Kölgələr günorta yox olur, amma...

İrəvanla Moskva arasında hələ də tam bir etimad mühiti bərqərar olmayıb

“Yəhudiyə güvənməkdənsə ilana güvən, yunana güvənməkdənsə yəhudiyə güvən, amma erməniyə heç vaxt güvənmə!”...

Doğrusu, heç vaxt zənn etməzdik ki, ermənilərin sorağı gedib hətta C.Oruellə də çatıbmış, amma bu sözlər onun əsərlərindən birindəndir, deməli buradan belə bir sadə nəticə hasil olur ki, bu adam da artıq bilirmiş ki, erməni kimdir və onların xisləti nədir...

Amma indi bizi ermənilərin dünya ədəbiyyatındakı obrazından daha çox ertəsi gün baş tutacaq nazirlərin Vaşinqton görüşü maraqlandırır.

Əslində bu haqda da ötən yazıda bir xeyli yazmışdıq. İndisə sadəcə, demək istəyirik ki, görüş ərəfəsi hava daha çox barıt qoxuyur, nəinki sülh və vəziyyət son bir neçə ildə indiki kimi heç vaxt qəliz olmamışdı, çünki regionda böyük oyun gedir; Ermənistan Azərbaycana qarşı oynayır, Azərbaycan da öz növbəsində Ermənistana qarşı, Rusiya isə Dağlıq Qarabağı həm bizə, həm də ki, İrəvana qarşı oynadır...

Amma əsas odur ki, bu qarışıqlıq və çoxtərəfli oyun Azərbaycanda çaxnaşma, vurnuxma və panika yaratmasın. Şükür ki, belə bir şey qəti hiss olunmur: Bakı nəinki soyuqqanlılığını itirmir və hətta ən gərgin qarşıdurmaya belə hazır olduğunu göstərir.

Bir müddət bundan əvvəl Azərbaycan prezidenti bildirmişdi ki, müharibə hələ bitməyibdi, onun yalnız bircə məhələsi başa çatıbdır. Ölkənin müdafiə naziri isə elə bu günlərdə bildirdi ki, onun əsas vəzifəsi ordunu müharibəyə hazırlamaqdır...

Düşünürük, ölkə başçısının və müdafiə nazirinin bu bəyanatları ilk növbədə bəzi “politoloq”lara cavabdı, hansılar ki, düşməni sülhə məcbur etməklə bütün çağırışlarda bir provakasiya– təxribat elementləri görürlər və bunun Azərbaycan üçün riskli ola biləcəyini əsaslandırmağa çalışırlar.

Birincisi, sərt bəyanatlar, hətta hərbi məzmunlu çağırışlar belə hələ müharibə demək deyil, yeri gələndə onlardan da istifadə etmək lazımdır ki, düşmənin təxribatlarının və bəd niyyətlərinin qarşısı alınsın.

İkincisi, heç kim, o cümlədən də ən məlumatlı siyasi təhlilçilər və politoloqlar belə Dağlıq Qarabağ hərbi teatrındakı real vəziyyətlə bağlı ölkə başçısı və müdafiə naziri qədər məlumatlı deyillər– onlar buradakı vəziyyəti ən xırda detallarına qədər bilirlər və prezidentin müharibənin hələ bitməməsi haqdakı anonsu, müdafiə nazirinin ordunun müharibəyə hazır olmasının zəruriliyi haqqındakı çağırışları bir daha sübut edir ki, ən yüksək çinli dövlət rəsmiləri son variant kimi heç bir vaxt müharibəni istisna etmirlər və bu da bir daha belə bir həqiqəti sübut edir ki, əgər sülh istəyirsənsə, müharibəyə hazır ol...

Odur, düşünmək ki, guya kimsə kimisə təxribata “çəkir” və yaxud nəyəsə təhrik etməyə çalışır, bu, əslində heç hansısa fantastik bir trillerin belə süjeti olmaq iqtidarında olmayan fikirlərdir. Əlbəttə ki, vəziyyət heç də trivail deyil. Düşünülürdü ki, Dağlıq Qarabağ kriminal siyasi klanının Ermənistanda çöküşündən sonra İrəvanla Moskva arasında çat yaranacaq və bu da istər - istəməz Dağlıq Qarabağ hərbi teatrındakı vəziyyətə təsir edəcəkdir.

Müəyyən mənada elə belə də oldu; İrəvanla Moskva arasında hələ də tam bir etimad mühiti bərqərar olmayıbdır, rəsmi İrəvan özü, xüsusən də yeni baş nazir N.Paşinyan etiraf edir ki, Kreml onun kadrlarına aşkar bir şübhə ilə yanaşır.

Amma bütün bunlar hələ də Dağlıq Qarabağ müstəvisində bizim istədiyimiz nəticələrə gətirib çıxarmayıbdır və məlum deyil ki, nə vaxtsa o vəziyyət özü-özünə, spontan şəkildə yaranacaqmı? Məsələ budandır ki, Kremlin Dağlıq Qarabağ üzərindəki nəzarəti heç də İrəvanın nəzarətindən az deyil, əksinə bəlkə də çoxdur və bu gün Moskva həmin nəzarətdən həm İrəvana, həm də Bakı qarşı çox böyük məharətlə istifadə edir.

Amma burada bir ciddi məqam var. İrəvanla Xankəndi və İrəvanla Moskva arasındakı ziddiyyətlər Dağlıq Qarabağın açıq şəkildə Kremlə tərəf dreyf etməsinə, “DQR” öz siyasi çətirini dəyişərək tamam Kremlin nəzarətinə keçməsinə səbəb ola bilər və bunun da Moskva üçün bir təhlükəsi var: o halda Moskva ilə Xankəndi arasındakı otuz illik “intim münasibətlər” tamam çılpaq forma alacaq və İrəvan, Xankəndi bir tərəfə, Moskva özü belə bir perspektivə hazırdırmı? Axı bu halda daha cidanı çuvalda gizlətmək, Bakı ilə Moskva arasındakı münasibətləri “dostluq və strateji əməkdaşlıq” münasibətləri adlandırmaq mümkün olmayacaq.

Ona görə də Dağlıq Qarabağ problemi üzərindən otuz illik pərdəni götürmək heç halda Kremlin maraqlarına cavab vermir, onun üçün daha asanı ya Paşinyanın Dağlıq Qarabağdakı özfəaliyyətinə son qoymaq, ya da Paşinyanı hakimiyyətdən götürməkdir, çünki “Kölgələr günorta yox olur” deyiblər – günorta, tam aydınlıqsa Kremlə qəti sərf eləmir...

Hüseynabala Səlimov