Patruşev İrəvana niyə gəlmişdi?..

Rusiya generalının erməni xidmətçilərilə söhbəti əvvəldən çox ciddi olmağı vəd edirdi

Ötən həftənin sonlarında qonşu Rusiyanın KİV-ləri xəbər yaydı ki, avqustun 12-13-də ölkələrinin Təhlükəsizlik Şurasının Katibi Nikolay Patruşev İrəvana rəsmi səfər edəcək. Səfər deyilən vaxtda, avqustun 13-də baş tutdu. Qeyd edək ki, rus mənbələrinin özləri bu səfərə çox böyük önəm verirdi.

Birincisi, general N.Patruşev Rusiyanın hakimiyyət iyerarxiyasında, daha doğrusu, icra hakimiyyətinin strukturunda az qala, üçüncü şəxs hesab edilir, belə yüksək çinli məmurların isə Ermənistana səfərləri son vaxtlarda, xüsusən də “məxməri inqilab”dan sonra xeyli seyrəlibdir.

İkincisi, Ruisyanın mənbələri açıq şəkildə, birmənalı olaraq bəyan edirdilər ki, Patruşevin səfəri təqvim xarakteri daşımır, əksinə onunla bağlıdır ki, Paşinyan son vaxtlarda öz özfəaliyyətilə o qədər “uzaq”lara gedib ki, onun və komandasının təxribat dolu bəyanatları Kremlin özünü belə narahat etməyə başlayıb. Ona görə də Rusiya mənbələri bu səfərin ilk növbədə təftişedici xarakter daşıyacağını yazırdılar.

Xatırladaq ki, ötən həftə Xankəndində Paşinyan mitinq eyforiyasında, necə deyərlər, “populist tutma” vəziyyətində ona gəlib çatdı ki, Dağlıq Qarabağı Ermənistanın bir hissəsi elan etdi və aydın məsələdir ki, Kreml bundan çox narazıdır, çünki bu, təkcə ATƏT-in bütün Minsk institutuna, eləcə də həmsədrlərə qarşı etinasız münasibət deyildi və Rusiyanı təkcə bir həmsədr ölkə, həm də Azərbaycanın strateji müttəfiqi olan bir ölkə kimi pis vəziyyətdə qoymurdu, bu, həm də Moskvanın özünün otuz illik Dağlıq Qarabağ ssenarisinə qarşı etinasızlıq idi.

Üstəlik belə bəyanatlardan sonra rəsmi Bakının öz torpaqlarını qaytarmaq üçün ciddi şəkildə hərb variantlarını nəzərdən keçirməkdən savayı yolu qalmır, ona görə də N.Paşinyanın sərsəm bəyanatları dolayı yolla müharibəyə çağırışdır.

Amma Rusiya üçün ən əsası odur ki, Paşinyan belə bəyanatları ilə Kremlin regional geosiyasi maraqlarını nəzərə almır. Belə ki, Moskvaya görə, Dağlıq Qarabağ nə Azərbaycanındır, nə də ki, Ermənistanın və vəziyyət hələ xeyli müddət də belə qalmalı, Bakı və İrəvan eyni dərəcədə Dağlıq Qarabağa iddia etməli, Rusiya isə bundan istifadə edərək hələ bir xeyli müddət bu iki dövləti özünün orbitində saxlamalıdır.

Paşinyan isə özünün axmaq bəyanatları, necə deyərlər, “birmənalı yanaşma”ları (Rusiyanın da sevmədiyi budur, çünki Kremlin planına görə, Qarabağ hələ uzun müddət qeyri-müəyyən statusda qalmalıdır!) ilə Qarabağ münaqişəsinin adət olunmuş mənzərəsini pozur, Rusiyanın on illərlə regiona sırıdığı ssenariyə xələl gətirir – bu ssenarilər bir daha deyrik ki, birmənalı yanaşmaları nəzərdə tutmur, birmənalı şəkildə hər hansı tərəfin xeyrinə ola biləcək vurğular etmir və güman ki, hələ xeyli vaxt bundan sonra da etməyəcəkdir.

Ona görə də əslində Patruşevin erməni həmkarlarına deyiləsi sözü çox idi: ən azı ermənilərə xatırlatmaq lazım idi ki, Ermənistanın onun üçün cızılan sərhədlərdən kənara çıxması və proseslərin adət olunmuş inkişaf ssenarisindən uzaqlaşması Moskvada qəti təqdir olunmur.

Burada M.Saakaşvilinin Gürcüstan prezidenti kimi BMT Baş Assambleyasının sessiyasındakı son çıxışı yada düşür. O, sessiyada bir sual verdi: “Rusiya istəyirmi ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılsın? Və yaxud o, razı olarmı ki, Dağlıq Qarabağ Ermənistanın bir hissəsi olsun?”. Sualların cavabını Saakaşvili özü verdi:” Yox, Rusiya nə bu, nə də digər variantı istəmir, ona görə ki, bu variantlardan biri seçilsə, Dağlıq Qarabağ münaqişəsi özünün regional geosiyasi missiyasını itirər, daha Bakı və İrəvan üçün tələ rolunu oynamaz”.

Düşünürük ki, o qədər dəqiq deyilib ki, əlavə şərhə yer qoymur: kimsə Rusiyanın regional siyasəti haqqında açıq danışa bilər, kimsə isə yox, di gəl, hamı ürəyində bilir ki, bütün post-sovet məkanındakı münaqişələrin arxasında Kreml dayanır, onları qızışdırır və idarə edir.

Bir daha qeyd edək ki, N.Paşinyan bəyanatları ilə təkcə Bakını ciddi seçim qarşısında qoymur, həm də Kremlin otuz illik “gizlinlər”ini ayaqlayır, sanki erməni baş naziri onlardan xəbərsizdir, sanki bilmir ki, onun ölkəsi bu prosesdə köməkçi bir alətdir və bundan artığına iddia etmək haqqı və ya hüququ yoxdur.

Odur ki, Rusiya generalının erməni xidmətçilərilə söhbəti əvvəldən çox ciddi olmağı vəd edirdi: ya Paşinyan da Koçaryan və Sarqsyan kimi onun üçün nəzərdə tutulmuş rolu oynamalı və Kremlin ssenarilərinin hər hərfinə əməl etməldir, ya da Kreml özünün Ermənistanın yeni hakimiyyətinə münasibətini birmənalı şəkildə dəqiqləşdirməli olacaq – xüsusən də nəzərə almaq lazımdır ki, Paşinyan digər müstəvilərdə də çox pis rəqqasdır. Bundan başqa, Moskva özünün digər tələblərini də unutmayıb: söhbət R.Koçaryanın azad edilməsindən və əlbəttə ki, yeni baş nazirin gizli avro-ehtiraslarından gedir…

Amma təəccüblüsü bu oldu ki, Patruşevin səfərilə bir vaxtda Ermənistanın xarici işlər naziri də Paşinyanın Xankəndidə səsləndirdiyi bəyanatlara dəstək verdi. Bu isə onu deməyə əsas verir ki, Paşinyan Qarabağı Moskvanın nəzarətindən çıxarmaq və otuz illik oyunu bitirmək istəyir, çünki Dağlıq Qarabağ məsələsi onun daha sərbəst siyasət yürütmək yolunda qarçşısında dayanan ən böyük maneədir...

Hüseynbala Səlimov