İlham Əliyev atası Azərbaycan üçün nəyi edə biləcəkdisə və nəyi edə bilmədisə, onları etdi, edir. İlham Əliyev atası Azərbaycan üçün nəyi edə biləcəkdisə və nəyi edə bilmədisə, onları etdi, edir.
  • Tribuna
  • 24 Dekabr 2021 14:19
  •  10 235

Onun özü və arzusu

İlham Əliyev atası Azərbaycan üçün nəyi edə biləcəkdisə və nəyi edə bilmədisə, onları etdi, edir.

Bir çox xalq və dövlətlərin İlham Əliyev kimi tarixin gedişini dəyişməyi bacaran liderləri olub. Bu yazıda onların adlarını çəkməyəcəm. Ona görə çəkməyəcəm ki, onların vaxtlarında həm beynəlxalq reallıq fərqliydi , həm də əksəriyyəti imperiya keçmişi və ənənəsi olan qüdrətli dövlətlərin, cəmiyyətlərin təmsilçiləri idi. O cür keçmişi olan dövlətlərin liderləri də tarixin gedişini dəyişməyə qalxanda heç şübhəsiz ki, böyük təhlükələrlə, qarşıdurmalarla üzləşmişdilər, amma Azərbaycan kimi təzə müstəqillik əldə edən bir ölkənin başında duran adamın üzləşdiyi, üzləşə biləcəyi qədər yox

Həmin liderlər indiki dövrdə Azərbaycan kimi mürəkkəb bir regionda yerləşən dövlətin rəhbəri olaraq İlham Əliyevin qazandığı Zəfəri qazana biləcəkdilərmi, bax, məsələ burasındadır. Ona görə də bu baxımdan o, ancaq öz doğma atası Heydər Əliyevlə müqayisə edilə bilər. Müqayisə edəndə isə görürük ki, İlham Əliyev atası Azərbaycan üçün nəyi edə biləcəkdisə və nəyi edə bilmədisə, onları etdi, edir.

Biz ölkənin karbohidrogen ehtiyatlarında milli maraqlar üçün düzgün faydalanmaqdan tutmuş dövlət idarəçiliyinədək bütün məsələlərdə, atdığı hər bir addımda İlham Əliyevin təkcə Heydər Əliyev yoluyla getmədiyini, həm də onun yerişini yeridiyini görürük. Görürük ki, Ulu Öndər Heydər Əliyev ötən əsrdə Azərbaycan üçün nə demək, kim demək idisə, cənab İlham Əliyev də bu gün o deməkdir.

Əgər belə olmasaydı, o, təkbaşına təşəbbüs irəli sürərək Cənub Dəhlizi kimi dünyanın qaz xəritəsini dəyişdirən bir layihəni reallaşdıra, böyük güclərdən heç hansının dəstəkləmədiyi, bəzilərində hətta qıcıq doğuran Bakı-Qars dəmir yolunu çəkdirə, okeana çıxışı bağlı ölkəni Avrasiyanın nəqliyyat habı edə bilməzdi. Həm də o ölkəni ki, torpaqlarının 20 faizi işğal olunmuşdu və müstəqilliyinin ilk illərində böyük qonşularıyla böyük problemlər içindəydi.

Bunun üçün yüksək menecerlik bacarığıyla yanaşı əsl dövlət adamına xas uzaqgörənlik, əzm tələb olunur ki, çox az hallarda İlham Əliyev kimi özündə hər iki keyfiyyəti birləşdirən rəhbərə rast gəlinir.

Əsl dövlət adamı dedik, gəlin bu baxımdan etalon sayılan Heydər Əliyevlə İlham Əliyevin etdiklərinin bəzilərini göz önünə gətirib, tutuşduraq. Bilirik ki, Heydər Əliyev məmləkətimizi parçalanmaqdan qurtarıb dövlət yaratdı, İlham Əliyev isə onu oturuşmuşların sırasına qatdı, kosmik klubun üzvlərindən biri edərək öz peykimizi orbitə çıxartdı.

Aradan bir neçə il keçəndən sonra- 44 günlük savaş zamanı o, Azərbaycana, azərbaycanlılara yuxarıdan aşağı baxanlara obrazlı desək, kosmosdan salam göndərərək bizim və özlərinin harada olduqlarını anlatdı.

Ölkəmizdə sabitliyi təhdid edən qlobal xarakterli təhlükələri- rəngli inqilabları, iqtisadi-maliyyə böhranlarını soyuqqanlılıqla dəf etməklə bərabər İlham Əliyev çox mürəkkəb bir məsələnin öhdəsindən gəlməyi, keçid, ilkin kapitalın yığılması dövrünün reallıqlarına uyğun idarəçilik mexanizmini yenisiylə əvəzləməyi bacardı. Açığı, bu, qaçınılmaz olduğu qədər də son dərəcə riskli bir addım idi, amma digər müsbət tərəfləriyilə birgə ikinci Qarabağ savaşında qələbənin təmin edilməsində də az rol oynamadı.

Heydər Əliyev Qarabağ məsələsində Azərbaycanın heç bir güzəştə getməyəcəyini 1996-cı ildə Lissabon sammitinin bütün sənədlərinə veto qoymaqla göz önünə sərmişdisə, İlham Əliyev Minsk qrupunun hər 3 həmsədrinin əleyhinə səs verməsinə baxmayaraq 2008-ci ildə BMT Baş Assambleyasında işğalçının torpaqlarımızdan “tam və qeyd-şərtsiz çıxarılması" haqda qətnamə qəbul etdirməklə bunu göstərdi.

Bu, böyük güclərin diktəsinə boyun əyməmək idi, onların iradəsi qarşısında iradə ortaya qoymaqdı. Və məhz İlham Əliyevin yeritdiyi hərtərəfli düşünülmüş siyasət ona aparıb çıxardı ki, o həmsədrlərdən ikisi 44 günlük savaşı zamanı Azərbaycanın əleyhinə yönələn qətnamələrini BMT Təhlükəsizlik Şurasından keçirə bilmədilər.

Əgər Heydər Əliyev imperiya çevrələrinin əllərində daha çox bel görmək, yaxud da piştaxta arxasında durmalarını istədikləri azərbaycanlıların kütləvi şəkildə hərbçi sənətinə yiyələnmələrinin, silah daşıyıcısı olmalarının yolunu açdısa, İlham Əliyev bizimkilərin artıq döyüş təcrübəsi dünyanın aparıcı hərb məktəblərində öyrənilən qorxmaz əsgər, zabit, fədakar general kimi tanınmalarında müstəsna rol oyandı.

Heydər Əliyev BMT kürsüsündən etdiyi çıxışlarında böyük dövlətlərdən Azərbaycanın problemlərinə, torpaqlarımızın işğal altında qalmasına laqeyd yanaşmamalarını xahiş və tələb edirdi. Təzəcə baş nazir təyin olunan İlham Əliyev isə 1993-cü ilin sentyabrında həmən BMT-də ilk çıxışında qurumdakı çatışmazlıqları, orada geniş islahatlara ehtiyacı duyduğunu qabardaraq Təhlükəsizlik Şurasının üzvləri arasında Şərqi Avropa dövlətlərinin də təmsilçilik haqqının tanınması təşəbbüsünü irəli sürdü. O zaman bu, gənc siyasət adamı üçün çox cəsarətli, sonradan anlaşıldı ki, eyni zamanda da konkret hədəfə hesablanan addım idi. Məhz o təşəbbüsdən 8 il sonra dövlətimiz BMT Təhlükəsizlik Şurasının üzvü seçildi, iki ay ona sədrlik etdi.

İlham Əliyev Azərbaycana təkcə Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasına ilk üzv seçilən ölkə adı qazandırmadı. Azərbaycan eyni zamanda həmən BMT-nin kağız üzərində qalan qətnaməsinin reallaşdırılmasını özü təmin etməyi bacarmış yeganə kiçik dövlət oldu. Məhz onda tam dərk edildi ki, dünya Azərbaycanın simasında artıq kiçik yox, orta çəkili, üstəlik də milli maraqlarının təmin olunmasında böyük güclərin təpki və təhdidlərinə sinə gərməyi bacaran bir dövlətlə üz-üzədir.

Ona görə də əgər ötən əsrin sonlarına qədər Azərbaycan deyiləndə göz önünə daha çox neftlə zəngin torpaq gəlirdisə, indi 21-ci əsrin ilk açıq hibrid savaşını apararaq udmağı bacarmış əzmli, xarakterli bir xalq gəlir. Bu xarakter, əzm bəzilərinin istehzayla qarşıladıqaları beynəlxalq yarışmalarda, olimpiadalarda əldə edilən nəticə, qazanılan uğurlardan yoğrulurdu. Onun arxasında İlham Əliyev durur.

Bizdə məsəl vardı deyilirdi ki, yaxşı kişilər yaxşı atlara minib getdilər. “Vardı” sözünü ona görə işlədirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında gedən Vətən savaşı bu məmləkətdə yaxşı kişilərin qaldığını da, hətta çoxaldığını üzə çıxartdı. O kişilərin əhəmiyyətli bir hissəsi cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən, onun yetişdirdiyi nəsil idi.

Bir dəfə yazmışam, yenə vurğulayıram ki, Vətən savaşı zamanı cənab İlham Əliyevin cəbhədə, diplomatiya və informasiya müstəvisindəki fəaliyyəti onun adi deyil, belə demək mümkünsə, xüsusi təyinatlı Ali Baş Komdan olduğunu üzə çıxardı.

Heydər Əliyevdən sonra İlham Əliyev fenomeni də göstərdi ki, dövlətin qüdrətliliyində iqtisadi və insan potensialı, hərbi güclə yanaşı lider faktoru da az rol oynamırmış.

Koronavirus pandemiyasından sonra böyük dövlətlərin əksəriyyətinin xudbinlik, “vaksin millətçiliyi” kimi kiçikliyinin, 30-dan artıq dövlətə yardım göstərən, kasıb ölkələrin əhalisinin peyvənd edilmələri üçün Dünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsait ayıran Azərbaycanın isə böyüklüyünün arxasında məhz bu faktor dayanır.

Bu il dekabrın 16-da BMT-nin Baş Assambleyasında Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, uyğun qiymətə, vaxtında və universal əlçatanlığının təmin olunmasıyla bağlı qətnamənin qəbulu da hərəkatın indiki sədri Azərbaycanın, onun beynəlxalq kürsüdən “vaksin millətçiliyi”ni kəskin tənqid edən lideri İlham Əliyevin xidmətidir.

Azərbaycan Prezidentinin beynəlxalq konyunkturanı müəyyənləşdirənlərdən digər qlobal çağırışlara yanaşmada da müsbət anlamada fərqləndiyini, daha məsuliyyətli davranış sərgilədiyini göstərən başqa faktlar da var ki, onlardan da biri multikulturalizm ilə bağlıdır. Qərbin aparıcı dövlətlərinin başçıları açıq şəkildə multikulturalizimin özünü doğrultmadığını dedikləri zaman, Azərbaycanın lideri bunun əksini bildirir. Təkcə bildirmir, həm də ölkədə bu yöndə görülən işlərlə göz önünə sərir, multikulturalizmin təbliğinə həsr edilən beynəlxalq tədbirlər düzənləyir.

Beynəlxalq konyunkturanı müəyyənləşdirənlər sivilizasiyalararası qarşıdurma məntiqindən çıxış edərək keçmiş Dağlıq Qarabağ konfliktinə də bu prizmadan yanaşarkən, Azərbaycan 2008-ci ildə mədəniyyətlər arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə "Bakı Prosesi"ni başlatdı ki, burada da təşəbbüsçü dövlət rəhbərimizdi.

Görünür, liderlər də dağ kimidir, onların varlığı və miqyası təmsil etdikləri ölkənin böyüklüyü, xalqın sayı ilə ölçülmür. Bu, Tanrı təqdirinə bağlı məsələdir ki, ata-oğul hər iki Əliyevə yanaşmada keçərlidir.

Əgər Heydər Əliyev dünyanın iki ən qüdrətli imperiyasından birinin yüksək rəhbərliyində yer alan yeganə türk idisə, İlham Əliyev bütün imperialist çevrələrin qəti şəkildə qarşı çıxmalarına baxmayaraq torpaqlarımızı savaş yoluyla azad edərək tarixin iki əsrlik gedişini dəyişən və son yüz ildə ilk Zəfər paradı keçirən tək müsəlman lider oldu. Onun qardaş Türkiyənin Prezidentiylə birgə keçirdiyi həmən Zəfər paradı həm də cənab Ərdoğanın “dünya beşdən böyükdür” sözünün arxasındakı reallığın sərgilənməsi deyildimi?

Bir sözlə, cənab İlham Əliyev təkcə ulu öndərin geninin daşıyıcısı yox, nəyi, necə və nə vaxt etməyi dəqiq bilmək, söhbət milli maraqlardan gedirsə, fövqəladə əzm və fədakarlıq göstərmək, müdriklik, soyuqqanlılıq, prinsipiallıq, qətiyyət və hətta miqyas baxımından da onun özüdür. Bunu hamıdan əvvəl və hamıdan dəqiq bilən də elə ulu öndər idi ki, ona özü qədər güvəndiyini demişdi. İlham Əliyev Heydər Əliyevin özü və eyni zamanda da arzuladığı lider ola bildi. Yazımın əvvəlində də qeyd etdiyim kimi Dövlət Adam olan atası Azərbaycan üçün nəyi edə biləcəkdisə və nəyi edə bilmədisə, onları etdi, edir, edəcək!

Sahib Alıyev
Milli Məclisin deputatı