EBRD Azərbaycana "yaşıl iqtisadiyyat"ın maliyyələşdirilməsi proqramı üçün 100 milyon dollar ayırmağı planlaşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda "Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi" (Green Economy Financing Facility - GEFF) proqramının işə salınması imkanlarını qiymətləndirir.

Aznews.az EBRD-yə istinadən xəbər verir ki, GEFF seçilmiş yerli maliyyə institutları (PFI) vasitəsilə "yaşıl maliyyələşdirmə"ni dəstəkləməyə yönəlmiş, 100 milyon ABŞ dolları (təxminən 85,6 milyon avro) məbləğində beşillik layihədir. Proqramın EBRD-nin Direktorlar Şurası tərəfindən təsdiqlənməsi 3 dekabr tarixinə planlaşdırılıb.

Bankın açıqlamasına əsasən, ayrılacaq vəsaitlər enerji səmərəliliyi, bərpa olunan enerji, resurslardan səmərəli istifadə və iqlim dayanıqlığı sahəsində layihələr həyata keçirən özəl şirkətlərin maliyyələşdirilməsinə yönəldiləcək. GEFF proqramı Azərbaycanda "yaşıl maliyyələşdirmə" mexanizmlərinin tətbiqi üzrə pilot təşəbbüs olacaq və ölkənin dayanıqlı inkişafa keçidini dəstəkləyəcək.

"GEFF-in əsas məqsədi yerli maliyyə institutlarını pərakəndə müştərilərə, kiçik və orta biznesə, eləcə də korporativ borcalanlara ekoloji yönümlü kreditlər verməkdə dəstəkləməkdir", - deyə EBRD-nin məlumatında qeyd olunub.

Proqram çərçivəsində tərəfdaş banklara və mikromaliyyə təşkilatlarına maliyyə və texniki dəstək göstəriləcək, onların institusional potensialının gücləndirilməsi və "yaşıl kreditləşmə"nin genişlənməsinə mane olan amillərin aradan qaldırılması hədəflənir. Xüsusi diqqət kişi və qadınların "yaşıl maliyyələşdirmə" imkanlarına bərabər çıxışına yönəldiləcək.

EBRD bildirib ki, layihə, xüsusilə COP29-un 2024-cü ilin noyabrında Bakıda keçirilməsindən sonra Azərbaycanın "yaşıl iqtisadiyyat"a artan marağını nəzərə alır. Proqram özəl sektorda "yaşıl texnologiya" və xidmətlərin tətbiqinə dəstək verəcək, həmçinin ölkənin maliyyə sisteminin transformasiyasını təşviq edəcək.

GEFF çərçivəsində borcalanlar "yaşıl kreditləşmə"ni inkişaf etdirməyə hazır olan banklar, mikromaliyyə və lizinq şirkətləri olacaq. Son benefisiarlar isə kiçik və orta sahibkarlar, korporativ müştərilər və ev təsərrüfatları kimi çıxış edəcəklər.

Proqramın strukturuna 3 milyon ABŞ dollarınadək (2,8 milyon avro) texniki yardım paketi daxildir. Buraya layihənin idarə edilməsi, yeni maliyyə məhsullarının hazırlanması, marketinq və təlimlər daxildir. Bundan əlavə, əldə olunan nəticələrə əsasən maliyyə vasitəçilərinə ödənişlər üçün 4 milyon ABŞ dollarınadək (3,4 milyon avro) güzəştli maliyyələşdirmə nəzərdə tutulur.

EBRD-nin məlumatına görə, 2025-ci il sentyabrın 30-na bankın Azərbaycandakı cari kredit portfelinin dəyəri 948 milyon avro təşkil edib. Portfelin 89 %-i (842 milyon avro) davamlı infrastrukturun inkişafına yönəlib.