- Yazarlar
- 26 Avqust 2019 10:41
- 6 136
Təcavüzün başqa adı olurmu?..
İrəvanın məqsədi Dağlıq Qarabağın işğalını artıq rəsmiləşdirməkdir
Paşinyanın Xankəndidəki çıxışından və xarici işlər naziri Mnakatsanyanın onu müdafiə etməsindən sonra “Miatsum ittifaqı” adlı təşkilatın yaradılması əslində ermənilərin otuz illik Qarabağ oyunlarında yeni bir “mərhələ”nin başlanmasının sübutu kimi qəbul olunmalı idi.
Amma nə etmək olar ki, fərqli düşünənlər də var. Hələ də bəzi politoloqlarımız belə hesab edirlər ki, Paşinyan gec-tez Azərbaycanla konstruktiv danışıqlara başlayacaq və qeyd etdiyimiz təşkilatın yaranması da əslində erməni baş naziri üçün Dağlıq Qarabağ prosesini Dağlıq Qarabağ siyasi klanının inhisarından qıxarmaq məqsədi daşıyır.
Bəli, ilk baxışda bu cür yanaşmalara dəstək ola biləcək bir sıra başqa əlamətlər də var. Məsələn, elə bu yaxınlıarda Z.Mnakatsyan bəyan etdi ki, onlar heç də danışıqlardan imtina etmək fikirində deyillər və növbəti danışıqlara hazırlıq görürlər, baxmayaraq ki, növbəti görüşün hələ nə yeri, nə də ki tarixi bəlli deyildir.
Amma bizə elə gəlir ki, məsələ tamamilə başqa cürdür. Birincisi, ermənilər danşıqları davam etdirə bilərlər, amma əsas odur ki, onlar bu danışıqlarda hansı mövqelərdən çıxış edəcək, bu dəfə hansı mövqeyi sərgiləyəcəklər? Bunların danışıqları süni şəkildə uzatmaq, immitasiya etmək sahəsində düz otuz illik təcrübələri var.
İkincisi, hətta ola bilsin ki, elə doğrudan da “Miatsum ittifaqı” yaratmaqda Paşinyanın məqsədi prosesi Dağlıq Qarabağ siyasi klanının nəzarətindən çıxarmaqdır, amma unutmaq lazım deyil ki, cini şüşədən buraxandan sonra onu geri qovmaq çox çətin olacaqdır.
Əslində elə ermənilər Dağlıq Qarabağ prosesini məhz “miatsum” hərəkatı kimi də başlamışdılar, amma sonradan onun təqdimatını daha hiyləgər formada həyata keçirmək və Ermənistanın prosesdə iştirakını ört -basdır etmək üçün “Qarabağın erməni xalqının öz müqəddəratını müəyyən etməsi” məsələsini ortaya atdılar. İndisə məqsədlərini yenidən çılpaq formada ortaya qoyurlar.
Bəs biz nə etməliyik? Bizə elə gəlir ki, ermənilərin növbəti gedişi, o cümlədən də Paşinyanın və Mnatsakanyanın bəyanatları Azərbaycanın mövqelərini gücləndirir. Məgər biz illərlə sübut etmək istəmirdikmi ki, ortada heç bir “Qarabağ xalqı” və onun “öz müqəddəratını təyin etməsi” məsələsi yoxdur, bu problem Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaq iddialarıdır?!.
N.Paşinyan hakimiyyətə gələndən sonra oğlunu hərbi xidmət keçmək üçün Dağlıq Qarabağa göndərməklə bunun kiçik təsdiqlərindən birini oryaya qoymuş oldu. Amma onun Xankəndidəki çıxışından sonra məsələnin Ermənistanın Azərbaycana qarşı təcavüzü olmasını sübut etməyə ehtiyac belə qalmır, hər şey açıq deyildi və bəlli oldu ki, İrəvanın məqsədi Dağlıq Qarabağın işğalını artıq rəsmiləşdirməkdir.
Odur ki, ermənilər çox şey deyə bilərlər, hətta danışıqlar apara, danışıqları immitasiya edə, jurnalistlər qarşısında poza nümayiş etdirə bilərlər, amma unutmamalıyıq ki, onların beynində bir fikir var: Dağlıq Qarabağı ilhaq etmək. Əslində, bir daha deyirik ki, onların ta əvvəldən də məqsədləri-məramları bu olubdur.
Biz heç də birmənalı şəkildə hərbi əməliyatlara və ya müharibəyə çağırmırıq, çünki belə məsələlər siyasi təhlilçilərin çağırışları ilə həll olunmur – həm də burada çox faktorlar nəzərə alınmalıdır, xüsusən də geosiyasi faktorlar.
Amma başqa yol da görünmür: kimsə düşünürsə ki, Dağlıq Qarabağ hərbi-siyasi teatrında ciddi, kardinal dəyişikliklər olmadan ermənilərin mövqeyində hansısa çox ciddi və konstruktiv dəyişikliklər baş verəcək, yumşaq şəkildə desək, yanılır.
“Miatsum çağırışları”ndan sonra hətta onların aparacağı dırnaqarası danışıqların strukturunu belə müəyyən etmək mümkündür: İrəvan həyasızcasına deyəcək ki, ətraf rayonlar sizə, Dağlıq Qarabağ isə bizə!
Belə bir “perspektiv” bizi heç qane edə bilərmi? Əlbəttə, yox! Odur ki, bir daha məşhur deyimi xatırlamaq lazım gəlir: etibarlı sülh istəyirsənsə müharibəyə hazır ol! Burada həm də N.Makiavellinin məşhur sözlərini yada salmamaq olmur: “Müharibədən qaçmaq olmur, onu yalnız təxirə salmaq olur ki, bundan da yalnız düşmən tərəfi qazanır”.
Xüsusən də hər hansı bir dövlət sənin torpaqlarının bir hissəsini öz ərazisinə birləşdirmək məqsədi güdürsə və ən əsası da bunu praktiki olaraq edirsə, bunun artıq başqa adı olmur, daha doğrusu isə, bircə adı olur: təcavüz! Sonuncuya münasibət isə həm BMT Nizamnaməsində, həm BMT TŞ –nın dörd qətnaməsində, həm də Helsinki Yekun Aktında birmənalı şəkildə qoyulubdur. Odur ki, biz İrəvanın hərəkətlərində başqa mənalar axtarmamalıyıq, onlar yoxdur və gələcəkdə də olmayacaq...
Hüseynbala Səlimov