AzNews.az Hüseynbala Səlimovun yazısını təqdim edir AzNews.az Hüseynbala Səlimovun yazısını təqdim edir

Prezident xarici siyasət üçün hansı vəzifələri müəyyənləşdirdi?

AzNews.az Hüseynbala Səlimovun yazısını təqdim edir

Prinsipcə, lap əvvəldən də yaxşı məlum idi ki, Azərbaycanın balanslaşdırılmış xarici siyasət modeli heç də özü-özlüyündə məqsəd deyil, sadəcə, məqsədə aparan yollardan, milli maraqların və prioritetlərin təmin olunmasının və qorunmasının üsullarından yalnız biridir.

Üstəlik, belə bir məlum faktı da qəti unutmaq lazım deyil ki, milli maraqların özləri də tamam statik anlayışlar deyil, dövlət gücləndikcə, artdqıca və möhkəmləndikcə milli maraqların özlərinin də strukturu və heç sözsüz ki, mahiyyəti də dəyişir.

Əgər Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində bizim üçün dominant və yaxud da ifrat dərəcədə vacib olan məsələ gənc dövlətin təhlükəsizliyinin təmin olunması və buradan irəli gələn vəzifələrin həll olunması idisə artıq bunu demək mümkün deyil, - məsələn, Azərbaycan indi nəinki Cənubi Qafqaz, hətta Avropa miqyaslarında tranzit və enerji siyasəti sahəsində aparıcı “oyunçu”lardan birinə çevrilibdir.

Elə bu səbəbdən də Azərbyacan prezidenti İlham Əliyevin son müsahibəsində xarici siyasətlə bağlı səsləndirdiyi fikirlər kifayət qədər mənalı və istiqamətləndiricidir.

Birincisi, Prezidentin son açıqlamalarından belə məlum oldu ki, xarici siyasət və diplomatiya üçün ayrılımış keçid dövrü də bitdi. Artıq gənc dövlətin çox mürəkkəb geosiyasi fonda duruş gətirməsi və özünü hifz etməsilə bağlı məsələləri tamamlanmış hesab etmək olar – dövlətimiz və cəmiyyətimiz bu sınaqdan çıxdı, Azərbaycan müstəqil və suveren dövlət kimi özünü təsdiq edə bildi.

İkincisi, xarici siyasət üçün də yeni mərhələ başlayır: Azərbaycanın da artıq “regional və qlobal reallıqların əsiri” olmasına, qlobal və ya regional geosiyasi tendensiyalardan asılı olaraq özünün xarici siyasətinə daim korrektələr etməsinə ehtiyac yoxdur: bir daha qeyd edək ki, gənc dövlət yetərincə oturuşub, möhkəmlənibdir və artıq öz milli maraqlarını və prioretitlərini müasir geosiyasi trendlərdən, onların bu və yaxud digər böyük güclərin “tələb” və “standart”larına cavab verib-verməməsindən asılı olmayaraq müəyyən etmək iqtidarındadır.

Birinci fazadan fərqli olaraq bu fazanı xarici siyasət və yaxud da diplomatiya üçün daha aktiv-fəal hesab etmək olar. Çox əlamətdardır ki, bir neçə il bundan əvvəl prezident İ.Əliyev eyni qayda ilə iqtisadiyyatda keçid dövrünün bitdiyini elan etmişdi. Belə alınır ki, biz dövlətçiliyimizin möhkəmləndirilməsi, yeni siyasi münasibətlərin bərqərar olması istiqamətində daha bir mühüm addım ata bildik və bu öz çəkisinə görə prinsipial olaraq tamam yeni sosial - iqtisadi gerçəkliklərin formalaşmasından və oturuşmasından geri qalan addım deyildir.

Aydın məsələdir ki, yeni reallıqlar doktrinal və institusional xarakterli yeni addımlar və həllər də tələb edir.

Məsələn, belə bir detalı götürək ki, Azərbaycan Ermənistanla daimi yarışdadır. Bizim iqtisadi resurslarımız təkcə güclü ordu yaratmağa yox, həm da inkişaf etmiş, geniş diplomatik və xarici siyasət xidməti şəbəkəsini də yaratmağa imkan verir. Bu mənada bizim xarici işlər nazirliyimiz nəinki ölkədə, hətta regionda ən böyük və mütəşəkkil, yaxşı təşkil olunmuş nazirliklərdən biri olmalıdır.

Unutmaq lazım deyil ki, Ermənistanın kasad maliyyə imkanlarını xaricdəki erməni diasporu kompensasiya edir. Obyektiv səbəblərdən bizim belə diasporumuz yoxdur. Amma biz bunu daha çox diplomatik nümayəndəliklər açmaqla həll edə bilərik.

Üstəlik, bir məqamı da bir daha yada salaq ki, bizim xaricdə yaşayan çoxlu cənublu, ən başlıcası da türk qardaşlarımız var, onlarla işləməklə və xarici siyasətimizin bəzi məqamlarını onlarla uzlaşdırmaqla diplomatiyada yeni səviyyə çıxmaq olar. Əslində bu işlərin bir hissəsi neçə illərdir görülür, sadəcə, onların bir az da intensivləşdirilməsinə ehtiyac var. Hələ mərhum prezident H. Əleyev deyirdi ki, mən bizim bütün səfirlərimizə Türkiyənin müvafiq diplomatik xidmətlərilə birgə işləməyi tapşırmışam...

Əlbəttə, daxil üçün də nəzərdə tutulan doktrinal və institusional xarakterli məsələlər var. Düşünürük ki, məsələn, Regional problemlərin araşdırılması mərkəzinin yaradılması təşəbbüsünə də prezidentin ən son açıqlamalarının prizmasından yanaşmaq lazımdır, çünki ölkənin elmi bir şəkildə, dəqiq, detallarına qədər işlənib hazırlanmış, vəzifələr və mümkün risqlər baxımından ciddi şəkildə əsaslandırılmış xarici siyasət sənədlərinə və konsepsiyalarına ehtiyacı var.

Belə bir iş isə milli “beyin trestləri” yaradılmadan mümkün deyil. Bu, bizim üçün bir qədər yeni sahədir, amma müəyyən təcrübə artıq vardır, axı diplomatlarımız birinci il deyil ki, xarici siyasətlə məşğul olurlar, illər ərzində müəyyən təcrübə toplanıb və o, nəzəriyyəçilərlə praktiklər arasında əməkdaşlığın bərqərar olması üçün yetərlidir.

Burada bir detala da diqqət yetirmək gərəkir. Müstəqilliyin ilk dövrlərində ciddi şəkildə milli kadr çatışmazlığı vardı. Hətta adi diplomatik protokolu yetərincə bilən kadrlar yox idi, ondan qala, xarici siyasət və diplomatiya məsələlərinin incəliklərindən xəbərdar olan savadlı kadrlar. Amma şükür ki, bu period da arxada qalıb: hazırda xeyli gənc diplomatlar -beynəlxalq münasibətçilər var. Sadəcə, onlar bir məsələni daim yadda saxlamalıdırlar ki, diplomatlar hər şeydən əvvəl patriot və dövlətçi olmalıdır, nəzərdə saxlamalıdırlar ki, dövlətçiliklə bağlı məsələlər hətta partiya və komanda maraqlarından belə üstündür.

Rusların belə bir məsəli var ki, mina zərərsizləşdirənlər – sapyorlar bir dəfə səhv edirlər.

Güman ki, bu, diplomatlara da aiddir. Daxili siyasətdə bu və digər səhvləri düzəltmək üçün imkanlar olur, amma bunu diplomatiya və xarici siyasətlə bağlı etmək elə də asan olmur – diplomatiyada sayıqlığı itirmək və məsuliyyətsizlik sadəcə, cinayətdir, ən başlıcasısa belə halları kimisə cəzalandırmaqda yoluna qoymaq da olmur, bir adamın səhvi və ya məsuliyyətsizliyi bütöv bir dövlətin adına yazılır...

AzNews.az