• Qərb
  • 28 Yanvar 2019 11:24
  •  531

“BMT bütün nifrət ideyalarına qarşı mübarizə aparacaq”

"Biz övladlarımıza bir-birini sevməyi öyrətməliyik".

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Nyu-Yorkdakı Park-Avenyuda keçirilən Holokost qurbanlarının anım mərasimində bildirib ki, təşkilat antisemitizmə və bütün digər nifrət ideyalarına qarşı mübarizə aparacaq.

Baş katib ötən il ABŞ-ın Pitsburq şəhərində silahlı şəxsin sinaqoqda ibadət edən və şəhərə yeni gəlmiş miqrantları salamlayan 11 nəfəri qətlə yetirdiyini xatırladıb. Əlavə edib ki, həmin terrorçu bu insanları yəhudi olduqları üçün və onlara qarşı nifrət zəminində öldürüb. A. Quterreş deyib ki, bu faciədən sonra xristianlar, müsəlmanlar və yəhudilərin həmrəylik nümayiş etdirmələri insanlıq naminə mühüm hadisə oldu.

Antonio Quterreş ötən il Strasburqda yəhudi məzarlarına faşist rəmzləri təsvirlərinin çəkilməsini və Sofiyada sinaqoqun daşa basılmasını da Avropada narahatlıq doğuran antisemitizm təzahürləri olduğunu qeyd edib. Baş katib diqqətə çatdırıb ki, 2917-ci ildə ABŞ-da bu zəmində yəhudilərə hücum halları 57 faiz artıb, Avropada isə onların 28 faizi bu və ya digər formalarda təqibə məruz qalıblar.

BMT-nin baş katibi müsəlmanlara qarşı təbliğatın da gücləndiyini, islamofobiya meyillərinin artdığını vurğulayıb. Onun sözlərinə görə, İslam əleyhinə sosial şəbəkələrdə və ənənəvi mətbuat orqanlarında aparılan çirkin təbliğat olduqca təhlükəlidir. “Bəzilərinin uşaqlarına kin və nifrət hissləri aşılamasına cavab olaraq, biz də övladlarımıza bir-birini sevməyi öyrətməliyik”, -deyə A. Quterreş sözlərinə yekun vurub.(AZƏRTAC)

© AzNews.az