- Türkiyə
- 11:38
- 2 558
BYD Türkiyə ilə bağlı qərarını açıqladı: Manisa zavodu layihəsi dayandırılıb
Çinin avtomobil istehsalçısı BYD Türkiyənin Manisa vilayətində qurmağı planlaşdırdığı 1 milyard dollarlıq zavod layihəsini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Şirkətin prioriteti Macarıstan olub
BYD-nin icra fəaliyyətinə cavabdeh rəhbərlərindən Stella Li Londonda keçirdiyi çıxış zamanı bildirib ki, hazırda şirkətin əsas diqqəti Macarıstandakı istehsal müəssisəsinə yönəlib.
Onun sözlərinə görə, Macarıstanda inşa edilən zavod cari ilin dördüncü rübündə istehsala başlayacaq. Bundan sonra isə şirkət Avropada ikinci istehsal məkanı ilə bağlı qərar verəcək.
Manisadakı layihənin vaxtı bəlli deyil
Stella Li qeyd edib ki, Türkiyədə planlaşdırılan zavodun tikintisinə hələ başlanılmayıb və hazırda istehsalın nə vaxt başlayacağı ilə bağlı müəyyən edilmiş təqvim mövcud deyil.
BYD 2024-cü ildə imzalanmış razılaşmaya əsasən Manisada illik 150 min avtomobil istehsal gücünə malik müəssisə yaratmağı və istehsala bu il başlamağı planlaşdırırdı.
Türkiyədə satışlar kəskin artıb
Şirkət ötən il Türkiyə bazarında satışlarını 450 faiz artıraraq təxminən 46 min avtomobil satıb.
Ankara öhdəliklərin yerinə yetirilməsini gözləyir
Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır daha əvvəl bildirmişdi ki, şirkət üzərinə götürdüyü investisiya öhdəliklərini yerinə yetirmədiyi halda qanunvericilikdə nəzərdə tutulan tədbirlər tətbiq oluna bilər.
Qeyd edək ki, BYD-nin Manisa layihəsi Türkiyənin son illərdə avtomobil sənayesinə cəlb etdiyi ən böyük xarici investisiyalardan biri hesab olunurdu.
Mövsüm,
AzNews.az