- Qərb
- 15:43
- 1 809
Aİ TikTok-u "asılılıq yaratmaqda" ittiham edir
Avropa Birliyi (AB) sosial media platforması TikTok-u asılılıq yaradan dizayna malik olması səbəbilə Birliyin rəqəmsal qaydalarını pozmaqda ittiham edib.
AB Komissiyası TikTok-la bağlı aparılan araşdırma çərçivəsində platformanın Rəqəmsal Xidmətlər Aktını (DSA) pozduğuna dair ilkin nəticələrə gəldiyini açıqlayıb.
Açıqlamada sonsuz sürüşdürmə, avtomatik video oynatma, ani bildirişlər və həddindən artıq fərdiləşdirilmiş tövsiyə sistemi kimi funksiyalara malik TikTok-un asılılıq yaradan dizayna sahib olduğu vurğulanıb.
Komissiya bildirib ki, TikTok bu cür xüsusiyyətlərin yetkinlik yaşına çatmayanlar və həssas yetkinlər də daxil olmaqla istifadəçilərin fiziki və psixoloji sağlamlığına necə zərər verə biləcəyini yetərincə qiymətləndirməyib. Qeyd olunub ki, bu mexanizmlər kompulsiv davranışlara yol aça, istifadəçilərin özünə nəzarət qabiliyyətini zəiflədə bilər.
Açıqlamada, “TikTok asılılıq yaradan dizaynından irəli gələn riskləri azaltmaq üçün ağlabatan, proporsional və effektiv tədbirlər görməkdə uğursuz görünür” ifadəsi yer alıb.
AB Komissiyası bu mərhələdə TikTok-un xidmətinin əsas dizaynını dəyişməsinin zəruri olduğunu hesab edir. Eyni zamanda platformanın özünü müdafiə etmək hüququndan istifadə edə biləcəyi də bildirilib.
Qeyd olunub ki, ilkin nəticələr təsdiqlənərsə, Komissiya TikTok barəsində uyğunsuzluq qərarı çıxara və şirkətə illik qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər.
Xatırladaq ki, AB-nin texnologiya qaydalarına əsasən Avropada fəaliyyət göstərən iri şirkətlər və rəqəmsal platformalar sərt tələblərə əməl etməlidir. Qaydaları pozan şirkətlərə yüksək maliyyə sanksiyaları tətbiq oluna bilər.
Mövsüm,
AzNews.az