Düşünürük ki, diplomatlarımız müvafiq addımlar atacaq və Paşinyanın “ərəb ümidləri” də digərləri kimi heç olacaqdır Düşünürük ki, diplomatlarımız müvafiq addımlar atacaq və Paşinyanın “ərəb ümidləri” də digərləri kimi heç olacaqdır

Paşinyan indi də erməni lobbisini bazara çıxarır?..

Düşünürük ki, diplomatlarımız müvafiq addımlar atacaq və Paşinyanın “ərəb ümidləri” də digərləri kimi heç olacaqdır

Ermənistanın baş naziri N.Paşinyanın “varlı dayı” tapmaq üçün öz kabinetində bütün iş gününü məktəb qlobusu qarşısında keçirməsi haqqında məzəli qoşmalar artıq lətifə kimi səslənmir, tamam identik olmasa da, hər halda, inqilabçı baş nazir elə doğrudan da təxminən bu durumdadır: gah nəzərləri varlı-karlı Avropa səmtinə yönəlir, gah İsraillə Ermənistan arasında “dostluq körpüsü” yaratmağı düşünür, gah da İranla ölkəsinin coğrafi yaxınlığını sərfəli geosiyasi əmtəəyə çevirib Tehranla ixtilafda olan Vaşinqtona təklif etmək istəyir...

Ötən həftə isə deyildi ki, guya Paşinyanın geosiyasi axtarışlar vektoru indi də varlı ərəb ölkələrinə tərəf istiqamətlənibdir. Bəzi politoloqlar bunu o qədər ciddi qəbul etdi ki, diplomatlarımıza məsələni ciddi şəkildə öyrənməyi tövsiyyə etdilər, çünki xəbərlərə inanılsa belə məlum olurdu ki, Paşinyan varlı ərəb ölkələrindən birilə hansısa sənədlər də imzalayıbdı.

Prinsipcə, biz də istisna etmirik ki, belə şey həqiqətən də ola bilər, baxmayaraq ki, ərəblərlə bizi təkcə dini köklər yox, möhkəm institusional əlaqələr də birləşdirir, - belə ki, ərəb ölkələri də İslam Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Amma dünya bir iqtisadi və siyasi - diplomatik marketinq dünyasıdır, hamı təkcə bazarlar yox, həm də yeni siyasi-diplomatik əlaqələr arayır.

Aydındır ki, oxucuda dərhal sual yaranacaq: Ermənistan axı ərəb dövlətlərinə nə təklif edə bilər? Qeyd edək ki, politoloqlar və təhlilçilər bu suala da cavab verməyə çətinlik çəkmirlər. Ermənilərin bir neçə ərəb ölkəsində təmsil olunmasını bir tərəfə qoyaq, əksər ərəb ölkələrinin İran və xüsusən də Türkiyəyə gərgin münasibətləri yaranıbdı, İslam aləmində birincilik uğrunda böyük çəkişmə gedir.

Onlar əsasən belə bir detalı qabardırlar ki, bəzi ərəb ölkələri Ankaraya qarşı “təzyiq rıçaqları” arayır, odur ki, güclü erməni lobbisinin imkanları da onları cəlb edir.

Bizə isə elə gəlir ki, güclü erməni lobbisini öz tərəflərinə çəkmək ərəblərə başqa bir müstəvidə də faydalı ola bilərdi, ən azı ona görə ki, son vaxtlar ABŞ-ın Yaxın Şərq vektoru İsrail tərəfə çox əyilib ki, bu da əlbəttə, ilk öncə Amerikadakı onsuz da güclü yəhudi lobbisinin bir az da güclənməsinin nəticəsidir.

Ərəb monarxları–şeyxləri bu mürəkkəb məsələdə çox axımlı, sürüşkən siyasət yürüdürlər. Amma istənilən ərəb ölkəsində millətçilər, hətta pan-ərəbistlər, xüsusən də dini radikallar var ki, onlar üçün İsraillə savaş az qala, “müqəddəs cihad” məsələsidir və ərəb ölkələrinin hakimiyyətlərinə onların qarşısında duruş gətirmək heç də asan başa gəlmir. Odur ki, onlar daim çıxış yolları axtarırlar ki, yəhudi lobbisinin Amerika siyasətinə təsirini azaltsınlar və bu səbəbdən də nəzərləri digər bir güclü lobbiyyə - ermənilərə tərəf yönəlir.

Aydın məsələdir ki, motivlərindən asılı olmayaraq Ermənistanla siyasi və iqtisadi əlaqə quran istənilən ölkə bizim diplomatiyamızın fokusunda olmalıdır və biz bütün vasitələrlə bu prosesə mane olmalıyıq, imkan daxilində isə onun, ümumiyyətlə, qarşısını almalıyıq. Müsəlman ölkələri ilə bunu etmək elə də çətin deyil – burada hətta din xadimlərimizin və ya dini institutlarımızın imkanlarından da istifadə edə bilərik.

Amma ki, İslam Əməkdaşlıq Təşkilatı da var, hansı ki, bir neçə dəfə Ermənistanı təcavüzkar dövlət kimi pisləyib və ərəb diplomatlarına bunu xatırlatmaq yəqin, kifayət edər ki, onlar müəyyən nəticələr çıxarsınlar.

Bu, həm də Ermənistanın təcridinə yönəlmiş strategiyamızın bir istiqamətidir. O ölkələr ki, qəbul edirlər ki, təcavüzkara qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq olunmalıdır, onların hamısını bu strategiyaya cəlb etməliyik. Qeyd etmək lazımdır ki, rəsmi Bakı illərdir ki, bu təcrid siyasətini həyata keçirir, amma onu təkcə regional çərçivələrlə məhdudlaşdırmamalıyıq və əgər öz strategiyamızı, məsələn, İslam Əməkdaşlıq Təşkilatının strategiyasına çevirə bilsək (bir ara müsəlman ölkələrinin İsrailə qarşı “Xartum sazişi” vardı) bu sonradan daha geniş miqyaslı coğrafiyalar üçün bir presedent ola bilər və Ermənistanı sülhə məcbur etmə siyasəti beynəlxalq məzmun alar.

Düşünürük ki, diplomatlarımız müvafiq addımlar atacaq və Paşinyanın “ərəb ümidləri” də digərləri kimi heç olacaqdır...

Bu adam prinsipcə, İranın təcrübəsindən müəyyən nəticələr çıxara bilərdi. Neçə illərdir, İrana qarşı da təcrid siyasəti aparılır. Təsəvvür edin, İranın qonşuları da bu siyasətə qoşulsaydı nə baş verərdi? Məgər aydın deyilmi ki, İranı xilas edən budur ki, onun qonşuları bu siyasətə qoşulmur! İrəvanda da başa düşməlidirlər ki, onları düşdükləri bataqlıqdan hansısa uzaq Ərəb Əmirliklərilə əlaqələr yox, qonşularla, ilk növbədə də Türkiyə və Azərbaycanla əlaqələr çıxara bilər...

Hüseynbala Səlimov