Paşinyan uzaq Sakit okeanda nə axtarırdı?..

Paşinyan ruhdan düşmür. Belə təəssürat yaranır ki, o, öz kabinetində vaxtının çoxunu məktəbli qlobusu arxasında keçirir ki, bəlkə varlı və səxavətli bir dayı tapa bildi.

Əvvəlcə qeyd edək ki, sürətlə inkişaf edən gənc cənub-şərqi Asiya ölkələri (iqtisadçılar arasında onları “gənc pələnglər” də adlandırırlar) daim müxtəlif hökumətlərin və hökumət başçılarının diqqətini cəlb edib və regionlar üzrə iqtisadi inkişafı izləyənlərin nəzərində olubdur.

Hətta bir vaxtlar Türkiyənin baş naziri Nəcməddin Ərbakan da bu ölkələrlə iqtisadi körpülər qurmağa çalışırdı.

Buna görə də erməni baş naziri N.Paşinyan bu müstəvidə heç də ilklərdən deyil – nə birincidir, nə də axırıncı. Amma bu adam hər dəfə əyani şəkildə sübut edir ki, iqtisadiyyatın əsas prinsipini anlamır: məsələ bundadır ki, iqtisadi münasibətlərin əsas meyarı qazancdır.

Əks halda, siz nə qədər əlləşib-vuruşsanız belə, əgər tərəfdaşınız sizin vədlərinizdə və dəvətlərinizdə iqtisadi qazanc üçün əsas və yaxud da ki, motiv görməsə sizin iqtisadiyyatınıza bir manat belə sərmayə qoymaz, necə ki, Ermənistanın artıq ən azı formal baxımdan otuz ilə yaxın müstəqil dövlət olmasına rəğmən dünyadakı imkanlı ermənilər (onlar elə də az da deyillər!) özlərinin “cəfakeş” tarixi vətənlərinin iqtisadiyyatına bir qəpik də olsun sərmayə qoymayıblar.

Amma Paşinyan ruhdan düşmür. Belə təəssürat yaranır ki, o, öz kabinetində vaxtının çoxunu məktəbli qlobusu arxasında keçirir ki, bəlkə varlı və səxavətli bir dayı tapa bildi. Prinsipcə, onu “başa düşmək” olar.

Birincisi, çox nüfuzlu diplomatların və siyasətçilərin onun ölkəsinin regional siyasətinin dəyişməsinə ehtiyac olduğu haqqındakı məsləhətlərinə və tələblərinə rəğmən erməni baş naziri bunu etmək istəmir, çünki əvvəlki hakimiyyətlər kimi o da Kremlin Dağlıq Qarabağ qarmağından asılı qalıbdır.

İkincisi, Moskvadan ehtiyat etdiyindən Qərb istiqamətində də qəti addım ata bilmir, çünki bu onun tək özünün hakimiyyətini itirməsinə yox, bəlkə də ölkəsinin Dağlıq Qarabağı itirməsinə səbəb ola bilər.

Üstəlik, aydındır ki, Ermənistanın Qərbə inteqrasiya edəcəyi təqdirdə belə ifrat sürətli dividendlər olmayacaq, hərçənd, məşhur “GUAM üçlüyü” – Ukrayna, Moldova və Gürcüstan artıq ilk dividendləri hiss etməkdədirlər. Məsələn, Moldova öz eksportunun 70 faizini Avropaya, yalnız 20 faizini Rusiyaya göndərir. Bundan başqa, ABŞ möhtəşəm bir layihə üzərində işləyir və o, təxminən “Rusiyanın post-sovet məkanında təsirinin azaldılması” adlanır. Artıq 2020-ci ildə Vaşinqton bu məqsədlə 600 milyon dollardan artıq vəsait xərcləməyi plalaşdırır.

Göründüyü kimi, necə deyərlər, risk etməyə dəyər –Avropadan gələ bilən dividendlər yetərincə realdır. Amma qeyd etdiyimiz kimi, Paşinyan Rusiyanın təzyiqindən ehtiyat edir, odur ki, ölkəsi hələ xeyli vaxt axmaq bir statusla –Moskvanın regionda “forpost”u statusu ilə kifayətlənməli olacaq.

Üçüncüsü, Ermənistan hazırda iki regional tərəfdaşı ilə də müəyyən ticari - iqtisadi çətinliklər yaşayır – söhbət İran və Gürcüstan haqdadır.

İran və ABŞ arasındakı gərginlik baş nazir Paşinyanın təkcə bəzi planlarını pozmadı (bu adam Tehranı İrəvan vasitəsilə Avrasiya İqtisadi Birliyilə birləşdirməyə hazırlaşırdı!), onu həm də seçim qarşısında qoydu – belə ki, Vaşinqton İrəvandan ciddi şəkildə Tehranla əlaqələrini məhdudlaşdırmağı tələb edir.

İşin tərsliyindən, Gürcüstanla Rusiya arasından da növbəti dəfə “qara pişik keçdi” – indi ermənilər ehtiyat edir ki, bundan daha çox elə onların ölkəsi ziyan çəkəcək, çünki ölkələri ətrafındakı izolyasiya həlqəsi bir az da darala bilər.

Dördüncüsü, ildən-ilə aydın olur ki, Rusiyanın meqa-layihələrindən, xüsusən də Avrasiya İqtisadi Birliyindən heç bir fayda yoxdur və gələcəkdə də olmayacaq. Hətta gülməlidir ki, Birliyə sədrlik edən İrəvan “varlı dayı” axtarmaq üçün dünyanı ələk-vələk edib. Əlbəttə, Rusiyanın prezidenti bu layihəyə nəfəs verməkçün nəsə etməyə çalışır, amma necə deyərlər, ölülər dirilmir –Putin İsa peyğəmbər, Avrasiya Birliyi isə Lazar deyil.

Yenə də səbəb əvvəldə dediyimiz məsələ - qazanc söhbətidir. Bütün iqtisadi ittifaqların və koalisiyaların da əsas ölçüsü məhz bu qazanc adlı məqamdır, əks təqdirdə sovxoz alınar – bəli, sovetlərin kənd proletariatını artırmaq məqsədilə yaradıldı sovxozlar...

Odur ki, Paşinyan hələ dünyanı çox dolaşmalı olacaq. Adətən deyirlər ki, axtaran gec-tez tapar, amma bu Paşinyana aid deyil, çünki bu adam lazım olan yerdə axtarmır...

Hüseynbala Səlimov