Bu adamlar hətta müxalifət daxilində belə normal polemika apara bilmirlər Bu adamlar hətta müxalifət daxilində belə normal polemika apara bilmirlər

İntellekt olmayanda üstünlük söyüşə verilər…

Bu adamlar hətta müxalifət daxilində belə normal polemika apara bilmirlər

Sosial media hazırda dünyanın ən intensiv istifadə etdiyi, ən optimal kommunikasiya vasitəsidir. Təbii ki, hər kəs, hər bir qrup bu imkandan öz məqsədləri üçün gen-bol istifadə edir. Bu da anlaşılandır.

Sosial media həm də bir sıra şəxslərin, siyasi qruplaşmaların öz mahiyyətini büruzə verməsi üçün yaxşı bir platformadır. Burada belə qruplar, fərdlər “ağızlarını açıb gözlərini yuman kimi” nə və kim olduqları hər kəsə aydın olur.

Azərbaycan da dünyanın bir parçası olmaqla sosial media üçün tam açıq, sərbəst bir məkandır. Dövlət bu imkandan istifadə edənlərə heç bir məhdudiyyət tətbiq etmir, əksinə, insanların istifadəsini motivə edir. O cümlədən siyasi qüvvələrin də.

Lakin baxırıq ki, bəzi siyasətçilər, siyasi qruplar bu platformadan nəinki uyğun şəkildə istifadə etmir, üstəlik ortalıqda dolaşıb insanların könlünü bulandırır. Belələrindən olan Əli Kərimlinin AXCP-si və şəxsən onun özü hər gün yüzlərlə insanı gözdən salmağa, söyüb təhqir etməyə çalışır. Onlar həm də bu gözəl kommunikasiya vasitəsini gözdən salırlar…

Bunlar boş dayanmır, trolları vasitəsilə yetənə yetir, yetməyənə bir daş atırlar. Düzdür, özlərini daha çox hakimiyyətə qarşı olan kimi göstərməyə çalışırlar. Amma belə baxanda görürsən ki, hakimiyyətdən daha çox müxalifətin içində təfriqəçiliklə məşğuldurlar. Bu da səbəbsiz deyil. Çünki hakimiyyətin real gücünü bunlar yaxşı anlayır. Ona görə də hakimiyyətlə savaşın sadəcə divara kəllə atmaq olduğunu anladıqlarından mübarizə hədəfi kimi müxalifət cəbhəsinin daxilini seçiblər. Sadə dildə desək, məqsədləri hakimiyyətlə yarışda birinci olmaq deyil, müxalifət içində birinci olmaqdır.

İndi müşahidə edirik ki, Əli Kərimli tərəfdarları alt şüurlara hesablanmış boykot söhbətlərini tirajlamaqla məşğuldur. Bunlar insanları qarşıdan gələn bələdiyyə və parlament seçkilərində fəallıqdan çəkindirməyə çalışırlar. Maraqlıdır, bir siyasi qüvvə niyə dəstəyinə iddia etdiyi seçiciləri seçki prosesindən soyutmağa çalışsın ki? Səbəb çox sadədir. Onların guya xalqın dəstəyinə arxalanmaqla bağlı bəyan etdikləri boz sözlərdən başqa bir şey deyil.

Elə olmasaydı, qeyd etdiyimiz kimi, mübarizənin əsas hədəfi olaraq hakimiyyəti görərdilər, bir-birilərini deyil.

Bugünlərdə yenə də müşahidə edirik ki, Əli Kərimlinin “yenilməz” cəbhəçiləri müxalifət içində “qırğınlar” törədir. Realçı Natiq Cəfərli bir müsahibəsində seçicilərin fəallığının vacibliyini dilə gətirib. Müsavatda olub adı daha çox Əli Kərimlinin tərəfdarı kimi hallanan Tofiq Yaqublu da ona uzun və sərt reaksiya verib. Əlbəttə, belə polemika normaldır, deyə bilərdik… Lakin normal olmayan odur ki, Əli Kərimlinin tərəfdarları Natiq Cəfərlini sadəcə tənqid etmir, təhqir yağışına tutur. Bu adamlar hətta müxalifət daxilində belə normal polemika apara bilmir, başqasının dediyi fərqli fikrə dözümlü yanaşmağı bacarmırlar. Ən adi özünü ifadə azadlığına dözümsüz yanaşırlar. Amma bütün bunlara dözümlü, təmkinli yanaşan, üstəlik də belə mübahisə və müzakirələr üçün geniş platformalar təqdim edən hakimiyyəti ifadə azadlığına, fikir plüralizminə dözümsüzlükdə ittiham edirlər. İndi sual olunur: kimdir dözümsüz? Fərqli siyasi mövqeyi olan insanların – qrupların özünü sərbəst ifadəsi üçün bütün imkanları təmin edən hakimiyyət, yoxsa bu imkanlardan sui-istifadə edən, başqalarının fərqli mövqeyini top-tüfənglə qarşılayan radikallar? Təbii ki, sualın cavabı özündədir.

Bir daha qeyd edirik: Əli Kərimlinin tərəfdarlarının söyüşə üstünlük verməsi, cığallıq üçün ortam yaratması da təsadüf deyil. Bu adam hamıdan yaxşı anlayır ki, real siyasi mübarizədə meydana çıxarmaq üçün qüvvəsi yoxdur. Sabah parlament seçkisi olarsa, nəinki bütün dairələr üzrə müşahidəçilər, heç hər dairəyə bir deputatlığa namizədi belə yoxdur bunun. Ona görə də elə indidən “oynamıram” deyərək cığallığa başlayıb, az-çox seçkidə fəallıqla bağlı çağırış edənləri gözdən saldırmağa çalışmaqla özünün “əsl müxalifət” olması görüntüsünü yaratmaq istəyir. Adama deməzlərmi ki, əgər sən doğrudan da ən güclü və əsl müxalifətsənsə, istənilən şərtlər altında seçkiyə qatılmalı, qalib gəlməli və arxandakı gücün hesabına o qələbəni rəsmiləşdirməyi bacarmalısan?! Əli Kərimli bu gücün sahibi deyil. Olmadığı üçün də indidən “boykot” havaları çalmağa, öz ətrafındakı üç-beş adamı da bu havalara oynatmağa başlayıb.

Bu adamın və başının dəstəsinin nəyi necə etməsi, əslində, o qədər də önəmli deyil. Sadəcə bizi narahat edən odur ki, bu və trolları normal müzakirə və mübahisələrə həmişə küçə səviyyəsində reaksiya verməklə insanların ürəyini bulandırır. Bizsə istərdik ki, hər bir siyasi qüvvə siyasi yarışmada intellekti və arqumentlərilə seçilsin, önə çıxsın. Görünür, bunlarda intellektdən əsər-əlamət yoxdur ki, üstünlüyü söyüşə verirlər…

Azər Həsrət