Qüdrət Həsənquliyev: “Bu fikirlə razı deyiləm ki..."

"Real vəziyyətin nə dərəcədə acınacaqlı olmasını bilmək üçün Azərbaycanın Mərkəsi İcra Hakimiyyət orqanları Naxçıvanda əhalinin siyahıya alınmasını həyata keçirməlidir"

Son günlər mediada Naxçıvanın Muxtar Respublika statusunun ləğvi ilə bağlı fikirlər yayılıb.

Naxçıvandan olan millət vəkili, BAXCP lideri Qüdrət Həsənquliyev Gununsesi.info-ya bu məsələnin mümkün olub-olmamasını şərh edib:

“Düşünmürəm ki, hal-hazırda bu məsələ siyasi bir zərurətə çevrilib. Gələcəkdə `Zəngəzur dəhlizi açılarsa,yaxud regionda inteqrasiya prosesləri Avropa İttifaqında olduğu səviyyəyə qədər inkişaf edərsə ki,regionun vahid dövlət və gömrük sərhədləri olsun,o zaman bu məsələ xüsusi aktuallıq kəsb edər. Amma o fikirlə də razı deyiləm ki,Naxçıvanın Muxtar Respublika statusu 1921 -ci il Mockva və Qars müqavilələri ilə təsbit olunduğundan onu dəyişdirə bilmərik. 1929-cu ildə sovet hakimiyyəti Naxçıvanın 9 kəndini və xeyli əkin sahələrini Ermənistana bağışlayıb.Biz bəzən həmin sazişlərə istinad etsək də 1922-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının yaranması ilə həmin müqavilələr öz əhəmiyyətini və qüvvəsini itirib”.

Qüdrət Həsənquliyevin fikrincə, hazırda aktual olan odur ki, erməni işğalçılarını Azərbaycan ərazilərindən əsasən qovmuşuq, indi Konstitusiyanın Azərbaycan dövlətinin unitar respublika olması,dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında həyata keçirilməsi tələbindən çıxış edərək dövlət quruculuğu və dövlət idarəetməsinin təkmilləşdirilməsi istiqamətində istiqamətində müəyyən işlər görməliyik:

“Məsələn,Naxçıvan MR-də muxtar respublikanın ali vəzifəli şəxsi Ali Məclisin sədridir və o, həm də icra funksiyalırını yerinə yetirir.Halbuki həm Azərbaycanın öz təcrübəsi ,həm dünya təcrübəsi göstərir ki,Muxtar Respublikanın ali vəzifəli şəxsi icra hakimiyyətinin başçısı olmalıdır.Naxçıvanda bu Baş nazirdir. Mən zamanında bu məsələni Milli Məclis qarşısında qaldırmışam.Bundan başqa Naxçıvanda dövlət idarəetmə xərcləri azaldılmalıdır. Naxçıvana elə-belə “nazirlər diyarı” demirlər. O qədər nazirllik,komitə,xidmət və s.mərkəzi icra hakimiyyəti orqanı,nazir,məmur,vəzifəli şəxs var ki,yerli sakinlərin çoxu onların əlindən və işsizlikdən bölgəni tərk ediblər, iş dalınca Türkiyəyə,Rusiyaya,Azrbaycanın digər bölgələrinə üz tutublar. Real vəziyyətin nə dərəcədə acınacaqlı olmasını bilmək üçün Azərbaycanın Mərkəsi İcra Hakimiyyət orqanları Naxçıvanda əhalinin siyahıya alınmasını həyata keçirməlidir. Balaca bir yer olsa da,heç bir ehtiyac olmadan yeni rayonlar yaradılıb, Azərbaycanın bütün dövlət idarəetməsi paralel olaraq ora köçürülüb.İş yerlərinin açılması,dövlət idarəetməsində yeni vəzifələrin yaradılması kimi qavranılıb. Onu da qeyd edim ki,həm Azərbaycanın, həm Naxçıvanın Nazirlər Kabineti haqqında ya qanun, ya da qanunla təsdiq olunan Əsasnamə qəbul olunmalıdır.Milli Məclis dövlətin saxlanmasına pul ayırdığından bilməlidir ki,hansı strukturlar yaradılır və ona nə qədər ehtiyac var. Naxçıvanın Baş nazirinin namizədliyi təsdiq üçün Ali Məclisə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunur. Prezident də Naxçıvan MR-in Nazirlər Kabineti haqqında Qanun layihəsini Ali Məclisə təqdim etməlidir. Dövlətin təhlükəsizliyi ,daxili asayişin təmini,dövlət və gömrük sərhəddinin qorunması yerli hakimiyyət orqanlarının işi olmalıdır.Azərbaycan Respublikası Konstitusiyasının 138-cu maddəsində Muxtar Respublikanın səlahiyyətlərinə 7 məsələ aid edilir- Ali Məclisə seçkilər,vergilər,iqtisadiyyatın inkişafı istiqamətləri,sosial təminat,ətraf mühitin qorunması,turizm və elm,sıhiyyə,mədəniyyət məsələsi. Bu məsələrin həlli istiqamətində yerli qanunlar qəbul oluna bilər və onların icrası üçün müvafiq yerli dövlət hakimiyyət orqanları formalaşdırılmalıdır. Digər məsələlərin həlli Azərbaycanın Mərkəzi İcra Hakimiyyəti orqanlarının işidir”.