Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur

Hazırda bu bayram dünyanın 40 ölkəsində qeyd edilir

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur.

Bayramın qeyd olunmasında əsas məqsəd uşaqlar arasında qardaşlıq, sevgi və dostluq əlaqələri yaradaraq, onların sülh içində yaşaya biləcəkləri bir dünyanın qurulmasına dəstək verməkdir.

1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprel tarixinin bayram kimi qeyd edilməsi haqqında qərar imzalayıb. Bu tarixdən 5 il sonra - 1929-cu ildən etibarən Türkiyədə 23 aprel tarixi Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunmağa başlayıb.

BMT tərəfindən 1979-cu ilin “Dünya Uşaq İli” elan edilməsi ilə əlaqədar Türkiyə Radio və Televiziya qurumu tərəfindən bütün dünya uşaqlarını əhatə etmək məqsədilə layihə hazırlanıb. Layihənin qəbul edilməsi və bu layihəyə Sovetlər Birliyi, İraq, İtaliya, Rumıniya və Bolqarıstanın da qatılması ilə ilk dəfə 1979-cu ildə Ankarada 23 aprel “Beynəlxalq Uşaq Bayramı” olaraq qeyd edilib.

“Yurdda sülh, cahanda sülh” şüarı altında keçirilən bayram münasibətilə ölkənin hər yerində şənliklər, beynəlxalq uşaq festivalları təşkil edilir. Hər il Türkiyənin müxtəlif şəhərlərində qeyd olunan bayram şənliklərində 150 ölkədən 30 mindən çox uşaq iştirak edir.

Hazırda bu bayram dünyanın 40 ölkəsində qeyd edilir.(AZƏRTAC)

AzNews.az