Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır

Bu barədə ölkənin Səhiyyə Baş İdarəsi məlumat yayıb

Fransada son bir gündə koronavirusdan ölənlərin sayı 46 nəfər artıb.

AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, COVID-19 qurbanlarının ümumi sayı 29,1 min nəfəri ötüb.

"Fransada epidemiyanın başlanğıcından 29 111 insan öldü. Onlardan 18 761 nəfəri xəstəxanalarda, 10 350 nəfər sosial və tibbi-sosial müəssisələrdə vəfat etdi", - idarənin rəsmi məlumatında deyilir.

Qeyd edilir ki, epidemiyanın başlanğıcından xəstəxanalara 102 445 insan yerləşdirilib, onlardan 18 061-i reanimasiya şöbələrində müalicə alıblar. Çərşənbə gününə olan məlumata görə, virusa yoluxmuş 70 504 insan sağalaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu ötüb. Bunların 3,2 milyon nəfərdən çoxu sağalıb, 393 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.