3 minlik kütlə riyazi qaydalara qarşı 3 minlik kütlə riyazi qaydalara qarşı

Kərimlinin təzə kəraməti: Tribunadan stadionun ölçülərini dəyişdirir...

3 minlik kütlə riyazi qaydalara qarşı

Bu gün “Məhsul” stadionunda mitinq keçirildi.

Mitinq başlayar-başlamaz müxalifət fəalları sosial şəbəkələrdən elan etməyə başladılar ki, bəs, aksiyamız çox uğurlu, çox gurdur.

Doğrusu, bu barədə ilk statusları görəndən sonra belə düşündüm ki, bəlkə Milli Şura mitinqinin yerini dəyişib, məsələn, gedib Nəvai tərəflərdəki şoran çöllərdə milləti yığıb başına.

Niyə belə düşündüm, deyim.

Milli Şuraya mitinq üçün bir futbol meydançası ayrılıb, futbol meydançalarının da ölçüsü beynəlxalq standartlar əsasında müəyyənləşib, bütün ölkələrdə eynidir.

Özünüz məndən də yaxşı bilirsiniz ki, bir futbol meydançasının eni 45, uzunu 90 metr olur. Əgər meydançanın kənarlarını, qıraq-bucaqlarını da hesaba qatsaq, “Məhsul” stadionunun bütün ərazisi 5 min kvadrat metrdən çox ola bilməz.

Bu isə həm də o deməkdir ki, bir etirazçı həmin ərazinin 1 kv.m-də dayansa, həmin sahəyə maksimum 5 min nəfər yerləşə bilər. Lakin istər aksiyada çəkilmiş fotolardan çıxardığım nəticəyə, istərsə də iştirakçılardan aldığım dəqiq bilgiyə görə, bu gün Milli Şuranın bütün digər müxalif siyasi qüvvələrlə birgə meydana çıxardığı tərəfdarların sayı 3 mini ötməyib.

Azərbaycanda 5 milyon 192 min 42 nəfər seçici var. Mitinq iştirakçılarının özləri ilə meydana gətirə bilmədiyi, ancaq rəyinə təsir göstərə biləcəyi çevrəni də hesablasaq, ortalama 10 min nəfərlik müxalif kəsimdən söz edə bilərik. Bu isə ümumi elektoratın 0,1%-i deməkdir.

Bəli, mən etirazın əleyhinə deyiləm, onun bütün sivil formalarının təşkili mexanizmlərinin hüquq və fəlsəfəsini Azərbaycan Respublikasının Ana yasasına uyğun bir şəkildə müdafiə edirəm.

Ancaq söhbət hakimiyyət uğrunda mübarizə aparan bir cinahın siyasi aksiyasından gedirsə, keçirilən aksiya hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidirsə, siyasi kampaniya elementidirsə, o zaman onun effektiv olub-olmaması müzakirəyə açıqdır.

Bu baxımdan mənim rəyim budur ki, 19 yanvar müxalifətin faciə günü oldu. Aksiya “Milli Şura” adlanan qurumun hakimiyyətə gəlmək şansının olmadığını təsdiq etdi. Baxın, Azərbaycanda 5 min civarında seçki məntəqəsi var və sadəcə seçki institutunda effektiv təmsilçilik üçün siyasi iddiaçılara ən azı 100 min nəfər aktiv lazımdır.

Bütün bunlar elmdir- riyaziyyatdır, sosiologiyadır, politologiyadır...

İndi kimlərsə durub iddia edə bilər ki, Əli Kərimli meydana daxil olanda stadionun ölçüləri dəyişir, eni 4, uzunu 90 kilometrə çatır...

Ona bir sözüm yox!

İndi kimlərsə qalxıb deyə bilər ki, Gültəkin Hacıbəylini tribunada görəndən sonra Milli Şura tərəfdarlarının çiyinlərindəki bir cüt mələk də adama, üstəlik, cinlər də bəni-insana dönüb seçki məntəqələrində üzvə, müşahidəçiyə, sorğuçuya çevrilə bilər....

Onlara da həsr etməyə vaxtım yox!

Bir neçə müşahidəmi ifadə etmək istəyirəm.

Əvvəla, madam bu aksiya belə “həyati və taleyüklü” idi, Milli Şuranın sədri Cəmil Həsənli nə əcəb qatılmamışdı? Əgər o, xarici səfərini davam etdirməyi daha məqbul saymışdısa, deməli, Milli Şuranın rəhbəri daxilən bilir və anlayır ki, bu cür mitinqlərlə heç bir siyasi uğur əldə etmək mümkün deyil.

Meydançada heç Xədicə İsmayılın mənəvi qardaşı, neçə vaxtdır Azərbaycan hakimiyyətinə nidalı mesajlar göndərən, özünü MSK-ya “bitərəf”, məhkəməyə “YAP-çı” kimi təqdim edən Nazim Bəydəmirli də gözə dəymədi. İnsafən deməliyəm ki, sosial şəbəkələrdə o qədər ləliməsinə rəğmən, onu Milli Şura vecinə alıb tədbirinə çağırmayıb, eşitdiyimə görə.

Tribunaya qayıdaq.

Əli Kərimlinin “müxalifətin lideri mənəm” deməyə gətirdiyi və əslində, demiş olduğu aksiyada “Real” sədri İlqar Məmmədov da iştirak edirdi. Sözün açığı, onun bu aksiyada iştirakla nələr hədəflədiyi mənim üçün bir az müəmmalı idi. Ona görə də özünü “yeni qüvvənin yeni lideri” obrazında təqdim edən İlqar Məmmədovun çıxışını xüsusi izlədim. Əli Kərimli, zatən illərdir eyni sözləri təkrarlayır və prezident İlham Əliyevlə yarışda biabırcasına uduzacağını bildiyi üçün hər seçkidə bir namizəd çətiri tapıb altında gizlənir. Bu səbəbdən də İlqar Məmmədovun gedişləri və mesajları istər-istəməz maraq doğururdu.

İlqar Məmmədov “Məhsul”a getməklə onu göstərmiş oldu ki, onun həbsxanada olduğu müddətdə “Real”a yeni qüvvə kimi bəslənən ümidlər puç olmağa məhkumdur. O, özünü Azərbaycanın 26 illlik ənənəvi müxalifətinin “qapalı dairəsi”nə saldı və oradakı hekayəsi “ağlamalı” olacaq. Arif Hacılının Müsavatın ideoloji-siyasi yükünü çəkə bilmədiyi bir ortamda İlqar Məmmədovun bütün avantajı AXCP sədri Əli Kərimlinin tarixi səhvlərindən bəhrələnmək ola bilərdi, o, xüsusən, sekulyar müxalif qüvvəyə çevrilmək üçün dinin siyasətə alət edildiyi ortamlardan uzaq dayanmalı idi. Dayana bilmədi. İlqar Məmmədov, həm də AMİP-çi keçmişindən dolayı, AXCP və Müsavatın tabanından daha fərqli sosial seqmentlərin maraqlarının ifadəçisi kimi meydana çıxmalı idi. Çıxa bilmədi! Qısa zamanda psixoloji təsir altında qalaraq nimdaş beyinlərə xitab etdi. Natiq kimi də uğursuz oldu, karıxa-karıxa etdiyi çıxışda, o da eynilə Əli Kərimli kimi təzə fikir ortaya qoya, cəmiyyətə və hakimiyyətə heç bir səmərəli təklif verə bilmədi.

Nəhayət, bir məsələ barədə.

Mitinqdə Əli Kərimli bu aksiya ilə Azərbaycanda yeni siyasi hərəkatın əsasının qoyulmasına eyham vurdu.

Cəfəng və blefdir!

Çünki xaricdəki “rəngli inqilablar”ın təcrübəsi göstərir ki, artan dinamika ilə davamlı aksiyalar keçirə və həmin aksiyalarla mərkəzi hakimiyyəti zəiflədə bilmək üçün təşkilatçıların orta sahibkar təbəqəsindən geniş dəstək alması şərtdir.

Bu günkü aksiya isə onu göstərdi ki, Milli Şura cəmiyyətdəki sosial-iqtisadi differensasiyanın fərqində belə deyil!

Taleh ŞAHSUVARLI