• Tribuna
  • 7 Dekabr 2023 17:39
  •  13 017

XARİCİ SİYASƏT HİMAYƏDARLIĞININ TARIXI VARİSLİYİ

Ermənistanın Azərbaycana qarşı hərbi ekspansiyası və suveren torpaqlarının işğalına başlamasının ən qızğın vaxtında – 1992-ci il oktyabrın 24-də Amerika Birləşmiş Ştatları Konqresi ABŞ-nin Azərbaycan hökumətinə hər hansı birbaşa yardımını qadağan edən “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişi qəbul edir. Amerika qanunvericilik sisteminin bu hüquqi “şah əsəri” Azərbaycanı Birləşmiş Ştatlar hökumətinin iqtisadi və siyasi sabitliyi dəstəkləmək üçün birbaşa yardımından məhrum edən yeganə postsovet dövlətinə çevirirdi.

Akt ABŞ-də erməni icması tərəfindən fəal şəkildə lobbiləşdirilir və Ermənistanın təcavüzünə cavab olaraq Azərbaycan tərəfindən blokadaya alınması bəhanəsi ilə əsaslandırılırdı. Lakin 907-ci düzəliş ovaxtkı Rusiya prezidenti Boris Yeltsinin və onun ermənipərəst kamarilyasının səssiz rəğbəti ilə kondotyer rolunu yerinə yetirən rus ordusunun bədnam 366-cı alayı tərəfindən dəstəklənən erməni separatçı quldur dəstələri və erməni ordusunun yeni yaradılmış hərbi hissələrinin bölmələrinin cinayət əməllərini bir kəlmə ilə belə xatırlatmadan, yalnız Azərbaycan tərəfinin məcburi hərəkətlərini qınadı.

Siyasi istifadəyə 907-ci düzəliş kimi daxil olan 907-ci maddədə xüsusi olaraq qeyd edilirdi: “(A) MƏHDUDİYYƏTLƏR — Prezident Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı bütün blokadalara və digər hücum xarakterli güc tətbiqinə son qoymaq üçün açıq-aşkar addımlar atdığını müəyyən edib Konqresə məruzə etməyənə qədər Azərbaycan Hökumətinə Birləşmiş Ştatlar tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım (bu Qanunun V bəndində nəzərdə tutulan yardımdan başqa) göstərilə bilməz. (B) İmtina – Əgər Prezident məhdudiyyətin tətbiqinin Birləşmiş Ştatların milli maraqlarına uyğun olmadığını müəyyən edərsə və bununla da Konqresə təsdiq edərsə, yarımbölmədə göstərilən yardım üzrə məhdudiyyət tətbiq edilmir.”

2001-ci il oktyabrın 24-də Amerika Senatı Qanunda Prezidentə 907-ci bölmədən imtina etmək imkanı verən dəyişikliyi qəbul etdi.

Qeyd etmək lazımdır ki, bu düzəliş sonunda, ABŞ-nin Azərbaycana hərbi yardım göstərməsini nəzərdə tutdu, lakin onun yalnız respublikanın ABŞ-nin özü üçün zəruri olan enerji infrastrukturuna təhlükəsizlik sistemi – neft və qaz quyuları, Azərbaycan nefti və qazının Qərb bazarlarına çatdırıldığı boru kəmərləri qurmaq imkanının olmasından ötrü cənub və dəniz sərhədlərinin möhkəmləndirilməsi, Xəzərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadəsi ilə şərtləndirilmişdir. Bu, 907-ci düzəlişdən yan keçərək Azərbaycana maliyyə yardımının göstərilməsinin, ABŞ, İran İslam Respublikası, Rusiya Federasiyasının eventual düşmənləri tərəfindən hipotetik təhlükədən qorunmaq məqsədi daşıdığı, lakin o dövrə 20% suveren Azərbaycan ərazisini işğal etmiş Ermənistana qarşı olmadığı anlamına gəlirdi.

Ümumiyyətlə, 907-ci düzəlişin motivlərinin məntiqi, daha doğrusu məntiqsizliyi Ermənistanın ABŞ-dən maliyyə dəstəyi alacağını, bunun da dövlət səviyyəsində onlarla iqtisadi əlaqələri inkişaf etdirməyə imkan verəcəyini nəzərdə tuturdu. Bir milyon insanın məcburi köçkün düşməsinə və ərazisinin 20%-nin işğalına səbəb olan erməni təcavüzünün qurbanına çevrilən Azərbaycan isə 907-ci düzəlişlə bu imkandan məhrum oldu.

1994-cü ilin dekabrında ATƏM-in iştirakçısı olan dövlətlərin dövlət və hökumət başçılarının Budapeşt görüşündə Rusiya və Fransa ilə yanaşı ABŞ-nin da daxil olduğu Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun mandatı müəyyən edildi. Lakin bu vaxta qədər Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin parlaq və uzaqgörən siyasətinin məhsulu – Amerikanın Exxon Mobil və Şevron kimi aparıcı neft nəhənglərinin pay iştirakçısı olması, Azərbaycan dövlətinin ABŞ ilə bərabərhüquqlu, qarşılıqlı faydalı iqtisadi, maliyyə və ticarət əlaqələri qurmaq istəklərinin təzahürü olan “Əsrin müqaviləsi” artıq imzalanmışdı.

Lakin bədnam 907-ci düzəliş Azərbaycanın hər iki dövlətin maraqlarına cavab verən bu praqmatik siyasətinə açıq şəkildə zidd idi. ABŞ və Azərbaycan arasında biznes yaxınlaşmasına kömək edən amillərin itirilməsi Amerika isteblişmentinin özündə də fikir ayrılığına və çaşqınlığa səbəb oldu. Beləliklə, o zamankı dövlət katibinin müavini Strob Talbot qıcıqla qeyd etdi: “ABŞ-nin yardımına qoyulan məhdudiyyətlər Ermənistana Azərbaycanın embarqosunun öhdəsindən gəlməyə kömək etmək məqsədi daşıyırdı, lakin onlar bizim Bakıya təsir imkanlarımızı məhdudlaşdıraraq və vasitəçilik səylərimizin effektivliyini zəiflədərək mənfi təsir göstərdilər. Bu, həm də seçkilər, iqtisadi islahatlar, enerjinin inkişafı və milli maraqlarımıza uyğun olan digər sahələrdə Azərbaycana yardım göstərməyimizi qeyri-mümkün etdi”.

Çoxları onu da başa düşürdü ki, 907 saylı düzəliş ABŞ-nin ATƏT-in Minsk Qrupunda qərəzsiz, dürüst vasitəçi kimi çıxış etməsinə imkan vermir. Bu vəziyyət bütövlükdə Cənubi Qafqaz regionunun işlərinə qarışmaq və Rusiyanı oradan yox etməkdən ötrü əsasın olması üçün Dağlıq Qarabağ probleminin konservasiyası cəhdindən ibarət olan bu format çərçivəsində Amerika siyasətinin mahiyyətini müəyyənləşdirdi.

Üstəlik, artıq bu mərhələdə ABŞ Azərbaycanın bütün dövlətlər, o cümlədən qonşu Rusiya, İran, Türkiyə, Gürcüstanla paritet münasibətləri təmin edən müstəqil, maksimum balanslaşdırılmış xarici siyasət doktrinasından aşkar narazılığını ifadə edirdi. Heydər Əliyevin ilk öncə Azərbaycan dövlətinin sənaye qüdrətinin artırılması, işləyib hazırladığı neft strategiyasının həyata keçirilməsi nəticəsində xalqının rifahının yüksəldilməsinə yönəlmiş iqtisadi siyasəti də amerikalılarda qıcıq yaradırdı. Əgər hipotetik olaraq, 1994-cü ildə Heydər Əliyevin ölkənin maraqlarına cavab verən neft müqaviləsi – “Əsrin müqaviləsi”ni bağlamadığı, Azərbaycan karbohidrogenlərini konsessiya əsasında Amerika şirkətlərinə verdiyi, respublikada hasil edilən bütün neftin 80%-ni Marqaret Tetçerin timsalında Qərbə təklif edərək AXC-Müsavat oxlokratik rejimi yaratmaq niyyətində olduğu vəziyyəti nəzərdən keçirsək, 907-ci düzəlişin ləğv edilə biləcəyini də ehtimal etmək olardı.

Ancaq nə olursa olsun, Ermənistan tərəfindən təcavüzə və torpaqlarının işğalına məruz qalan Azərbaycan Amerika dövlətinin gözündə bir növ şeytani qüvvə, Ermənistan isə “qurbanlıq quzu” kimi qalırdı. BMT, AŞPA və İslam Konfransı Təşkilatının öz qətnamələrində Ermənistanın təcəvüzkar-ölkə və işğalçı statusunu təsdiq etmələrinə baxmayaraq, demək olar ki, üç onillik ərzində bu ziddiyyət aradan qaldırılmamış və düzəliş ləğv edilməmişdir.

Dünya miqyaslı görkəmli dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin həm 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən Müharibəsində, həm də 2023-cü il sentyabrın 19-20-də ölkənin ərazi bütövlüyünün tam bərpası üzrə həyata keçirilən xüsusi əməliyyatda Zəfər Qələbəsi Azərbaycan Respublikasının bütün əraziləri üzərində tam suverenliyini təmin etdi.

Bütün bu dövr ərzində müstəqillik və strateji bərabərlik siyasəti xarici siyasət sferasında da öz mənalı davamını tapmışdır. Azərbaycan Respublikası hərbi-siyasi və sənaye-iqtisadi qüdrətini əhəmiyyətli dərəcədə artıraraq, ikitərəfli formatda mövqeləri və maraqları Azərbaycan dövlətinin milli maraqları ilə üst-üstə düşən və onunla həmrəy səslənməyə qadir olan müttəfiqlər seçməklə beynəlxalq blokdan kənar statusunu möhkəmləndirmişdir.

2021-ci il iyunun 15-də (rus variantında tarix yanlış göstərilib) Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” buna misal ola bilər. Bəyannamənin spektri iki qardaş dövlətin həyat fəaliyyətinin sözün əsl mənasında hərbi sahədə əməkdaşlıqdan tutmuş mədəniyyət, təhsil və enerji təhlükəsizliyinə qədər bütün sahələrini əhatə edir. Məhz orada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, İran, Gürcüstan altıtərəfli platforması çərçivəsində əməkdaşlıq təşəbbüsü irəli sürdülər.

Şübhəsiz ki, həm regional, həm də qeyri-regional dövlətlərin “3+3” formatında milli maraqlarının belə üstünlüyü Amerikanın hegemon doktrinasına ziddir və ABŞ-nin regionda maliyyə, iqtisadi və hərbi-siyasi monopoliyasını qurmaq şansını heçə endirir.

2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya Federasiyası arasında Müttəfiqlik Əməkdaşlıq haqqında Bəyannamənin imzalanması Azərbaycanın həm xarici siyasət kursunun həyata keçirilməsində, həm də daxili sosial-iqtisadi və ictimai-siyasi proseslərin idarə olunmasında müstəqilliyini təmin edən eyni amillərdəndir.

2022-ci il fevralın 22-də “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması Azərbaycanın həm xarici siyasətinin həyata keçirilməsində, həm də daxili sosial-iqtisadi və ictimai-siyasi proseslərin idarə olunmasında müstəqilliyini təmin edən eyni amillər kateqoriyasındadır.

Bəyannamənin ərazi bütövlüyünün qarşılıqlı tanınması və bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı ödənişlərdə milli valyutalardan istifadə etmək, sülhə təhlükə və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı təqdirdə bir-birinə hərbi yardım və məsləhətləşmələr göstərilməsi haqqında müddəaları Azərbaycan və Rusiya arasında hərtərəfli əməkdaşlığın qarşılıqlı qəbul edilə bilməsini və səmərəliliyini, hər hansı üçüncü dövlətin, o cümlədən ABŞ-nin Azərbaycanın həyati maraqları sferasına diktə və ya işğal etmək ehtimalının hətta hipotetik ehtimalının istisna edildiyini nümayiş etdirir.

ABŞ-nin Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq üçün Azərbaycandan rıçaq kimi istifadə etmək ehtimalı, Cənubi Avropa istiqamətində onun alternativləri, Bakıdan gələn neft-qaz kəmərlərinin Moskvanın enerji bazarındakı təsirinə qarşı balans kimi istifadəsi ilə bağlı illüziyaları reallıqda öz əksini tapmadı. Eyni zamanda, Amerika isteblişmentinin hətta öz merkantil maraqları naminə Dağlıq Qarabağ münaqişəsində Ermənistanı dəstəkləməkdə davam etməli və Azərbaycanın ərazi bütövlüyünün bərpasına heç bir kömək göstərməməli olduğunu hesab edən mentaliteti diqqət çəkir.

Üstəlik, “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycan yataqlarının işlənməsində və neft hasilatında iştirak edən ABŞ, eləcə də digər Qərb dövlətləri daha yaxşı istifadəyə layiq canfəşanlıqla Azərbaycanı əsassız olaraq avtoritar idarəetmə tərzində, insan haqlarının pozulmasında və digər antidemokratik “günahlarda” ittiham edirdilər.

Postkonflikt dövrü, xüsusən də Prezident Co Baydenin hakimiyyətə gələndən sonra, Ağ Evin müstəqil şəkildə ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı daha da mürtəce münasibətini qabarıq şəkildə üzə çıxardı. Respublikanın getdikcə artan beynəlxalq nüfuzu, Qoşulmama Hərəkatında liderliyi, iqtisadi və sənaye bazasının dinamik inkişafı və nəqliyyat-enerji sistemlərinin fəaliyyətində əvəzsiz rolu onun dövlət müstəqilliyini əhəmiyyətli dərəcədə möhkəmləndirdi və Vaşinqtonun Azərbaycandan regionda hegemon məqsədləri üçün istifadə etmək istəklərini daha çox kabusa çevirdi.

Beləliklə, ABŞ-nin Rusiyanı regiondan çıxarmaq siyasətində əsas ümidi Ermənistan idi. Həm ərazisinin parçalanması və efemer iqtisadi bazası nəticəsində zəifləmiş Gürcüstan, həm də müstəqil siyasət yürüdən, hərbi-strateji və iqtisadi-sənaye aspektində güclənən Azərbaycan Cənubi Qafqazı orada dominantlıq alətləri kimi fəth etmək və Rusiyanı hər hansı regional mövcudluqdan, eləcə də İrana hərbi təhlükə yaratmaq üçün bazadan məhrum etmək kimi geosiyasi layihələrindən kənarda qalır. Üstəlik, Azərbaycan İran Azərbaycanının 30 milyonluq əhalisinə təsir imkanlarını nəzərə alaraq, ABŞ-yə İranın daxili vəziyyətini pozmaq üçün öz ərazisindən və strateji resurslarından istifadə etmək üçün heç bir əsas vermir.

Bir sıra faktlar Ermənistanı Cənubi Qafqazda Rusiya Federasiyası və İran İslam Respublikası ilə geosiyasi mübarizə meydanına çevirmək istəyini və diqqətini aydın şəkildə nümayiş etdirir. Amerikanın Ermənistandakı səfirliyi əməkdaşlarının sayına görə ölkənin xaricdəki diplomatik nümayəndəlikləri arasında İraqdan sonra ikinci yerdədir. Beləliklə, Ermənistanın 2 milyon əhalisinə ölkədə 2500 amerikalı diplomat – qəbul edən ölkənin hər 800 vətəndaşına biri düşür. Müqayisə üçün: 145 milyon əhalisi olan Rusiyada son göndərilmədən əvvəl ABŞ diplomatlarının sayı 455 nəfər təşkil edirdi. Ola bilsin ki, əməkdaşlarının ümumi sayına görə (müqavilə ilə işləyən işçilər də nəzərə alınmaqla) ABŞ-nin Ermənistandakı səfirliyi həqiqətən də İraqdakı səfirlikdən geri qalır, lakin diplomatik pasportu olan əməkdaşların sayına görə o, dünyada birinci yer tuta bilər.

Əslində, Amerika səfirliyi İrəvanın kənarında bütöv bir “şəhərdir”. Sual yaranır ki, nə dənizə çıxışı, nə böyük faydalı qazıntı yataqları, nə də iri investisiya layihələri (yeganə belə “layihə” Vorotan su elektrik stansiyasının amerikalılara satılması idi) olmayan kiçik bir ölkədə İrəvanda belə nəhəng diplomatik mərkəzin yaradılması üçün hansı həyati zərurətdən söhbət gedə bilər?!

Bu suala kifayət qədər konkret cavab amerikalı ekspert, Truman adına Milli Siyasət Mərkəzinin əməkdaşı Daniel Qaynorun “ABŞ-nin Ermənistanla münasibətləri: Yaxın Şərqdəki rəqibləri ilə qarşıdurmada Amerikanın gizli silahı var” adlı məqaləsində yer alıb: “Ən yaxşı izah – mövqedir. Dənizə çıxışı olmayan Ermənistan bəlkə də dünyanın ən qarışıq bölgəsində yerləşir. Ermənistan Türkiyə, Azərbaycan, Gürcüstan və İranla həmsərhəddir. Keçmiş sovet ölkəsi olaraq Ermənistan ticarət və hərbi dəstək sahəsində Rusiyaya arxalanır. ABŞ-nin adıçəkilən beş ölkənin hamısında öz maraqları var, Ermənistan isə Amerikanın məqsədlərinin irəliləməsi üçün potensial güclü vasitə kimi diqqət mərkəzində yerləşir».

Şübhəsiz ki, ki, Daniel Qaynorun məqaləsinin başlığında qeyd olunan “gizli silah”a “ABŞ-nin Ermənistandakı yeni səfirliyi” adlı obyekti də aid etmək olar. Respublikada Amerika kəşfiyyat şəbəkəsinin genişləndirilməsində bir sıra yerli QHT-lər onlara kömək edir. Kiçik respublikada bu “qeyri-hökumət təşkilatlarının” ümumi sayı miqtasdan kənara çıxır: Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, onların sayı iki yüzdən çoxdur. ABŞ onların fəaliyyəti üçün hər il 250 milyon dollara qədər vəsait ayırır. Amerika kəşfiyyat xidmətlərinin agentləri diplomatik kamuflyajdan əlavə, maskalanıb bu məqsədlər üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Milli Demokratiya İnstitutu (NDI), “Avrasiya” Fondu, Açıq Cəmiyyət İnstitutu (OSI, Soros Fondunun strukturu), Ermənistan Amerika Universiteti və Dünya Bankından istifadə edirlər. Onlar hətta İrəvan, Böyük Qarakilsə, Gümrü və Qafanda “Amerika guşələrini” istifadə edirlər.

Amerikanın İrəvandakı səfirliyinin bu kompleksi, məhz elə onlar tərəfindən həyata keçirilən, texniki cəhətdən həmsərhəd və yaxında yerləşən dövlətlərə – Türkiyə, İran, Gürcüstan, Azərbaycan, Rusiya və s. yönəlmiş radiokəşfiyyat üçün uyğunlaşdırılıb.

Buna görə də 2018-ci ilin yazında Ermənistanda baş verən “məxməri inqilab”a təəccüblənməyə dəymir.

ABŞ Fransa ilə birlikdə Ermənistanı postsovet ərazisindəki hərbi-siyasi və iqtisadi strukturlar (KTMT, Avrasiya İqtisadi Qrupu) ilə dezinteqrasiya etmək və Şimali Atlantika blokunda yerini təmin etmək üçün hər cür səy göstərir. Bu kontekstdə Ermənistanın hərəkətlərinin paradiqması belədir:

- 2023-cü ilin yanvarında Ermənistan KTMT-nin əvvəldən planlaşdırılmış “Sarsılmaz Qardaşlıq 2023” təlimlərindən imtina;

- 2023-cü ilin avqustunda Ermənistan nüvə obyektlərində qəzanın aradan qaldırılması üzrə Belarusda KTMT-nin birgə təlimlərində iştirakından imtina edir;

- Ermənistanın baş naziri Paşinyan “strateji təhlükəsizliyin təmin edilməsi məsələlərində yalnız Rusiyaya güvənmək qərarını” səhv adlandırır. O, hesab edir ki, Ermənistanın bütün təhlükəsizlik arxitekturası 100% Rusiya ilə münasibətlər üzərində qurulub və bu gün bu, ən yaxşı variant deyil. “Amma bu gün Rusiyanın özünün silaha, silahlanmaya ehtiyacı olduğu bir vaxtda aydındır ki, istəsə, Ermənistanın təhlükəsizlik sahəsində ehtiyaclarını təmin edə bilməyəcək... Moskva Cənubi Qafqazdan uzaqlaşır, bir gün biz sadəcə oyanıb görəcəyik ki, Rusiya burada yoxdur” – deyə, Paşinyan konkretləşdirir;

- Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırır və onu Niderlanda səfir göndərir. Eyni zamanda yeni daimi nümayəndə təyin edilmir;

- 2023-cü il sentyabrın 1-də Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunu ratifikasiya üçün parlamentə təqdim edir, bundan sonra BCM-nin orderləri Ermənistan ərazisində məcburi olacaq. Martda BCM tərəfindən Rusiya Prezidenti Vladimir Putinin həbsinə verilən order də buraya daxildir;

- Sentyabrın 11-də Ermənistan ABŞ sülhməramlı qüvvələri ilə “Qartal tərəfdaşı 2023” birgə təlimlərinə başladı. Təlimlərdə 85 amerika, 175 erməni hərbçisi iştirak etdi.

Təbii ki, ABŞ və Qərb üçün itaətsiz Azərbaycan, Amerika peyk dövləti Ermənistan üçün qarşı tərəf olmaqla, Vaşinqtonun atəşini öz üzərinə çevirir.

Atəşkəs haqqında sazişin bağlanması, Qarabağ hərbi birləşmələrinin tərksilah edilməsi və Qarabağda qalan erməni əhalisi də daxil olmaqla, regionun Azərbaycana reinteqrasiyası ilə başa çatan sentyabr hərbi əməliyyatı nəticəsində Dağlıq Qarabağ münaqişəsinin yekun həllindən sonra ABŞ tərəfindən ona qarşı münasibət açıq şəkildə aqressiv və mürtəce xarakter daşımağa başladı.

ABŞ Dövlət Departamenti Azərbaycanın hərəkətlərini və mövqelərini kəskin və qanunsuz olaraq pislədi. Diplomatik monoloqda mentorluq tonunu seçən amerikalılar sözün əsl mənasında ermənilərin Qarabağa buraxılmasını, Rusiya sülhməramlılarının çıxarılmasını, Zəngəzur dəhlizi layihəsi ilə bağlı İranla təmaslardan əl çəkməyi tələb etdilər. Təbii ki, dövlətimizin reaksiyası adekvat oldu: ardınca Amerika platformasında Ermənistanla danışıqlardan imtina gəldi.

Yuxarıdakı müddəalar bu il noyabrın 15-də ABŞ Konqresində Zaqafqaziyadakı vəziyyətlə bağlı keçirilən dinləmələrdə ABŞ dövlət katibinin köməkçisi O’Braynın məruzəsində yer alıb. O, çıxışı zamanı faktiki olaraq Azərbaycanı Ermənistanla sülh danışıqlarını pozmaqda ittiham edib. “Biz açıq şəkildə bildirdik ki, sülh yolunda irəliləyiş görməyincə Azərbaycanla heç nə normal olmayacaq”, - deyə, o, hədələyib. Dövlət rəsmisi Vaşinqtonun bir sıra yüksək səviyyəli səfərləri ləğv etdiyini, hərbi və digər yardımları dayandırdığını, sanksiyalar tətbiq edə biləcəyini əlavə edib.

Şübhəsiz ki, keçmişdə heç vaxt Ermənistanı beynəlxalq hüquqa riayət etməyə və BMT-nin Təhlükəsizlik Şurasının Qarabağın işğaldan azad edilməsinə dair qətnamələrini yerinə yetirilməyə çağırmayan, Qarabağdakı “separatçı rejim”i maliyyələşdirən və ona diplomatik dəstək verən ABŞ Azərbaycanla münasibətlərdə qırmızı xətti keçdi və Ermənistanın hansı qeyri-qanuni siyasət yürütməsindən asılı olmayaraq, onun maraqlarına sarsılmaz dəstək kontekstində regionda apardıqları siyasətin birtərəfli olduğunu təsdiqlədi.

Dövlətimiz Ermənistanla yeganə məqbul sülh müqaviləsi layihəsini hazırlayıb, baxmayaraq ki, ABŞ və Fransanın təsiri altında olan İrəvan onların köməyi ilə qisas almağa ümid edərək faktiki olaraq ondan imtina edir. Bundan əlavə, respublikanın zəruri hesab etdiyi yolların və kommunikasiyaların tikintisinə dair suveren hüququ heç bir şübhə və təbii ki, ABŞ və onun Şimali Atlantika müttəfiqlərinin diktəsinə məruz qala bilməz.

Bu il noyabrın 16-da ABŞ Senatı Miçiqan ştatını təmsil edən senator Qari Pitersin müəllifi olduğu “2023-cü il erməniləri müdafiə aktı”nı qəbul edir. ABŞ Konqresinin Yuxarı Palatası bu sənədin S.3000 qrifi altında təsdiq edilməsinə səs verdi ki, bu da Amerika Prezidentinə Azərbaycana hərbi yardımı qadağan edən “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişdən yan keçməyə imkan vermir. Sənədin Nümayəndələr Palatası tərəfindən qəbul ediləcəyi və Ağ Evin rəhbəri tərəfindən imzalanacağı təqdirdə, ABŞ Prezidenti 907-ci düzəlişdən yan keçə və 2024-2025-ci illər üçün büdcə ayırmalarından Azərbaycana yardım məqsədilə maliyyə vəsaiti ala bilməyəcək.

ABŞ-də erməni maraqlarının əsas lobbiçisi, konqresmen Frenk Pallone fərəhlə dedi: “Senatı "Ermənistanın Müdafiə Aktı"nı qəbul etməsinə görə alqışlayıram. Nümayəndələr Palatası indi bu addıma əməl etməli və mənim ikipartiyalı qanun layihəmi H.R. 5683 qəbul etməlidir, bununla da 907-ci düzəliş qüvvədən düşəcək və ABŞ-nin Azərbaycana yardımı qadağan ediləcək. Əliyevin Ermənistana qarşı təcavüzünün real nəticələri olmalıdır”.

Beləliklə, ABŞ və Azərbaycan arasında münasibətlərdə tammiqyaslı böhrana görə məsuliyyət tamamilə Amerika tərəfinin üzərinə düşür.

Bütün bu antiazərbaycan addımları fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin noyabrın 20-də Vaşinqtonda keçiriləcək növbəti görüşə dəvət edilmələri olduqca gülüncdür...

Lakin ABŞ və Fransanın təhriki ilə böyük tərəfdaşının bütün göstərişlərini son dərəcə dəqiq yerinə yetirən Ermənistan bu halda ABŞ və kollektiv Qərbin absurd və dövlətimizin maraqları üçün qəbuledilməz olan preferensiyalarda israr edəcəklərinə ümid edərək, Azərbaycanı Şimali Atlantika platformasında sülh müqaviləsi bağlamaq prosesinə sürükləməyə çalışır.

Noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycanla sülh nizamlanmasının əsas prinsipləri razılaşdırılıb. Onun sözlərinə görə, bu razılaşmalar Avropa Şurasının rəhbəri Şarl Mişelin bu ilin may və iyul aylarında keçirilən üçtərəfli görüşlərdən sonra verdiyi bəyanatlarda qeyd olunub.

Tamamilə aydındır ki, ABŞ beynəlxalq-hüquqi, diplomatik, xarici iqtisadi və hərbi-siyasi sferalarda Azərbaycanın milli maraqlarını pozmağa çalışıraq, onunla münasibətlərdə riskə gedir.

Amerikanın neft-qaz şirkətlərinin Azərbaycanın energetika meydanında manevri də sinizmlə fərqlənir. Azərbaycan dövlət neft şirkətinin AÇG layihəsində payının 11,6 faizdən 25 faizə yüksəlməsindən narazı olan Amerika neft-qaz nəhəngləri Exxon Mobil və Şevron ötən müddət ərzində milyardlarla dollar mənfəət əldə edərək, Azərbaycanın neft və qaz ehtiyatlarını Azərbaycan xalqının maraqları hesabına istismar edə bilməyərək, müqavilədən çıxdılar. Bu hal bir daha Azərbaycanla münasibətlərin pisləşməsinin tərəfdarlarına əl verdi və Ermənistanın maraqlarına hərtərəfli dəstəyin son infşasına çevrildi. Üstəlik, Çin lideri Si Cinpinin amerikalı həmkarına Çinin dünyanın birqütblülüyünə qarşı olduğunu və bütün varlığı ilə çoxqütblü insan cəmiyyətinin əsas hissəsi olduğunu açıq şəkildə bildirəndə, iki dövlət başçısının San-Fransisko görüşünün qeyri-məhsuldar nəticələri fonunda. Bunu onun San-Fransiskoda APEC Sammitində Asiya-Sakit Okean ölkələrinin iqtisadiyyatlarının açıq olmasının zəruriliyini, iqtisadi və ticarət əlaqələrinin azadlığı və açıqlığını, beynəlxalq ticarətdə bütün idarəetmə missiyasının ÜTT-nin əlində cəmləşməsini, dünya ölkələri arasında ticarət-iqtisadi əlaqələrin siyasiləşdirilməsinin yolverilməzliyini, onların siyasi problemlərin həlli üçün silaha çevrildiyini bəyan etdiyi çıxışının tezisləri də təsdiqləyir.

İş ABŞ-nin Fransanın Ermənistana verdiyi silahları Potidəki limanından buraxan Gürcüstana təzyiqinə qədər gəlib çatdı.

Bundan başqa, Amerikanın təsiri nəticəsində BMT-nin Haaqa Beynəlxalq Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiası üzrə müvəqqəti tədbirlər çərçivəsində respublikamızın üzərinə sentyabrda Dağlıq Qarabağı tərk etmiş insanlara geri qayıtmaq imkanı vermək öhdəliyi qoydu, baxmayaraq ki, ölkə rəhbərliyi Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində qalmaq istəyən erməni millətindən olan bütün şəxslərin Azərbaycan vətəndaşlığına maneəsiz qəbul edildiyini bəyan etmişdi. BMT Nizamnaməsinin 94-cü maddəsində “Təşkilatın hər bir üzvü tərəf olduğu iş üzrə qərarı [məhkəmənin] yerinə yetirməyi öhdəsinə götürür” deyilsə də, BMT Beynəlxalq Məhkəməsinin onun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək imkanı yoxdur və tərəflərdən hər hansı biri onlardan imtina edərsə, o zaman işi BMT Təhlükəsizlik Şurasına yönləndirirlər. Haaqa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarın ifrat subyektivliyi və qərəzliliyi səbəbindən onun icrasından imtina edilməsi və müzakirənin hələ 1993-cü ildə Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı, yeri gəlmişkən, Ermənistan tərəfindən icra olunmamış iki qətnaməni qəbul edən BMT Təhlükəsizlik Şurasının səlahiyyətinə verilməsi tamamilə qanunauyğundur.

Tarixi ekspertiza metodunu tətbiq edərək ABŞ prezidenti Vudro Vilsonun 1920-ci ildə Sevr konfransında irəli sürdüyü və tarixə “Vudro Vilsonun 14 maddəsi” adı ilə düşmüş məşhur layihəsini xatırlatmaq məqsədəuyğun görünür.

Bu sənədin 12-ci maddəsi bilavasitə Ermənistan dövlətinin yaradılması ilə bağlı idi. Vilsonun mesajında heç bir ölkənin adı çəkilməsə də, eyni zamanda şübhəsiz ki, ABŞ prezidentinin mesajı Ermənistana da aid idi. Vilson bu mesaj üzərində 1918-ci il 4, 5 və 7 yanvar tarixlərində öz müşaviri polkovnik Edvard Haus ilə birlikdə işləyirdi. Prezidentin müşavirinin gündəliyi buna sübutdur. Haus 1918-ci il yanvarın 7-də bunu qeyd edirdi: “Türkiyə ilə bağlı abzas hazır olanda prezident düşündü ki, bu daha aydın ifadə olunmalı, Ermənistan, Mesopotamiya, Suriya və digər hissələr konkret göstərilməlidir. Deyilənlərin anlaşılmaq üçün kifayət olduğuna əmin olaraq, mən bununla razılaşmadım və və sonda hər şey əvvəldə ifadə edildiyi kimi qaldı”. Buna uyğun olaraq, Ermənistan Türkiyənin Şərqi Anadolu vilayətlərinin ərazilərində yaradılmalı idi. Konkret sərhədlər arbitr – ABŞ prezidenti Vudro Vilson tərəfindən müəyyən edilməli idi.

Təbii ki, sual yaranır: Ermənistana bu qədər böyük vədlər verən belə “səxavətli hədiyyələr” nə üçün müqaviləyə daxil edilib? Yəni dünyanı dəyişmək məqsədi ilə planetar qırğın törədən imperialist dövlətlərin başçıları birdən-birə erməni xalqının problemlərinin dərinliyinə vardılar? Qətiyyən! Bu yanaşmanın absurdluğuna əmin olmaq üçün 1920-ci il aprelin sonunda San-Remoda keçirilən konfransda Böyük Britaniyanın baş naziri Lloyd Corcun bəyanatını xatırlatmaq kifayətdir. Xüsusən də o, deyirdi: “Əgər ermənilər öz sərhədlərini qoruya bilmirlərsə, deməli … belə xalqdan heç bir fayda yoxdur və heç bir ittifaq dövləti bir batalyonla belə onlara kömək etməyə hazır olmayacaq

Antanta ölkələri Osmanlı İmperiyasının torpaqlarında erməni dövlətinin yaranması ilə bağlı paranoik düşüncələrində nəyə əsaslanırdılar? Məsələ ondadır ki, Sevr müqaviləsi Vilsonun arbitraj qərarı ilə birlikdə Türkiyənin parçalanmasını qabaqcadan müəyyən edərək, Rusiyanın məsuliyyət zonasına daxil olmasının qarşısını almaq üçün onu Qərbin geostrateji təsir dairəsində saxlamaq məqsədi güdən diplomatik ticarət üçün əla zəmin yaradırdı. Bu tarixi sənəd sonradan sövdələşmə predmetinə çevrilmədi, o bunun üçün əvvəlcədən nəzərdə tutulmuşdu. Ermənistan isə bəhanə kimi istifadə olunurdu. Sövdələşmə 1923-cü ildə başa çatdı və Türkiyə Qərbin təsir orbitinə girdiyi üçün Lozanna konfransında Müttəfiqlərin Sevr müqaviləsindən imtina etməsi ilə nəticələndi.

İndiki vəziyyət siyasi qüvvələrin beynəlxalq aləmdə yüz ildən də əvvəlki balansından o qədər də fərqlənmir. Yeganə fərq ondan ibarətdir ki, Ermənistan indi ABŞ başda olmaqla Qərb tərəfindən Amerika hegemonluğunun yayılması və onun bütün Cənubi Qafqazda möhkəmlənməsi üçün meydan kimi istifadə olunur, baxmayaraq ki, Rusiyanın regionda rolunun tarazlaşdırılmasında da eyni məzmun var.

Lakin nə Azərbaycan, nə də Türkiyə uzun müddətdir ki, heç kimin maliyyə, iqtisadi, xüsusən də hərbi-siyasi ekspansiyası obyekti olmayıb, çox şeydə onların xarici siyasətinin müstəqilliyini müəyyən edən güclü sənaye, maliyyə və hərbi-texniki potensiala malik dövlətlərdir.

Bütün bunlar Amerikanın Azərbaycan Respublikasının maraqlarına zidd olan qisasçı hərəkətlərində Ermənistanı dəstəkləmək layihələrini fiaskoya uğradır.

Amerikanın Ermənistan üzərində himayədarlığı təkcə cinayətkar hamiliyi sahəsində deyil, həm də bir əsr əvvəl baş vermiş və indi də davam edən tam fiaskosu ilə bağlı müəyyən tarixi varisliyə malikdir.

Adəm İsmayıl

Fəlsəfə doktoru

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi sahəsi üzrə hazırlanmışdır.