Ankara NATO Zirvəsinə hazırlaşır: 6 günlük qadağa tətbiq edildi, Tramp da iştirak edəcək

2026-cı ildə NATO-nun ən mühüm tədbirlərindən biri hesab olunan NATO Zirvəsinə Türkiyə ev sahibliyi edəcək. İyulun 7-8-də Ankaradakı Beştəpə Prezident Kompleksində keçiriləcək 36-cı NATO Zirvəsində üzv ölkələrin dövlət və hökumət başçıları bir araya gələcək.

Zirvə ərəfəsində paytaxt Ankarada geniş hazırlıq işləri davam etdirilir və təhlükəsizlik tədbirləri gücləndirilir. Esenboğa Hava Limanı ətrafında, zirvənin keçiriləcəyi ərazidə, rəsmi nümayəndə heyətlərinin hərəkət marşrutlarında və qonaqların yerləşəcəyi bölgələrdə xüsusi təhlükəsizlik rejimi tətbiq olunacaq.

Ankara Valiliyi tərəfindən yayılan açıqlamada bildirilib ki, 6 iyul saat 06:00-dan 12 iyul saat 24:00-dək dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunan imtahanlar, simpoziumlar, panellər, məzuniyyət mərasimləri, şənliklər, konsertlər, əyləncə və digər kütləvi tədbirlər dayandırılır.

Rəsmi qərara əsasən Altındağ, Çankaya, Etimesgut, Gölbaşı, Keçiören, Mamak, Pursaklar, Sincan və Yenimahalle rayonlarında yerləşən dövlət qurumlarında çalışan, zirvə ilə birbaşa əlaqəsi olmayan əməkdaşlar 6-12 iyul tarixlərində inzibati məzuniyyətə göndəriləcəklər.

Bununla yanaşı, səhiyyə, təhlükəsizlik, nəqliyyat, logistika, miqrasiya, rabitə, yanğınsöndürmə, fövqəladə hallar və digər strateji sahələrdə çalışan əməkdaşlar fəaliyyətlərini davam etdirəcəklər.

Zirvə günlərində təhlükəsizliyin təmin olunması üçün 40 min polis və jandarma əməkdaşı xidmət aparacaq. Şəhərin müxtəlif nöqtələrində əlavə müşahidə kameraları quraşdırılacaq və təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılacaq.

Məlumata görə, xaricdə radikal aksiyalarda iştirak etmiş və təhlükəsizlik orqanlarının nəzarətində olan şəxslərin mümkün etiraz aksiyalarının qarşısını almaq məqsədilə bir sıra ölkələrlə məlumat mübadiləsi aparılacaq. Kəşfiyyat məlumatlarında adı keçən şəxslərin Ankara Esenboğa Hava Limanı vasitəsilə ölkəyə girişinə icazə verilməyəcək.

ABŞ Prezidenti Donald Trampın da NATO Zirvəsində iştirak edəcəyi təsdiqlənib. ABŞ dövlət katibi Marko Rubio açıqlamasında Trampın şəxsən Ankaraya gələcəyini bildirib.

Mövsüm,

AzNews.az