- Siyasi müzakirə
- 29 Oktyabr 21:45
- 1 461
“Atəşkəsin pozulması yeni müharibə riskini artırır” - Elçin Xalidbəyli
"Təbii ki, prezident Donald Trampın son hadisələrlə bağlı açıqlaması həm qərəzli, həm də qüsurlu xarakter daşıyır. Faktiki olaraq, atəşkəs rejiminin pozulması qeydə alınıb və İsrail yenidən hava hücumları həyata keçirib. Ağ ev sahibi isə bu vəziyyətə daha ədalətli yanaşaraq atəşkəs barədə imzalanmış sənədin tələblərinə uyğun reaksiya verə bilərdi. Görünür, bu ədalətli yanaşmalar Donald Tramp və ABŞ üçün sərfəli deyil, buna görə də İsrailin davranışlarını haqqlandıran cavablar verilir və reallıqdan mümkün qədər uzaqlaşmağa çalışılır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrailin son hava zərbələri Qəzzadakı atəşkəsi pozmayacaq. O, hücumları “müvafiq cavab” adlandırıb və HAMAS-ı razılaşmaya əməl etməyə çağırıb. Tramp həmçinin atəşkəs planının ikinci mərhələsinin — israilli girovların azad edilməsi və Qəzzanın bərpasının — prossesdə olduğunu qeyd edib.
Siyasi şərhçi bildirib ki, İsrailin hava hücumları atəşkəsin pozulması istiqamətində atılmış addımdır və bu, növbəti mərhələdə atəşkəs anlaşmasının tamamilə pozulmasına səbəb ola bilər.
"Donald Trampın da qeyd etdiyi kimi, əgər hər iki tərəf belə addımlar atmağa davam edərsə, atəşkəs davamlı xarakterini itirə bilər. Ərəb dünyası, o cümlədən atəşkəsin imzalanmasında iştirak etmiş Qətər və Misir, bu məsələyə adekvat reaksiya verə bilər və İsraildən atəşkəsin pozulmasının qarşısını almaq tələb oluna bilər. Ümumilikdə, Qəzza bölgəsində atəşkəsin pozulması inkar olunmaz bir reallıqdır və əgər bu tendensiya davam edərsə, yaxın gələcəkdə silahlı toqquşmaların intensiv xarakter alması ehtimalı qətiyyən istisna deyil".
Rəfiqə Namazəliyeva,
AzNews.az