- Tribuna
- 8 Noyabr 13:25
- 14 688
Bişkek Zirvə görüşü Türk Dövlətlərinin yeni hədəflərini müəyyənləşdirdi
Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət başçılarının 11-ci Zirvə görüşü ölkələrimiz arasında inteqrasiyanın dərinləşməsində irəliyə doğru yeni addım oldu. Tədbirdə liderlərin bəyanatları və mesajları nüfuzlu beynəlxalq təşkilat kimi formalaşan TDT-nin yeni inkişaf mərhələsində hədəf prioritetlərini müəyyənləşdirdi.
15 illik yubileyini qeyd edən TDT 2009-cu ildə Naxçıvanda əsası qoyulmuş möhkəm təməl üzərində inkişaf edərək türk ölkələri arasında siyasi, iqtisadi, humanitar, mədəni əməkdaşlığın ali platformasına çevrilib, mühüm regional və qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı olub. TDT elm və innovasiyalar, maliyyə, bank, investisiya, gömrük, nəqliyyat, logistika sahəsində vahid əməkdaşlıq zəncirinin qurulmasını təmin edib.
Yubiley ilində Türk Dövlətləri Təşkilatı çox mühüm sazişlərə imza atması ilə yadda qalıb. Belə ki, cari il iyulun 6-da Şuşa şəhərində keçirilmiş TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın yeni prioritertlərini və gələcək yol xəritəsini müəyyən edən mühüm sənəd kimi qəbul edilir. Bəyannamə TDT ölkələrinin bir iqtisadi ailədə sıx birliyini ehtiva etməklə, nəqliyyat, rəqəmsal rabitə və bank, logistika, enerji, maliyyə sahələrində əlverişli imkan və potensialları birləşdirməyə dərin zəmin yaradır.
Bişkek Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu məsələlərə diqqət çəkərək bildiridi ki, TDT ölkələrinin yerləşdiyi əlverişli coğrafiya mövcud imkanlardan daha səmərəli şəkildə faydalanmağa imkan verir. Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi TDT ölkələrinin yerləşdiyi Orta Dəhlizin strateji rolunu artırır. Bu dəhlizdə mühüm coğrafi yeri ilə seçilən Azərbaycan öz ərazisi üzrə daşınmaların intensivliyi durmadan artırır. 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artımın qeydə alınması bu nəqliyyat arteriyasının perspektiv potensialının daha da artırılmasını labüd edir. Bu baxımdan respublikamız Mərkəzi Asiya ölkələri ilə Türkiyəni dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün öz sərmayələrini artırır, infrastrukturlarını daha da müasirləşdirir.
Qeyd edək ki, Qarabağ Bəyannaməsində tərəflər dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Şərq-Qərb və Orta Dəhliz vasitəsilə regional əlaqəni və inteqrasiyanı gücləndirmək niyyətlərini ifadə ediblər. Orta Dəhlizin daha rentabelli və dayanıqlı işləməsi üçün TDT ölkələri tərəfindən dəmir və avtomobil yolları, logistika qovşaqlarının əsaslı şəkildə yenidən qurulması və infrastrukturların təmirinə investisiyaların cəlb edilməsi, nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, gömrük prosedurlarının optimallaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanması, “bir pəncərə” prinsipinin tətbiqi və s. öhdəliklər götürüb. Həmçinin, Zəngəzur dəhlizi də nəqliyyat blokunun mühüm bir hissəsi kimi perspektiv gündəlikdə yer alır.
Prezident İlham Əliyev Zirvə görüşündə ölkəmizin digər niyyətlərini də bəyan edərək təşkilatın hədəflərinin gerçəkləşməsində fəal dəstəkləyici və maliyyə təminatçısı olmaq imkanlarını xatırlardı. İlk növbədə, bu qurumun funksional maliyyə ehtiyaclarının qarşılanmasıdır ki, Azərbaycan TDT-nin büdcə portfelinin təmin edilməsində öz donorluğunu göstərəcək. Təşkilatın Katibliyinə iki milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstəriləcək ki, bu da TDT-nin potensialının güclənməsinə töhfə verəcək.
Azərbaycan, həmçinin türk dövlətlərinin birgə maliyyə-bank-investisiya strukturlarının formalaşmasında da aparıcı rolu ilə fərqlənir. Türk İnvestisiya Fondunun, Fintex Alyansının fəaliyyətində çevik təşəbbüsləri ilə fərqlənir. Həmçinin TDT Mərkəzi Banklar Şurasının, Gömrük Birliyinin fəaliyyətinin təmin edilməsində də ölkəmizin ardıcıl səyləri öz müsbət bəhrəsini verməkdədir.
Hazırda TDT ölkələri arasında ən uğurlu əməkdaşlıq formullarından biri müdafiə və təhlükəsizlik sahəsində faydalı əməkdaşlığın əlaqələndirilməsidir. Bunu qlobal təhdidlər və bölgədəki mürəkəb geosiyasi proseslər daha da ön plana çıxarır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Tərəflər öz Silahlı qüvvələrini birgə hərbi təlimlərə cəlb edir, hərbi təhsil müəssisələrində müdavimlərinin təhsil alması imkanlarını artırır ki, bunlar möhkəm və etibarlı müdafiə alyansının qurulmasına xidmət edir.
Vətən müharibəsi dövründə Türk Dövlətləri Təşkilatına üzv ölkələr ərazi bütövlüyünü öz gücünə təmin edən, BMT-nin qətnamələrini təkbaşına icra edən Azərbaycanın haqq savaşında yanında olaraq, siyasi və mənəvi dəstək veriblər. İnanırıq ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinə də dost və qardaş ölkələr layiqli töhfələrini verəcəklər.
Ramid Namazov
Milli Məclisin deputatı