- Qərb
- 10:22
- 2 043
Avropa Şurasının keçmiş Baş katibi Turbörn Yaqland barəsində “Epşteyn işi” ilə bağlı istintaq başladıldı
Norveçin İqtisadi və Ekoloji Cinayətlər üzrə Mərkəzi İdarəsi 1996-1997-ci illərdə Baş nazir, 2009-2019-cu illərdə isə Avropa Şurasının Baş katibi olmuş Turbörn Yaqlandın korrupsiya şübhəsi ilə istintaqına başlayıb.
Aznews.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İstintaq, amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin yayımlanmasından sonra başladılıb, bu barədə qurumun mətbuat açıqlamasında məlumat verilib.
Məlumata görə, Yaqland Epşteyn ilə mütəmadi olaraq əlaqə saxlayıb, xüsusilə 2014-cü ildə maliyyəçinin şəxsi adasını ailəsi ilə birlikdə ziyarət etməyi planlaşdırıbmış, lakin sonradan bu səfər ləğv edilib. Eyni ildə o, Epşteyndən şəxsi mənzil almaq üçün maliyyə yardımı istəyib. Yaglandın Norveç mətbuatına verdiyi açıqlamada bildirib ki, mənzil alışı nəticədə bank krediti ilə maliyyələşdirilib.
"Ehtimal edirik ki, istintaqın başlanması üçün əsaslı səbəblər mövcuddur, çünki o, [Yaqland] yayımlanan sənədlərdə qeyd olunan dövr ərzində Nobel Komitəsinin sədri və Avropa Şurasının Baş katibi vəzifələrində olub", "Ekokrim"in rəhbəri Pol Lönset qeyd edib. Yaqland 2009-2015-ci illər ərzində Nobel Komitəsinin sədri olub.
Qurumun açıqlamasına görə, istintaqçılar Yaqlandın, komitənin sədri və ya Avropa Şurasının Baş katibi kimi rəsmi statusu dövründə hədiyyələr, maliyyə və digər xidmətlər alıb-almadığını öyrənməyə çalışacaqlar. İstintaqın aparılması üçün Yaqlandın, Avropa Şurasının keçmiş Baş katibi olaraq hüquqi toxunulmazlığının götürülməsi tələb olunur. Norveçin xarici işlər nazirinin müavini Espen Bart Eyde, bu məsələyə dair artıq müvafiq sorğu ilə təşkilata müraciət etdiyini bildirib.
Aznews.az