Amma başqa bir mühüm detal da vardır: Azərbaycanda qiymətlərin artması davam edir Amma başqa bir mühüm detal da vardır: Azərbaycanda qiymətlərin artması davam edir

Prezidentin möhtəşəm sosial siyasəti - problemlər və proqnozlar…

Amma başqa bir mühüm detal da vardır: Azərbaycanda qiymətlərin artması davam edir

İl rəsmən “Nəsimi ili” adlandırılsa da, mübaliğəsiz demək olar ki, o, ilk növbədə intensiv və dərinləşmiş sosial siyasət ili oldu.

Məhz bu ildə ölkə prezidenti ilk dəfə rəsmən elan etdi ki, zaman keçdikcə, özü də çox tez bir vaxtda Azərbaycan sosial dövlətə çevriləcək. Düzü, əvvəl bir çoxları prezidentin bu sözlərində daha çox siyasi vurğular axtardılar, nəinki sosial - iqtisadi məna və onu ən yaxşı halda çox uzaq perspektivə ünvanlanan bir çağırış kimi qəbul etdilər.

Amma xalq arasında belə bir məsəl var ki, yolun da bağrını onu addımlayan yarar: Azərbaycan prezidenti cəmi bir neçə ay ərzində bir neçə çox mühüm sərəncam verdi və bu sərəncamlar qısa müddətdə sosial parametrlərə və göstəricilərə görə ölkəni nəinki regionun liderinə çevirdi, hətta MDB ölkələri arasında ən ön sıralara çıxardı.

İndi birmənalı şəkildə demək olar ki, ölkənin sosial-iqtisadi iqlimi həqiqətən də onun iqtisadi gücünə uyğundur, belə ki, Cənubi Qafqazın lider ölkəsində insanların həyat səviyyəsi də gec-tez onun iqtisadi indekslərinə adekvat bir hala gətirilməli idi və bu da artıq baş veribdir.

Minimum əmək haqqının qaldırılması haqqındakı son sərəncam isə, ümumiyyətlə, prezidentin sosial siyasətinin, sosial təşəbbüslərinin piki oldu.

Amma hər bir ciddi siyasət, prezidentin və hökumətin ciddi addımları, onların ən yeni sosial təşəbbüsləri iqtisadçılar və sosial ekspertlər arasında ciddi müzakirələrə səbəb olur və olmalıdır da – çünki ciddi, böyük işlərin mütəxəssislərin diqqət mərkəzində olması da təbii haldır.

Təbii ki, ən birinci sual bu oldu ki, sosial sferaya yönələn böyük “inyeksiyalar” növbəti inflyasiya dalğası yaratmayacaq ki? Bu günlərdə ölkənin iqtisadçı ekspertlərinin analiz və qiymətləndirmələrini çox ciddi şəkildə izləməyə çalışdıq. Kiçik tərəddüdlər olsa da, onların əksər hissəsinin rəyi belədir ki, prezidentin yeni sosial paketi bu və ya digər dərəcədə cari ilin bücəsində nəzərə alınıb və yeni sosial ayırmalar əsasən bu ilin büdcə gəlirləri əsasında formalaşacaqdır.

Bu isə o deməkdir ki, yeni pul kütləsi çap etməyə ehtiyac olmayacaq, üstəlik, dünyadakı və regiondakı mürəkkəb geosiyasi proseslərə baxmayaraq ölkənin əsas ixrac məhsulunun –neftin qiymətinin azalması da ən azı bu il üçün proqnozlaşdırılmır, ən azı o səbəbdən ki, İran və Venesuela kimi neft ixracatçılarının yaxın dövrdə dünya neft bazarına böyük həcmlərlə dönüşü gözlənilmir.

Amma bu konteksdə digər bir amil də var. Söhbət əlbət ki, ABŞ-dan gedir. Vaşinqton onun düşmənlərinə qarşı sanksiyalara qoşulmuş dost və müttəfiq ölkələrin itkilərini kompensasiya etmək üçün bəzən dünya neft bazarına özünün “inyeksiyaları” artırır və bu da neftin qiymətinin kəskin şəkildə azalmasına səbəb olur. Amma ümid edək ki, ən azı cari il üçün belə ssenari gözlənilmir və neftin qiyməti normal həddə qalmaqda davam edəcək.

Amma başqa bir mühüm detal da vardır: Azərbaycanda qiymətlərin artması davam edir. Əlbəttə, templər devalvasiyanın ilk illərində olduğu kimi də deyil, nisbətən, özü də hiss olunacaq dərəcədə aşağı bir həddədi, zira, proses davamlıdır və sistematik xarakter daşıyır.

Bu səbəbdən də bəzi ekspertlər təklif edirlər ki, sosial siyasətdə çox böyük riyazi ədədlərin ardınca qaçmamaq, bundansa addımbaaddım ölkədə məhsul və xidmətlərin qiymətlərini tənzimləmək, korrektə etmək lazımdır.

Əlbəttə, qiymətlərin formalaşması bazarın müstəsna səlahiyyətidir. Amma bu üsul o vaxt effektli olur ki, bazar tam azad olur və inhisarçılar tərəfindən təzyiqə məruz qalmır. Fəqət, sirr deyil ki, çox böyük səylərə, prezidentin və hökumətin apardığı ardıcıl siyasətə baxmayaraq, inhisarçı təmayüllərə qarşı çağırışlara və müvafiq tədbirlərə rəğmən biz hələ də bu istiqamətdə tam şəkildə istədiyimizə nail olmamışıq.

Məsələ bundadır ki, ölkənin mövcud iqtisadi modeli də hələ tam şəkildə bu neqativ tendensiyanın qarşısını almaq iqtidarında deyil – bizim iqtisadiyyatımız hələki “bərabər imkanlar iqtisadiyyatı”ndan bir az uzaq durumdadır. Sirr deyil ki, iqtisadiyyatın bir çox sferaları hələ də bu və ya digər dərəcədə məmur-bürokrat təbəqəsinin nəzarətindədir. Belə bir halda isə insanlarda sərəncamında əlavə pul kütləsinin meydana çıxması prezidentin və hökumətin istədiyi dərəcədə onların həyat səviyyəsində və ya alıcılıq qabiliyyətində özünün ifadəsini tapa bilmir– demək olar ki, yeni pul kütləsi, ciddi sosial vəsaitlər inhisarçıların cibinə “axır”...

Məsələn, adam fermerləri dinləyəndə və bunun ardınca da kənd təsərrüfatı məhsulları bazarındakı real vəziyyətə nəzər salanda dəhşətə gəlir: axı belə fərq əslində olmamalıdır! Baxmayaraq ki, bu və ya digər meyvə və tərəvəzlərin kənd və rayonlarda əməlli-başlı bol olduğu bildirilir, bazar və supermarketlərdəki qiymətlər adamı vahiməyə salır!

Bunun səbəbini başa düşməkçünsə A.Smit və yaxud D.Rikardo olmaq lazım deyil; aydındır ki, bazar inhisarçıların nəzarətindədir və qiymətləri də onlar müəyyən edirlər.

Bir vaxt MDB ölkələrinin iqtisadi ədəbiyyatında tez-tez təsadüf olunan bir ifadə vardı: təbii inhisarlar. Əlbəttə, bu ifadə özündə bir qədər fərqli mənanı ehtiva edirdi. Amma zaman keçdikcə MDB-nin bəzi ölkələrində, çox təəssüf ki, o cümlədən də Azərbaycanda nəinki təbii, hətta toxunulmaz inhisarlar formalaşmağa başladı–özü də məhz bir az əvvəldə qeyd olunan məmur - bürokratik sisteminin sayəsində. Bir daha deyirik ki, ölkə prezidenti daim bu amili qeyd edir, ona qarşı tədbirlər görür və demək olar, bütün çıxışlarında azad rəqabətin təmin olunmasına çağırır, gəl, problem müəyyən qədər qalmaqda davam edir, çünki çox mürəkkəb problemdi və özünün həlli üçün həm zaman, həm də daha kardinal siyasi və iqtisadi islahatlar tələb edir.

Bir daha deyirik ki, ölkə prezidenti və hökuməti əhalinin gəlirlərinin artmasına, onların alıcılıq qabiliyyətinin artmasına çalışır, amma təəssüf ki, bu, tam arzuolunan səviyyədə alınmır, çünki əhalinin böyük hissəsi inhisarçıların sayəsində ən zəruri məhsulların və xidmətlərin əsarətindən qurtula bilmir, insanlar özlərinə yalnız onunla təskinlik verirlər ki, qida, paltar, dərman ala və kommunal xərcləri ödəyə bilirlər – avtomobil əldə etmək, yayda və yaxud qışda harasa istirahətçün yollanmaq və yaxud da mənzil almaq haqda düşünmək belə lazım gəlmir, çünki bir daha deyirik ki, sadə insanların cəmi gəlirləri ən zəruri ehtiyacların ödənilməsinə sərf olunur...

Hüseynbala Səlimov