- Tribuna
- 15:06
- 2 411
Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir

Azərbaycan-Rusiya münasibətləri barədə son günlər Əli Kərimlinin səsləndirdiyi fikirlər bir daha göstərir ki, bu adam siyasi məsuliyyət daşımaq əvəzinə populizmə, daxili auditoriyaya yönəlmiş ucuz ritorikaya üstünlük verir.
Əli Kərimli Rusiya ilə münasibətlərin bərpasını qınaq obyektinə çevirərək, guya Azərbaycanın dövlət maraqlarının müdafiə olunmadığını iddia edir. Halbuki, beynəlxalq siyasətin reallıqları və regionun geosiyasi balansı tələb edir ki, Azərbaycan həm Qərb, həm də Rusiya ilə münasibətlərini qoruyub saxlasın. Mövcud olduğumuz coğrafiyanın geosiyasi reallıqları və dövlət maraqlarımız bütün qonşularımızla, o cümlədən Rusiya ilə normal, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağı təlqin edir və bu xətt xarici siyasətimizdə prioritet təşkil edir. Dövlətin maraqları şəxsi ambisiyalarla, populist ritorika ilə təmin edilə bilməz.
Əli Kərimlinin arqumentləri səthi və emosionaldır. O, guya Azərbaycan hakimiyyətini “qeyri-ciddi” xarici siyasət aparmaqda günahlandırır, amma özü heç bir real alternativ təqdim etmir. Əgər Azərbaycan Rusiya ilə əməkdaşlığı tam dayandırsa, regionda hansı güc balansı yaranacaq? Ermənistan və havadarları bundan necə istifadə edəcək? Rusiya-Azərbaycan qarşıdurmasının bizim üçün hansı nəticələri ola bilər? Əli Kərimli bu suallara cavab verə bilmir.
Əslində, bu yanaşma onun siyasi təcrübəsindən qaynaqlanır. AXC-Müsavat iqtidarı hakimiyyətdə olduğu bir illik qısa müddət ərzində Rusiya, İran, Çin kimi regional güclərlə, həmçinin digər mühüm dövlətlərlə sağlam münasibətlər qura bilmədi, nəticədə Azərbaycanı beynəlxalq arenada təcrid olunmuş vəziyyətə saldı. Ona görə də Əli Kərimli bu gün də öz siyasi xislətinə uyğun olaraq yalnız destruktiv düşünür və hər zaman qarşıdurma çağırışlarına üstünlük verir.
Digər tərəfdən, Əli Kərimli unudur ki, Azərbaycan dövlətinin başlıca vəzifəsi soydaşlarını qorumaqla yanaşı, milli təhlükəsizlik maraqlarını təmin etməkdir. Bunun üçün isə diplomatik çeviklik, balanslaşdırılmış siyasət vacibdir. Hər gün bir tərəfə ultimatum vermək, münasibətləri düşmənçiliyə çevirmək dövlətçilik deyil, məhvə aparan yoldur. Bir illik hakimiyyəti dövründə AXC-Musavat iqtidarının getdiyi bu yolun ağır nəticələri hamıya məlumdur.
Əslində, Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir. Onun siyasəti yalnız Rusiyanın Azərbaycana münasibətdə sərgilədiyi davranışlara qarşı yaranmış emosional ictimai narazılıqları manipulyasiya etmək və dövlətin addımlarını gözdən salmaq məqsədi daşıyır. Bu isə qətiyyən milli maraqlarımıza xidmət etmir, əksinə, bu mövqe Azərbaycanın beynəlxalq mövqelərini zəiflətməyə yönəlmiş destruktiv yanaşmadır.
Nəticə etibarilə, Əli Kərimli Azərbaycanı təcrid olunmuş və beynəlxalq güclərin əlində oyuncağa çevrilmiş bir dövlət kimi görmək istəyir. Lakin xalq da, dövlət də artıq onun bu ifrat populizmini və milli maraqlara zidd mövqeyini yaxşı tanıyır. Azərbaycan dövlətinin siyasəti Əli Kərimlinin arzuladığı kimi dağıdıcı, məsuliyyətsiz şüarlar və emosiyalar üzərində deyil, milli maraqlar və reallıqlar üzərində qurulur.
Vasif Qafarov
Milli Məclisin deputatı