Vyetnam ‒ Azərbaycanın köhnə dostu, yeni strateji tərəfdaşı

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 42 il əvvəl sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri, xalqlarımız arasında isti münasibətlərinin formalaşmasında müstəsna rol oynayıb.

Ötən əsrin 70-80-ci illərində qurulmuş möhkəm bünövrə, eyni zamanda, Vyetnam xalqını elm və təhsil sahəsinin inkişafında, milli kadr institutunun formalaşmasında tarixi əhəmiyyət kəsb edib. Bakıda ali təhsil ocaqlarında, ələlxüsus da Dövlət Neft və Sənaye Universitetində təhsil alan vyetnamlı tələbələr yüksək ixtisaslı kadr kimi yetişərək öz ölkələrində yüksək vəzifələrə təyin olunub, dövlətlərinin inkişafına töhfə veriblər.

Bu misilsiz xidmətləri heç vaxt unutmayan vyetnamlılar Azərbaycana özlərinin “ikinci Vətən” kimi dəyərləndiriblər. 2014-cü ildə Prezident İlham Əliyevin Hanoya səfəri zamanı həmin məzunların görüşdə “Tələbə” mahnısını oxuması da məhz bu tarixi dostluq ənənəsinin xoş təntənəsi kimi qarşılanıb. Cənab Prezidentin həmin səfəri iki dövlət arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub, ardınca Vyetnam Prezidentinin Bakıya rəsmi səfəri əməkdaşlıq üçün yeni təməllər yaradıb.

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana gerçəkləşən ilk səfəri isə ali səviyyəli qonağın qətiyyətli siyasi iradəsini əks etdirir və münasibətlərin inkişafına doğru yeni addımdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək, qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıracaqdır.

Bakıda imzalanmış mühüm sənədlər, o cümlədən, energetika və müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları, SOCAR-la Vyetnam Milli Sənaye – Enerji Qrupu (PetroVietnam) arasında razılaşma, elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində memorandum və digər sazişlər Azərbaycan- Vyetnam əlaqələrinin yeni inkişaf hədəflərini əks etdirir. Birgə səylərin artırılması nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı öz səmərəsini verəcək.

Dövlətlər arasında qarşılıqlı sərmayə qoyuluşu məsələləri də əsas müzakirə mövzularından biri kimi gündəlikdə yer alır və həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu nəzərdə tutulur. İqtisadi təmasları daha da irəliyə aparmaq üçün Hökumətlərarası Komissiyanın iclaslarının daha da intensivləşdirilməsi razılaşdırılıb. Bu, bir çox iqtisadi prioritetlərın həllində və iki dövlətin biznes icmaları arasında bağlantıların koordinasiyasında əlaqələndirilməsində mühüm rol oynayacaq.

Tərəflər arasında iqtisadi-ticari mübadilənin mövcud vəziyyəti kifayət qədər yaxşıdır, ancaq bu dövriyyənin dinamikasının birbaşa neftə bağlı olması qanedici hesab edilmir. Azərbaycan Prezidentinin də vurğuladığı kimi Azərbaycandan Vyetnama neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda isə əmtəə mübadiləsi də aşağı düşür. Ona görə də, dayanıqlı ticari balansı qorumaq üçün mal və xidmətlərin çeşidinin artırılması təklif olunur.

Azərbaycan Vyetnama qeyri-neft mallarının ixracını da artırmaq və Cənub-Şərqi Asiyanın bu bölgəsindəki bazarında öz mövqelərini gücləndirmək üçün potensial iqtisadi imkanlarına və ixrac gücünə arxayındır. Belə ki, Azərbaycan bu ölkəyə kənd təsərrüfatı, aqrar-sənaye, kimya, energetika və digər qeyri-neft malları ixrac etməklə ticarət dövriyyələrinin balanslaşdırılmasına nail olmaq istəyir. Nəticədə idxal və ixracın strukturunun zənginləşməsi ticari portfelin dayanıqlılığını da formalaşdıracaq.

Hər iki dövlət investisyaların axınlarını da hərəkətə gətirmək üçün sərfəli yolları araşdırır. İlk növbədə, bunun üçün, qarşılıqlı informasiya mübadiləsinin aktivliyi təmin olunacaq, hökumət və iş adamları arasında birbaşa kontaktların qurulması konkret layihələrdə əməkdaşlıq niyyətlərinin elan edilməsinə və həyata keçirilməsinə imkan yaradacaq. Qarşılıqlı sərmayə qoyuluşlarının təşviqində institusional alətlərin tətbiqi, qanunvericilik bazasının təkmilləşdirilməsi, vergi inzibatçılığının sadələşdirilməsi, hər iki tərəfin sahibkarlıq icması üçün stimulverici sərmayə təşviqlərindən istifadə və digər iqtisadi xarakterli addımların atılması istisna olunmur.

Əməkdaşlığın gündəliyində bərpaolunan enerji növlərinin istehsalı və emalı sahəsi üzrə birgə təmsilçilik də diqqətdə dayanır. Azərbaycanın bu sahədə çox böyük potensialının olması, beş il sonra 6500 meqavat gücündə “yaşıl enerji” tədarük etmək gücünün reallaşması qeyd edilən sahənin sərmayə qoyuluşları və gəlir əldə etmək baxımından sərfəli olmasını təsdiqləyir. “Yaşıl enerji” sektoruna xarici investorların artan maraqları konteksində Vyetnam şirkətlərinin də investisiya ailəsinə qoşulması təklif olunur. Eyni zamanda, Azərbaycan bu sahədə öz təcrübəsini Vyetnamla bölüşməyə, bu dövlətin bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu gizlətmir.

Müdafiə sənayesi sahəsində də böyük perspektivlər var və hər iki tərəfin hərbi sənayenin inkişaf dinamikası bu istiqamətdə də səylərin birləşdirilməsini, birgə müəssisələrin yaradılmasını təşviq edir.

Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlarda da birgə fəaliyyətlərini əlaqələndirmiş şəkildə nizamlayır, qlobal məsələlərlə bağlı prinsipial iradə ortaya qoyur. Qarabağ müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycanı ciddi dəstəkləyən Vyetnam bu əzmkar mövqeyi ilə təcavüzkar dövlətin himayədarlarını məyus etmişdir. Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərən hər iki dövlət Azərbaycanın bu təsisatdakı uğurlu fəaliyyəti sayəsində bir çox humanitar dəstəklərlə əhatə olunub.

Azərbaycan və Çinin yer aldığı qlobal nəqliyyat arteriyası olan “Kəmər və yol” təşəbbüsünün üzvü kimi Vyetnam da bu layihəyə ilk qoşulan ölkələrdəndir. Vyetnam Asiya ilə Avropa arasında körpülərin qurulmasına, gələcək rifaha xidmət edən bu nəqliyyat-logistika qovşaqlarına maraq göstərir və öz infrastrukturlarını təkmilləşdirir, Orta Dəhlizə inteqrasiyanı sürətləndirir. Bu baxımdan, hər iki dövləti birləşdirən nəqliyyat infrastruktur layihələri də qarşılıqlı ticarəti stimullaşdıra bilər.

Ümumiyyətlə ölkələrimiz arasında güclü siyasi dialoq və möhkəm dostluq təmasları qarşıya qoyulan bütün hədəflər üzrə uğurlu nəticələr əldə etməyə imkan verir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın bildirdiyi kimi etimad, dostluq və səmimiyyət şəraitində iki ölkə arasında münasibətlərin tarixində yeni dövr, yeni səhifə açır. Möhkəm dostluq körpüsü üzərində qurulan ikitərəfli münasibətləri inkişaf etdirmək daha da asanlaşacaq.

Ramid Namazov

Milli Məclisin deputatı