Əli Kərimlinin Milli Şuranın liderindən muğayat olması lazım... Əli Kərimlinin Milli Şuranın liderindən muğayat olması lazım...

“Formula 1” və Cəmil Həsənlinin bir “kruq” da vurmağa başlaması

Əli Kərimlinin Milli Şuranın liderindən muğayat olması lazım...

www.camilhasanli.com

Əziyyətinizdən keçib, azacıq vaxt sərf edib bu sayta daxil olun, lütfən.

Tarixçi, alim, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, Milli Məclisin II və III çağırışda deputatı, Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi, Milli Şuranın qurucu üzvü, sədri və lideri Cəmil Həsənlinin rəsmi internet səhifəsidir.

Yuxarıda sadalanan titullar isə onun haqqında “Wikipedia” internet resursunda yazılanlardır.

Yenə həmin qaynaqda yazılana, bizim hər birimizin yaxşı bildiyinə görə, Cəmil Həsənli 2013-cü ildə Azərbaycan prezidentliyinə namizəd olmuş, başqa sözlə, dövləti idarə etmək iddiasını ortaya qoymuşdu.

Yəqin yuxarıda təqdim etdiyimiz link də açılmış olar indi.

Yəqin tarixçi, alim, sədr, lider Cəmil Həsənlinin həmin səhifənin loqosunda Davud padşahın, Makedoniyalı İskəndərin, Karolinqlər sülaləsinin banisi Böyük Karlın, zəfər ilahəsi, müdriklik təcəssümü Afina Palladanın, Yaqubun sevimli arvadı Rəhilənin simvollarını görüb elə biləcəksiniz ki, professor tarixdən qopa bilmir, yaxud hər hansı gizli təriqətin, konspirativ təşkilatın üzvüdür.

Yox, canım, Cəmil Həsənlidə elə əqidə nə gəzir?

Tayları dissident hərəkatına qoşulanda, Əbülfəz Elçibəyin yaratdığı üç nəfərlik gizli təşkilatlara üzv olub milli oyanış hərəkatının təməlini atanda - 1970-ci illərin ikinci yarısından bəhs edirəm - o, Vladimir İliç Lenin adına Mərkəzi Muzeyin Bakı filalında bolşeviklərin liderinin böyük dühası və yorulmaz inqilabi fəaliyyəti barədə mühazirə oxuyurdu.

1992-ci ildə keçirilən prezident seçkilərində isə AMİP lideri Etibar Məmmədovun vəkili idi. Lakin həmin seçkidə Etibar Məmmədov - Əbülfəz Elçibəyin ən ciddi alternativi səsvermə ərəfəsində marafondan çəkildi, vəkilinin sorağı isə dərhal Prezident Aparatından gəldi. Bu adam hər kəsi satıb - Etibar Məmmədovu vəzifəyə, Elçibəyi Fərhad Əliyevin puluna, Əli Kərimlini mandata...

O qədər tamahkar və girəvəçidir ki, deputat olduğu müddətdə “Əməkdar müəllim” adını almağı da fürsət bilib və növbəti dəfə parlamentə düşmədiyi üçün ona həmin fəxri adı verən İlham Əliyev haqqında hədyanlar danışmağa başlayıb.

Deyilənə görə, olmuş hadisədir:

Azərbaycanın bir xanım akademiki beş dəfə ərə gedib. İş elə gətirir ki, onun beşinci dəfə ərə getdiyi şəxs ilk həyat yoldaşı olur. Bu xəbər yayılandan sonra onun üçüncü ərinin yeni xanımı soraqlayıb ikinci ərininin yeni arvadını tapır, zəng edərək ona deyir: “Sən Allah, ərindən bərk yapış, filankəs təzədən “kruq” vurmağa başlayıb”.

Fərhad Əliyevin hakimiyyətlə anlaşmasından sonra Cəmil Həsənlinin də növbəti parlament seçkilərində daha bir “kruq vurması” tamamilə gözlənilən olduğundan Əli Kərimlinin “Milli Şuranın lideri”ni yanında möhkəm saxlaması lazımdır.

Saxlamaqdan söz düşmüşkən, cuşə gələndə əyləcinin yerini unudan Cəmil Həsənli bir internet səhifəsini işlədə bilmir, həmin resursda kart, domino, loto şəkilləri göz deşməklə “online” kazino linkləri təqdim olunur, özü isə durub dövlətə, dövlət başçısına, hakim komandaya ağıl öyrədir, “Formula 1” yarışlarını “saxlauun” deyir.

“Formula 1” yarışları barədə isə Cəmil Həsənliyə nəsə izah etməyə gərək yoxdur, o sadə səbəbə görə ki, yaşının bu çağında əyalət təfəkküründən, aqrar zehniyyətdən qurtulması mümkün deyil.

Bəli, F1 yarışması texnoloji dünyanı və təşkilatlanmanı, istehsal və dəyişiklik kültürünü təcəssüm etdirməklə fərdləri sərbəstlik qazanma hədəfinə və təşəbbüskarlığa yönəldən sportiv tədbirdir. Bir neft ölkəsi olan, modernləşmə və tərəqqi yolunda sürətlə irəliləyən Azərbaycanın bütün dünyada böyük maraqla izlənilən, öz misilsiz tanıtım gücü ilə ölkəmizdə turizm sektorunun inkişafına təkan verən avtomobil yarışmasına ev sahibliyi etməsi hansı pəncərədən baxsan faydalıdır. Bu faydalar barədə dəfələrlə deyilib, yazılıb, peşəkar iqtisadçılar tərəfindən araşdırmalar aparılıb. Odur ki, bu mövzuya təzədən qayıtmağa lüzum yoxdur. Sadəcə, sonda diqqətinizi bir məqama çəkmək istəyirəm, sosio-kulturoloji baxımdan olduqca maraqlı məsələdir.

Hər il ellikcə qeyd etdiyimiz Novruz bayramı günlərində də Bakının mərkəzi şosesi bağlanır, sürücülər alternativ yollardan istifadə edirlər, lakin həmin ərəfədə Cəmil Həsənli kimilər buna etiraz edə bilmirlər.

Niyə?

Çünki Novruz xalqımızın hər bir nümayəndəsi üçün doğmadır, milli identifikasiyamızın bir komponentidir.

Ancaq avtomobil ölkəmizə gəlmədir, motorlu arabaların zamanı və məkanı öz sürəti ilə sıxışdırması və dəyişdirməsi bizim ümumi təfəkkürümüzdən kənarda gerçəkləşib.

Bu konteksdən baxanda “Formula 1” çempionatının Azərbaycanda keçirilməsinə razılıq verən dövlət başçısının fəlsəfi yanaşmasının əsas formulunun “gör və dəyiş” olduğunu təxmin etmək çətin deyil.

2013-cü ildəki “müxalif alternativ”in yanaşmasında isə əsas “düstur” budur: “Yerində say”!

Taleh Şahsuvarlı
AzNews.az xəbər portalının Baş redaktoru