Görüşün Vaşinqtonda keçirilməsi hansısa bir coğrafi formallıq deyil və bunun arxasında ABŞ-ın və Fransanın ciddi niyyətləri dayanır... Görüşün Vaşinqtonda keçirilməsi hansısa bir coğrafi formallıq deyil və bunun arxasında ABŞ-ın və Fransanın ciddi niyyətləri dayanır...

Nazirlərin Vaşinqton görüşü ərəfəsində...

Görüşün Vaşinqtonda keçirilməsi hansısa bir coğrafi formallıq deyil və bunun arxasında ABŞ-ın və Fransanın ciddi niyyətləri dayanır...

Artıq xəbər verilibdi ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri iyunun 20-də Vaşinqtonda görüşəcəklər. Amma görüş ərəfəsi siyasi təhlilçilər və politoloqlar arasında ikili ovqat duyulur.
Məsələ bundadır ki, son vaxtlarda Dağlıq Qarabağ hərbi teatrında vəziyyət yenə də gərginləşib. Təkcə yerüstü hərbi qüvvələrin heyəti arasında itkilər müşahidə olunmur, hətta bu yaxınlarda ermənilər bizim hərbi təyyarəmizi belə vurmağa çalışdılar.
Belə vəziyyəti iki amillə yozmaq olar: ya Paşinyan və komandası, xüsusən də müdafiə naziri D.Tonoyan diplomatların görüşünü qeyri – müəyyən müddətə təxirə salmaq üçün düşünülmüş şəkildə vəziyyəti gərginləşdirirlər, çünki nə Bakıya, nə də həmsədrlərə təklif etməli bir şeyləri yoxdur, ya Qarabağ hərbi teatrı tamamilə Paşinyanın nəzarətindən çıxıbdır, ya da ki, hər iki tərəf DQR-in müstəqil, İrəvandan asılı olmayaraq qərarlar qəbul etməsi görüntüsünü yaratmağa çalışırlar.
Məsələnin mürəkkəbliyi bundadır ki, hər üç ssenarinin lehinə və əleyhinə arqumentlər gətirmək mümkündür. Məlumdur ki, Paşinyan hələ də çox ziddiyyətli bəyanatlar verməkdə davam edir.
Elə bu yaxınlarda Peterburq İqtisadi Forumunda o, jurnalistin sualına “sual”la cavab verərək – “İnsanlar yüz illərlə yaşadıqları ərazilərdə necə işğalçı ola bilər?” deyərək faktiki olaraq Azərbaycan ərazilərinin işğalını inkar etmişdi.
Amma bununla belə əksər siyasi müşahidəçilər daha çox bu fikrə meyllənir ki, baş nazir N.Paşinyan Dağlıq Qarabağdakı vəziyyətə artıq tamamilə nəzarəti itirib. Bu ehtimal da kifayət qədər tutarlı görünür, ona görə ki, İrəvanla Xankəndi arasında ziddiyyətlər, hətta açıq qarşıdurma prinsipcə, çoxdan müşahidə olunur, son vaxtlar isə bu daha çılpaq forma alıb.
Əlbəttə, ola bilsin ki, Ermənistanın baş naziri Dağlıq Qarabağdakı vəziyyəti də nəzarətinə götürməyə çalışır, amma bunu etmək elə də asan deyil və hətta məlum deyil ki, Paşinyan nə vaxtsa buna nail olacaqmı?
Çox güman ki, bunun üçün ikinci “məxməri inqilab” tələb olunur, amma bu dəfə Dağlıq Qarabağda. Fəqət, Dağlıq Qarabağ erməniləri hələki tənbəl – tənbəl İrəvanla Xankəndi arasındakı ziddiyyətləri seyr edirlər və üstəlik məlum deyil ki, burada “Qarabağ erməniləri”, yoxsa ki, “Suriya erməniləri” ifadəsini işlətmək daha düzgündür?..
Ona görə də bir daha qeyd edirik ki, nazirlərin görüşü ərəfəsində ən ziddiyyətli qiymətləndirmələr səslənir. Ötən görüşlərdə müəyyən pozitiv məqamlar vardı: əsirlərin dəyişdirilməsilə bağlı məsləhətləşmələr oldu, “snayperlərin müharibəsi”nə son qoymaq haqda çağırışlar səsləndi...
Həm də nə qədər qəribə olsa da, inqilabın birinci ili döyüş bölğəsində nisbətən sakit keçdi. İlk baxışda belə təəssürat yaranır ki, N.Paşinyana vaxt lazım idi ki, seçkiləri keçirsin, hakimiyyətini legitimləşdirsin.
Amma daha ehtimllı versiya kimi digər bir fikir səslənir: bu günlərdə xəbər verildi ki, Paşinyan Dağlıq Qarabağ üçün nəzərdə tutulan vəsaiti ayırmağa tələsmir və eks-prezident R.Koçaryanla əlbir olub bir vaxt İrəvanda dinc aksiyanı güc yolu ilə dağıdan adamların təhvil verilməsini tələb edir. Amma bəlli olduğu kimi, “DQR” rəhbərliyi açıq şəkildə Koçaryanı və onunla birgə instintaqa çəkilən şəxsləri müdafiə edir və Paşinyana işarə edir ki, onun ölkəsindəki stabilliyin açarı İrəvanın küçə və meydanlarında deyil, məhz Dağlıq Qarabağda, cəbhə xəttindədir.
Tamam mümkündür, kriminal “DQR” rejimi Kremldən də müəyyən işarələr və hətta tapşırıqlar alır – axı zəruri halda “DQR” üçün öz “siyasi çətir”ini dəyişərək tamamilə Moskvanın nəzarəti altına keçmək elə bir problem deyil.
Ona görə də nazirlərin görüşü ərəfəsində “siyasi hava” çox tutqun görünür. Əlbəttə, həmsədrlərin də mövqeyindən çox şey asılıdır. Ümid edirik ki, görüşün Vaşinqtonda keçirilməsi hansısa bir coğrafi formallıq deyil və bunun arxasında ABŞ-ın və Fransanın ciddi niyyətləri dayanır...
Qeyd edək ki, ötən həftə həm də fransız məhkəmələrinin ölkənin ayrı-ayrı subyektlərilə oyuncaq “DQR” arasında bağlanmış “müqavilələr”lə bağlı çıxardığı qərarları ilə yadda qaldı.
Bu, birincisi, göstərdi ki, ermənilərin “DQR”-i tanıtmaq cəhdləri əbəsdir. İkincisi, həmin qərarlar müəyyən mənada bir həmsədr ölkə kimi Fransaya olan etimadı qismən də olsa, qaytardı.
Amma müəyyən narahatlıq da var. Fikirlər səslənir ki, guya həmsədrlər də meyllidirlər ki, danışıqların formatı genişlənsin. Bizim bunu təsdiq və inkar edən hər hansı məlumatımız yoxdur. Amma əminik ki, həmsədrlər belə buna israr edərsə, rəsmi Bakı onu qəbul etməyəcəkdir.
Ola bilsin, bu halda cəbhə xəttində gərginlik qaçılmaz olacaq. Amma Azərbaycanda belə bir perspektiv həyəcan, təlaş yaratmır; politoloqların bəzisi çoxdan belə hesab edir ki, iri miqyaslı hərbi əməliyyatların ehtimalı günbəgün artır, hətta üç il bundan əvvəlki aprel döyüşlərilə belə müqayisədə daha geniş əməliyyatlar istisna olunmur...
Cəmiyyətə gəldikdə isə, burada müəyyənlik daha çoxdur, nəinki siyasi müşahidəçilər arasında: hamı bu fikirdədir ki, sülhə məcburetmə əməliyyatları olmadan əsl sülh olmayacaq və bu, nə vaxt tez baş versə, bir o qədər yaxşıdır. Əlbəttə ki, hamı başa düşür ki, müharibə problemin həlli üçün heç də ən yaxşı üsul deyil, amma hərbi nəzəriyyənin tanınmış numayəndəsi fon Klauzevits demiş: müharibə də siyasətin bir davamıdır, sadəcə, bir qədər fərqli üsullarla davamıdır...

Hüseynbala Səlimov