“Format regional dialoqu genişləndirə bilər” - Pərvanə Vəliyeva

“”3+3” formatı — Cənubi Qafqazın üç dövləti (Azərbaycan, Ermənistan və Gürcüstan) ilə onların qonşuları (Rusiya, Türkiyə və İranı) bir araya gətirən regional əməkdaşlıq platformasıdır. İndiyədək bu format çərçivəsində görüşlər Moskva, Tehran və İstanbul şəhərlərində keçirilib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, hazırda növbəti görüşün keçirilmə qaydası və yeri Azərbaycan tərəfi ilə müzakirə olunur. Onun sözlərinə görə, “3+3” formatı Ermənistan üçün qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma hesab olunur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Xatırladaq ki, "3+3” platformasının növbəti iclası ya Azərbaycanda, ya da Ermənistanda keçiriləcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, görüşün keçirilmə qaydası Azərbaycan tərəfi ilə müzakirə olunur. İndiyədək görüşlər Moskva, Tehran və İstanbulda baş tutub, sonuncusu isə 2024-cü il oktyabrın 18-də keçirilib.

Deputat qeyd edib ki, format hələlik tam institusional xarakter daşımasa da, regionun əməkdaşlıq gündəliyində mühüm rol oynaya bilər.

"Növbəti iclasın Bakıda və ya İrəvanda keçirilməsi barədə rəsmi məlumat hələ açıqlanmayıb. Hazırda Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirləri və kommunikasiya xətlərinin açılması prosesi davam edir. “3+3” formatı bu dialoqu beynəlxalq çərçivəyə çıxarmaqla yanaşı, regionda nəqliyyat, enerji və logistika layihələri üzrə əməkdaşlıq imkanlarını da genişləndirə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az