- Rusiya və İran
- 00:57
- 1 680
Putin: Rusiyanın Ukraynanın Avropaya inteqrasiyasına etirazı yoxdur
Rusiya Prezidenti Vladimir Putin TASS agentliyinin təşkil etdiyi aparıcı dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə Ukraynanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı Rusiyanın mövqeyini açıqlayıb.
Putin bildirib ki, Moskva Ukraynanın Avropa İttifaqı ilə iqtisadi inteqrasiyasına qarşı deyil.
“Almaniya kansleri Fridrix Mertsin Ukraynanın assosiativ üzv olması və digər təklifləri ilə bağlı fikirlərini bilirik. Bu bizi qətiyyən narahat etmir. Heç bir etirazımız yoxdur, buyursunlar”, – deyə Rusiya lideri bildirib.
Bununla yanaşı, Putin Avropa İttifaqının hərbi bloka çevrilməsi ehtimalının Moskvanı narahat etdiyini vurğulayıb.
“Biz Avropa İttifaqının hərbi ittifaqa çevrilməsinə qarşıyıq. Narahatlıq doğuran məsələ məhz budur. Lakin iqtisadi inteqrasiyanın istənilən formasına qarşı deyilik, buyursunlar”, – deyə o əlavə edib.
Putinin sözlərinə görə, Rusiyanın əsas narahatlığı Avropada hərbi potensialın genişləndirilməsi və Aİ-nin təhlükəsizlik sahəsində yeni rol əldə etməsidir. Moskva hesab edir ki, bu cür proseslər qitədəki təhlükəsizlik balansına təsir göstərə bilər.
Mövsüm,
AzNews.az