Azərbaycanın beynəlxalq aləmdə artan reytinqinin daha bir nümunəsi

Azərbaycan Qoşulmama Hərəkatının nüfuzunun daha da artmasını hədəfləyən siyasətini bu gün də layiqincə davam etdirir

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan prioritet vəzifələrdən biri nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və tədricən həmin qurumların fəal üzvünə çevrilmək idi. Lakin həmin dövrdə ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı Azərbaycanın xarici siyasətində müəyyən problemlər yaradırdı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xarici siyasət kursunun əsasları müəyyənləşdirildi və respublikamızın beynəlxalq aləmə inteqrasiyası tədricən sürətləndi. Son illər beynəlxalq aləmdə qazandığımız uğurlar bir daha təsdiqləyir ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir.

Aznews.az xəbər verir ki, bu fikirləri açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdən bir qədər sonra regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən beynəlxalq arenada əməkdaşlığı getdikcə genişləndirib. Bu gün respublikamızın müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və çoxlu sayda digər təşkilatlara üzvlüyü bundan xəbər verir. Azərbaycan, həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir.

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan diplomatik uğurlar gələcəyə ümidlə baxmağa əsas verir. Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlardakı fəal rolu, sədrlik etdiyi qurumların işini günün tələbləri səviyyəsində qurması ölkəmizə dost olan dövlətlərin sayını getdikcə artırır.

Ermənistan üzərindəki tarixi Qələbənin ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdiyini deyən hüquq müdafiəçisi Azərbaycan xalqının 30 ildən bəri gözlədiyi böyük Qələbənin sevincini yaşadığını bildirərək deyib: “Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq torpaqlarımızı azad etməsi dövlətçilik tariximizi qürurlandırdı, hər birimizə intizarında olduğumuz şanlı Qələbə bəxş etdi. Eyni zamanda, haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi”.

Komitə sədri diqqətə çatdırdı ki, Azərbaycan, həm də bir neçə mötəbər beynəlxalq təşkilata uğurla sədrlik edib və bu gün də edir. Hazırda BMT–dən sonra dünyada ən böyük ikinci təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Yeri gəlmişkən, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi tədbirlər üzv dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Ona görə də quruma üzv ölkələr Azərbaycanın Hərəkata əlavə 1 il də sədrlik etməsi barədə müraciət ediblər. Bu da təsadüfi deyil.

Ç.Qənizadə vurğulayıb ki, bu, təsadüfi deyil. Milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasət kursu həyata keçirən müstəqil Azərbaycan qısa müddət ərzində Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazanıb. Xatırlatdı ki, respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub və həmin vaxtdan etibarən qurumun fəaliyyətinə özünün töhfələrini verib və bu da həmin təşkilatda ölkəmizin nüfuzunun artmasını şərtləndirib. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib.

Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 2019-cu il 25-26 oktyabr tarixlərində Bakıda keçirilmiş XVIII Zirvə görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Dövlətimizin başçısı Zirvə görüşündəki çıxışında bildirmişdi ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq: “Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək və üzv dövlətlərin maraqlarını BMT çərçivəsində müdafiə edəcəkdir”, - deyə Ç.Qənizadə diqqətə çatdırıb.

Hüquq müdafiəçisi Azərbaycanın bu quruma sədrliyi dövründə digər beynəlxalq təsisatlarla geniş əməkdaşlıq yaradılmasına nail olmasından söhbət açdı. Dedi ki, tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra dünyanın 150-dən çox ölkəsi Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin COVID-19 ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyiblər. BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi dünya birliyində yüksək dəyərləndirildi. Yeri gəlmişkən, qeyd edim ki, həmin sessiya artıq keçirilib. Azərbaycan beynəlxalq miqyasda Qoşulmama Hərəkatının nüfuzunun daha da artmasını hədəfləyən siyasətini bu gün də layiqincə davam etdirir.

Bu yaxınlarda Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana təşkilata əlavə 1 il də sədrlik etmək barədə müraciəti üzv dövlətlərin ölkəmizə olan etimadının və beynəlxalq aləmdə artan reytinqinin daha bir təsdiqidir.

Ç.Qənizadə ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi, digər ölkələrə göstərdiyi humanitar yardımlardan söhbət açıb. Deyib ki, Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürməsi və həmin qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması təşkilatın nüfuzunun yüksəlməsinə müsbət təsir göstərən amillərdəndir. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi, Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verərək, koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.

Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü ianə edib, bu vəsaitin 5 milyon dollarının koronavirusdan ən çox zərər çəkən Qoşulmama Hərəkatı üzvləri üçün ayrılıb. Bununla yanaşı, Özbəkistana 50 min doza “AstraZeneca” vaksini verib. Bu xeyirxahlıq COVAX qlobal təşəbbüsünün tərəfdaşı kimi UNICEF tərəfindən alqışlanıb. Dövlətimizin başçısının “peyvənd millətçiliyi”ni, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyi pisləməsi də rəğbətlə qarşılanıb.

Hüquq müdafiəçisi bu uğurlardan sonra Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycana təşkilata əlavə 1 il sədrlik etmək barədə müraciəti ölkəmizin beynəlxalq aləmdə artan reytinqinin daha bir nümunəsi olduğunu bildirib.