Azərbaycanla Türkiyə media sahəsində təcrübələri paylaşacaq

Ərdoğan sənədi təsdiqlədi

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu təsdiqlənib.

AzNews.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qərarı təsdiqləyib.

Qeyd edək ki, yaradılacaq birgə media platforması çərçivəsində iki ölkə arasında sağlam media əlaqələri şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:

A. Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;

B. İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;

C. Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;

D. Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;

E. Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;

F. Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;

G. İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.

Xatırladaq ki, Anlaşma Memorandumu ötən ilin dekabrın 10-da Bakı şəhərində imzalanıb. Fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyev anlaşma memorandumunun təsdiq edilməsi barədə qanunu imzalayıb.