunub həmin prosesdə iştirak etsəydilər daha yaxşı olardı. YAP iqtidar partiyası kimi fəallaşacaqsa, bu, öz növbəsində siyasi sistemin canlanmasına yol açacaq. Bu məqsədlə növbəti parlament seçkilərinə qədər mojaritar seçki sistemi ləğv edilməli, proporsional seçki sistemi bərpa olunmalı, topladığı səsdən asılı olmayaraq hər hansı partiyanın, yaxud siyasi blokun parlamentdə yerlərin 2/3 (üçdə ikisindən) çoxuna sahib olmasına qanunvericiliklə qadağa qoyulmalıdır. Yalnız bu cür qəti addımlarla cəmiyyətdə müsbət və ciddi dəyişikliklərə nail ola bilərik".