Əgər Paşinyan Koçaryanı azad etməsə...

Kreml Ermənistana qarşı təzyiq “rıçaq”larını işə salacaq

Yaddaşımız aldatmırsa, hələ iyun ayında KİV-lər xəbərlədilər ki, nəhayət, Rusiya prezidenti öz yüksək diqqətilə Ermənistanın baş naziri N.Paşinyanı və komandasını şərəfləndirmək qərarına gəlib və vəd edirdi ki, ilin oktyabr ayında dost ölkəyə rəsmi səfər edəcəkdir.

Demək lazımdır ki, o vaxtdan, - bu isə bir aydan bir az çoxdur, - bu informasiyanı hər hansı formada təkzib edən bəyanat səslənməyib. Gəl, bu günlərdə məlum oldu ki, rəsmi Kreml hələ də Ermənistanı dost ölkə hesab edir, amma onun əvvəlki kimi həm də itaətkar olmasını arzulayır.

Odur ki, onsuz da öz Qafqazdakı kiçik “qalas”ında “Sorosun uşaqları”nın uşaq oyunlarından – özfəaliyyətindən bezmiş Rusiya prezidentinin ötən dəfələrdə olduğu kimi fikrindən daşınmaması və öz qərarını dəyişməməsi üçün bu ölkənin hələ dost sayılmayan hakimiyyəti irəlicədən müəyyən tələbləri yerinə yetirməlidir.

Daha dəqiq desək, Rusiya mənbələri ötən həftə xəbər verdilər ki, bu ölkənin xarici işlər naziri S.Lavrov erməni həmkarı Z.Mnatsakanyana çatdırıb ki, prezident V.Putinin gəlişinə qədər eks-prezident R.Koçaryan həbsdən azad edilməlidir...

Düşünürük ki, Paşinyan üçün bundan ağır, hətta təhqiramiz tələb düşünmək çətindir, çünki Koçaryan məsələsi erməni baş naziri üçün tək siyasi təhlükəsizlik məsələsi deyil, həm də prinsip məsələsidir, çünki onun inqilabi vədlərindən biri də məlum hadisələr zamanı dinc insanlara qarşı zor tətbiq etmiş və eyni zamanda hakimiyyəti uzurpasiya etmiş bir sıra adamların cəzalandırılması idi.

Amma səhv etmiriksə, hələ Kuzma Prutkov deyirdi: məsələnin kökünə bax! Paşinyanınsa ən çatışmayan cəhəti də məhz elə məsələlərin kökünə baxmamasıdır – bu siyasətə də aiddir, iqtisadiyyata da.

Odur ki, bu dəfə də erməni baş naziri bir mühüm məqamı nəzərə almır: güman ki, qeyd olunan hadisələr zamanı R.Koçaryan Rusiyanın razılığı və Kremlin təlimatı ilə hərəkət etmişdi.

Axı aydındır ki, Kremlin razılığı olmadan o, belə hərəkət edə bilməzdi. Paşinyan artıq bir ildən çoxdur ki, hakimiyyətdədi və bu müddət ərzində istənilən adam, xüsusən də yüksək hakimiyyət mənsubu başa düşməlidi ki, Ermənistan kimi ölkələrdə hətta xoruzlar belə səhərlər öz istəkləri ilə banlamırlar...

Artıq bir dəfə Paşinyanla Kremlin maraqları toqquşub –bəli, söhbət general Xaçaturovun həbsindən gedir. Kreml bir neçə dəfə işarə etdi ki, general onlar üçün tək KTMT-nın maraqları baxımından çox mühüm bir persona deyil, burada Kremlin məxsusi maraqları da var.

Amma Paşinyan generalın azad olunması haqda Kremlin tələblərini cavabsız qoydu və o vaxt yüngül şokla canını qurtara bildi – İrəvan onda KTMT-da yüksək postdan məhrum oldu.

Fəqət, bu, aysberqin görünən hissəsidi –erməni baş naziri dəfələrlə Rusiyanın, MDB-nin və Avrasiya Birliyinin ən müxtəlif tədbirlərində öz personasına qarşı soyuq münasibətlə qarşılaşmalı oldu.

Bəs bu dəfə hörmətli Vladimir Vovayeviç necə hərəkət edəcək? Birmənalı şəkildə cavab vermək çətindir. Bu yaxınlarda hamımız az qala diplomatik qalmaqala səbəb olacaq bir hadisənin şahidi olduq. Ən azı Rusiyanın XİN -nə bu konteksdə izahat vermək lazım gəldi – söhbət rus diplomatların təzədən daşnakları “xatırlaması” haqqındadır.

Az vaxt keçməyib, amma yanılmırıqsa, məhz onlar–daşnaklar vaxtilə yeni seçilmiş Ermənistan parlamentinin üzvlərini birbaşa iclas zalındaca gülləbaran etmişdilər. Odur ki, yenə təbii sual yaranır: daşnaklar bunları öz təşəbbüslərilə etmişdi, yoxsa “yüksək tapşırığı” yerinə yetirmişdilər?

Düşünürük ki, bu sualların cavabını ermənilər özləri hamıdan yaxşı bilirlər. Paşinyanın hansı qərar qəbul edəcəyinə gəldikdə isə, biz yalnız bunu bilirik: əlbəttə, o, Kremlin tələbinə müqavimət göstərəcək və onun yerində istənilən normal siyasətçi belə edərdi, çünki necə deyər, cin artıq şüşədən buraxılıb və onu geri qovmaq elə də asan deyil, xüsusən də elə bir vaxtda ki, cəmiyyətin başını qarışıdırmaqçün digər mövzu da yoxdur, reytinqlər də gündən-günə düşür...

O da aydındır ki, Paşinyana asan başa gəlməyəcək bu, ona görə ki, Kreml Ermənistana qarşı təzyiq “rıçaq”larını işə salacaq. Amma onun sərəncamında daha effektli senarilər var. Aydın məsələdir ki, Paşinyan nə nüfuzda, nə xidmətdə, nə də ki, reytinqdə 90 -cı illərdə prezident olan L.Ter-Petrosyanla müqayisə oluna bilməz. Amma Kreml elə bir əziyyət çəkmədən L.Ter-Petrosyanı yola saldı ki, qədim erməni ədəbiyyatı ilə məşğul olmaq üçün onun daha çox vaxtı və imkanı olsun...

Hüseynbala Səlimov

Hüseynbala Səlimov